“Polislər başlarını tutub ağlayırdılar, balaları meyitini sığallayırmış”
16-11-2016, 12:41 694"Biri var əzizini maşın vura, elektrik çarpa, nə bilim, xəstəlik tapıb ölə, ağlayasan-ağlayasan, daha sonra sakitləşəsən. Biri də var balanı işgəncə ilə öldürələr. Onda adam yaşaya bilmir, nəfəsi kəsilir”. Bu sözləri sentyabrın 30-da həyat yoldaşı Xəyal Verdiyev tərəfindən öldürülən Səbinə Verdiyevanın atası Məzahir Cabbarov deyir.Shafaqadogru.com xəbər verir ki, Meydan TV-nin əməkdaşları Qəbələnin Kürd kəndində yaşayan Cabbarovların evində olub, öldürülən gəlinin ailəsi, qohumları ilə danışıb... Uşaqların ikisi də qız olduğu üçün əziyyət etməyə başladılar Atası deyir ki, qızı 7 il əvvəl Xəyal Verdiyevlə ailə qurub: "Qayınanası bibimin qızıdır. İlk dəfə qızı istəyəndə razılaşmamışdım. Dedim, bu söhbəti etməyək. Bibimin yenicə rəhmətə getdiyi ərəfə idi. Hamımız həssas idik. Bibim qızı gəldi, dil tökdü. Mən də fikirləşdim ki, bir qız bir oğlanındır, bu ailə də özümüzünkülərdir. Məsləhətləşdik, razılaşdıq. Toy eləyib apardılar”. Atası ailə qurandan sonra Səbinənin təxminən bir il normal münasibətdə yaşadığını söyləyir. Ən azından səslərini eşitmədiklərini deyir: "Daha sonra başladılar, nə başladılar. İlk uşaq doğulandan sonra qızımla çox pis rəftar edirdilər. Sonra ikinci uşaq da oldu. Uşaqların ikisi də qız olduğu üçün Səbinəyə əziyyət etməyə başladılar. Elə həmin vaxtlar soyuqda, qarda o qədər mala, heyvana baxmışdı ki, brüssülyoz xəstəliyi tapmışdı. Aylarla 41 dərəcə qızdırmada yatıb, bir dəfə də həkimə aparıblar, amma bizə deməyiblər. Sonradan həkimə apardıqlarını da başımıza vurdular ki, gəlinə xərc çəkməkdən müflis olmuşuq. Axırda da gətirib qapımıza atdılar, dedilər: "Bizə xəstə qız vermisiz”. Bir neçə ay saxladıq, müalicə etdirdik. Həkim xəstəliyin mənbəyinin mal-heyvan olduğunu dedi. Yazıq uşaq 2 aydan sonra özünə gəldi. Bir müddət sonra da xəstəliyi keçirə-keçirə onlara oğlan doğdu”. Ölsəm də, 3 balamdan, ailəmdən ötrü öləcəm, pis olmayın Səbinənin anası Sevda Cabbarova deyir ki, üçüncü uşaqdan sonra vəziyyət daha da ağırlaşıb. Səbinənin qara günləri başlayıb: "Fevralın soyuğunda döyüb, atmışdılar qapımızın ağzına. Nə ağız, nə burun, nə çənə qalmışdı. Qanın içində idi. Təcili yardım çağırıb apardıq xəstəxanaya. Həkimlər qanı güclə kəsdilər. Polis soruşdu ki, qızım, sənə nə olub. Səbinə cavab verdi ki, yıxılıb. Bu sözü deyəndə mən dəli oldum. Ağzımızı açmağa imkan vermədi. Dedi: "Mənim 3 balam var. Onları neyləyim?”. Dedim, qızım, bunlar səni öldürəcəklər. "Ölsəm də,3 balamdan, ailəmdən ötrü öləcəm, pis olmayın” - dedi”. Sözümə baxmadı, evimizdə qalmadı Məzahir Cabbarov deyir ki, sonuncu dəfə qızını 2015-ci ilin iyununda döyüb, ata evinə göndəriblər: "Bədəni, üzü gömgöy idi. Dedi: "Qayınanam məni bir günə qoyub ki, balalarımı götürüb birtəhər qaçmışam”. "102"-yə zəng etdim. Gəldilər, yazıb-pozdular, ailəyə xəbərdarlıq etməyə gedirdilər ki, qızım qabaqlarını kəsdi, yalvardı ki, etməsinlər. "Ata, sonra mənə deyəcəklər ki, bizi polisə verdin, tutdurdun. Günüm daha da qara olacaq. Mən uşaqlarımı atalarından ayıra bilmərəm”- dedi. Sözümə baxmadı, evimizdə qalmadı, uşaqlarını götürüb getdi”. Sevda Cabbarova deyir ki, Səbinə öləndə hamilə imiş: "Aborta pul verməyin dərdindən öldürüblər qızımı. Kiçik uşağı 1 yaş yarımlıqdır. Dedi, bu uşağı heç cür saxlaya bilmərəm. Digəri də körpə, o birilərin dərsi, ehtiyacı, ailə də yola vermir. Aborta məcbur idi. Üstəlik, xəstəlikdən yeni durub. Zəng elədim ki, qızım, atan bir yerdən tapıb versin, get aborta. Dedi: "Yox. Həmişə siz müalicə etdirmisiz, mənə görə nə qədər xərcə düşmüsüz. Amma abortdan ötrü dünya dağıla atamdan pul almaram. Özləri verməlidilər”. Yəqin şənbə axşamı Səbinə deyib ki, bir heyvan verin, sataq, aborta gedim. Görünür onlar razılaşmayıb, aralarında dava düşüb. Axırı da ölümlə nəticələnib”. Hamilə olduğunu gizlədirlər ki, ağır cinayət hesab edilməsin Səbinə oktyabrın 30-da gecə saatlarında öldürülüb. Anası deyir ki, hadisəni səhər saat 9-da qonşudan eşidib: "Halımı təsəvvür edin. Ayaqyalın, qaça-qaça getdim. Gördüm polislər hər yeri əhatəyə alıblar. Soruşdum balam hardadırsa gəlsin. Xəstəxanada olduğunu dedilər. Sevindim ki, sağ-salamatdı. Daha nə biləydim morqda olduğunu? Səbinəni necə öldürdüklərini, nə vaxt elədiklərini demirlər, gizlədirlər. Planlı işdi. Hamilə olduğunu gizlədirlər ki, ağır cinayət hesab edilməsin. Halbuki, öldürülmə səbəbi hamiləlik olub”. Vəkil tuta bilmirik, pulumuz yoxdur Sevda Cabbarova deyir ki, indiyə qədər Səbinə bilməyib qayınana-qayınata sözü götürsün, əri ilə dolansın, yoxsa uşaqlara baxsın: "Ona görə də 4-cü uşağı istəmirdi. 3 uşaqla kifayətlənmişdi". Ailə nəvələrinin o evdə qalmasına da razı deyil. Deyirlər, o evdə cinayət törədilib, qanlıdır. Uşaqların həmin evdə psixologiyaları korlanacaq: "Özü də onların başqa otağı yox idi. Elə bir otaqda qalırdılar. Deməli, anaları gözlərinin qabağında öldürülüb. Nəvələrimizi o evdən çıxarmaq istəyirik. Amma vəkil tuta bilmirik, pulumuz yoxdur. Qarşı tərəfin isə imkanı yaxşıdır. Qonşular deyirlər ki, Nic bazarına sürüynən qoyun çıxarıblar. Deməli, nəsə niyyətləri var. Onlar uşaqları bizə verməmək üçün hər şey edərlər. Biz isə balamızın yadigarlarını o evdə, qatillərin içində qoymaq istəmirik”. Yan otaqda adam öldürürlər, sənin xəbərin olmur? Ailəsi Səbinənin ölümündə qayınana və qayınatasının da əlinin olduğunu düşünür: "Necə olur ki, yan otaqda adam öldürürlər, sənin xəbərin olmur? Bu, inandırıcı deyil və əlbir olduqlarını göstərir. Özü də qonşulardan qulağımıza çatıb ki, həmin gecə Səbinə ayaqyalın kəndin mərkəzinə qaçıb. Tutub geri gətiriblər. Sadəcə ölüm hadisəsidir, polisə düşməmək üçün kimsə şahidlik etmək istəmir. Əməlli-başlı əlbəyaxa döyüşüblər. Ancaq evdəkilərin xəbəri olmayıb?” Əli, qolu, üzü, ayaqları və bir də boynunun arxası kəsilib Mətbuatda yayılan xəbərlərdə deyilirdi ki, Səbinə Verdiyeva boğularaq öldürülüb. Ailəsi isə bunun yalan olduğunu deyir. "Əvvəlcə dedilər, qızı boğub öldürüblər. Meyiti yuyan qohum-əqrəba isə deyir ki, qızın hər yeri kəsik-kəsik idi. Əli, qolu, üzü, ayaqları və bir də boynunun arxası. Deməli, əlində bıçaq olan adamla döyüşüb əməllicə. Bir neçə yeri kəsilib və sonda öldürmək üçün boynunun dalını kəsiblər” – deyir, Sevda Cabbarova. Bizim tək istəyimiz ədalətin bərpa olmasıdır Məzahir Cabbarov deyir ki, onların vicdan, qeyrət damarları quruyub. Bu uşaqlar onların yanında anaların istəsələr, görən bir balaca özlərinə gələrlərmi? "Təsəvvür edin, bizim əlimiz heç bir işə yatmır, özümüzü itirmişik. Balamız gedib. Belə götürəndə onların da balası gedib də. Ölməyib, amma həbs edilib. Dünən rayondan gələndə onların torpağının yanından keçdim. Görürəm, kişi mahnı oxuya-oxuya taxıl səpir. Heç vecinə də deyil. Görün, bu adam hadisəyə nə qədər biganədir”. Səbinənin ailəsinin bundan sonra tək istəyi var, qızlarını itiriblər, heç olmasa haqq yerini tapsın: "Hal-hazırda ona qaldırılan iş çox yüngüldür. 9 ildən 12 ilə kimi həbs düşür. 40 yaşında həbsdən çıxıb başqasının balasını da bədbəxt edəcək. Hamilə qadını 3 balasının gözünün önündə öldürməyin cəsazı 12 il olmamalıdır. Mənim balam öldü, indi bizim tək istəyimiz ədalətin bərpa olmasıdır”. Gedəndə dedi ki, hamınızı gördüm, bircə İlqar qaldı "Biz balamızı o evdən ayıra bilmədik. Bizdə qalanda uşaqlarını vermirdilər. O da həsrətə dözmədi, gecə-gündüz uşaqlarını sayaqlayırdı. Axırda da qaçırdı. Biz valideyn olaraq dəfələrlə dedik ki, ayrıl. Hətta onları polisə də verdik, məhkəməlik olduq. Ancaq qızımızı evdə oturda bilmədik. Ölümündən 3 gün əvvəl də gəlmişdi. Gedəndə dedi ki, hamınızı gördüm, bircə İlqar qaldı. İlqar kiçik qardaşıdı. Bakıda işləyirdi. Elə o sözü də bizi məhv edir. Elə bil ürəyinə dammışdı” – deyir, Sevda Cabbarova. Testdə qızın hamilə olduğu çıxmasa, düşünəcəm ki, Allah bizdən xəbərsizdir Səbinənin əmisi Sərdar Cabbarov isə deyir ki, iş ağır cinayətə yönəlməsin deyə hamiləlik faktını gizlədirlər: "İndi analizlər Bakıya gedib. Cavab gəlsə ki, qız hamilə deyildi, düşünəcəm, Allahın bizdən xəbəri yoxdur. Bu, tam ədalətsizlik olacaq". Məzahir Cabbarov qızının ölümünü eşitdiyi günü xatırlayır, özünü saxlaya bilməyib hönkürür. Deyir, həmin günü səhər kəndə çıxıbmış. Qardaşının nəvəsi dalınca gəlib ki, baba, evə get: "Səbəbini soruşdum, demədi. Yolda da hamı mənə qəribə-qəribə baxır. Əlim-ayağım əsdi. Az qaldım yıxılam. Evə çatanda gördüm ki, vay-şüvəndi. Oğlum özünü götürüb yerə çırpır. Bu, bilirsiniz necə hissdir? Dəli oldum eşidəndə. Əlimdən də heç nə gəlmədi. İndi bilirsiz nəvələrimin o evdə qalmasına niyə razı deyiləm? Bəlkə də mən kasıbam, şəraitim yoxdu, uşaqlara baxacaq imkanım yoxdu. Bəlkə də dövlət bunlara görə uşaqları mənə verməz. Amma orda qalmalarını istəmirəm, onlardan da alsınlar. Mən rahat yata bilmirəm”. Deyirdi, evdə məni dindirmirlər Gəlinləri Liza Cabbarova Səbinənin anası və atası ilə bölüşmədiklərini onunla bölüşdüyünü deyir: "Atası-anası pis olmasın deyə tapşırırdı ki, danışdıqlarını heç kimə deməyim. Deyirdi, evdə məni dindirmirlər. Ata-anamın bizə gəlməsinə qarşıdılar. Söz soruşanda da cavab vermirlər. Baldızı ilə arası yaxşı idi. Gələndə onunla söhbət edir deyə, onu da evə qoymurdular”. Səbinə öldürülən gündən öncəki gün ortancıl qızının ad günü imiş. 4 yaşı olurmuş. Liza deyir ki, axırıncı dəfə də adam göndərmişdi ki, uşaqları ad gününə göndərim: "Razı olmadım ki, sonradan problem yaşamasın. Zəng elədi, yalvardı ki, mənim qapımı onsuz da heç kim açmır, barı qardaşımın balaları gəlsin. Mən də uşaqları geyindirib göndərdim. Ondan bir gün sonra da bu hadisə baş verdi”. Elə bil milçəkdi, öldürüb atıblar Mətanət Cabbarova Səbinənin əmisi arvadıdır. Deyir, ailəsindən əvvəl hadisəni onlar eşidib: "Eşitdik ki, morqa aparıblar. Getdik, buraxmadılar. Heç kim yoxdu, ancaq polislər idi. Polisin hərəsi bir yanda başını tutub ağlayırdı. Onlar gələndə Səbinənin meyiti evin ortasında, üzü açıq imiş. Balaları saçını, ayaqlarını sığallayırmış. Elə bil milçəkdi, öldürüb atıblar. Biz dözə bilmirik. O qədər sakit, ağıllı uşağa, bu, rəva deyildi. Söz soruşurdun, cavab verməyə də utanırdı, boynunu bükürdü. Elə balanı öldürərlər?” Günahkaram, balamı saxlaya bilmədim "Bala itirmək ağır dərddir. Balanın öldürülməsi ondan da betərdir. Belə yaşaya bilmirəm”, - Məzahir Cabbarovun sözləridir. Ata bildirir ki, bu hadisədən sonra əli işə də yatmır. Səhərə kimi həyətdə dolaşır: "Bəzi adamlar günahı bizdə görür bəlkə. Günahkaram, balamı saxlaya bilmədim, o, özünü uşaqlarına fəda etdi. Biləm ki, balam geri gələcək, öz canımı qurban verərəm. Təəssüf, Səbinə heç vaxt mənim sözümə qulaq asmadı. Mən gətirdim, o getdi. Mən məhkəməyə, polisə verdim, o bağışladı. Çox təəssüf, əlimdən heç nə gəlmədi...”. Xəyal o qədər də gücsüz oğlan deyil... Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ Prokurorluğu tərəfindən araşdırma aparılır. Verdiyevlər ailəsi isə baş verənlər haqqında danışmaqdan imtina etdi. Yalnız təqsirləndirilən şəxsin əmisi Ələm Verdiyev hadisədən sonra "Space" vasitəsilə ittihamlara belə cavab verib: "Xəyal o qədər zəif, gücsüz oğul deyil ki, gəlini öldürməyə gücü çatmaya, ana və atasından kömək istəyə. Təkbaşına öldürüb, cəzasını da çəkəcək".