Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.
Shafaqadogru.com xəbər verir ki, prezidentlə qonaqlar arasında maraqlı dialoqlar yaşanıb.
Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, İsveçin "TT” agentliyinin baş icraçı direktoru Yonas Olof Erikson ölkə başçısına övladları ilə bağlı sual ünvanlayıb:
- Cənab Prezident, siz uşaqlarınızın siyasətlə məşğul olacaqlarını, sizin və atanızın davamçısı olacaqlarını gözləyirsinizmi?
İ.Əliyev cavabında bunları deyib:
"Bu, onların istək və planlarından asılıdır. Düşünürəm ki, hələ onlar öz fəaliyyətindən razıdırlar. Onlar mədəni və sosial məsələlərdə çox fəaldırlar. Yeri gəlmişkən, onların ikisi, həmçinin media ilə də bağlıdır. Mənim böyük qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən "Baku” jurnalının baş redaktorudur. Jurnal iki dildə - ingilis və rus dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz. Mənim ikinci qızım da jurnalistika ilə bağlı məsələlərlə məşğuldur. O, jurnalist təhsili almışdır. Azərbaycanın zəngin tarixə malik olan müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər üzərində çalışır və digər tədbirlərdə iştirak edir. Mənim oğlum tələbədir. Onun gələcək seçimi özündən asılıdır. Oğlum Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq".