May ayından etibarən Azərbaycana bu vaxta görünməmiş sayda ərəb turistlər gələcək. Bu il gördüyümüz onun yanında heç nə olacaq. Qısası, yaxşı mənada Azərbaycanda ərəb turistlərin əlindən tərpənmək olmayacaq.
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (ATA) İdarə heyətinin sədri Nahid Bağırov deyib.
ATA-nın sədri qeyd edib ki, artıq onillərdir ki, ölkədə turimzin inkişafı sahəsində böyük işlər görülür və artıq bəhrəsi də göz qabağındadır. Bu ildən aktivləşən ərəb bazarı isə Azərbaycan üçün yeni olub: "Qısa müddət keçməsinə baxmayaraq, artıq Azərbaycan ərəb ölkələrində böyük maraq doğurur. Ərəblər ölkəmizi çox sevirlər. Artıq yanvar ayının sonlarından etibarən Küveytdən Bakıya hava xətti açılacaq, birbaşa uçuşlar olacaq. Eyni zamanda, yanvar ayından etibarən BƏƏ-nin Şərca (Şarja) şəhərindən də Bakıya uçuşlar təşkil ediləcək. Bundan əlavə də bəzi planlar var. Ona görə də fikrimcə, Azərbaycan bu il, xüsusən də yay mövsümündə turizm sektorunda ərəb bazarı istiqamətində çox işlər görəcək".
Bundan əlavə, Rusiyadan da turistlərin cəlb edilməsi istiqamətində tədbirlər görülür: "Mədəniyyət və Turizm Nazirliyinin Moskada yeni açılan nümayəndəliyi yaxşı piar kampaniyalar aparır. Ona görə də Rusiyadan da Azərbaycana gələn turistlərin sayı artıb. Artıq Rusiyadan xüsusən də Qusardakı "Şahdağ" yay-qış turizm kompleksinə gələnlər çoxalıb, bu il də Yeni il bayramı ərəfəsi üçün sifarişlər var. Bundan əlavə, Qəbələyə, xüsusən də təbii müalicə məqsədilə gələn rusların da sayı artıb. Vaxtilə eyni məqsədlə İtaliyaya, İspaniyaya gedən Azərbaycan vətəndaşları da artıq Qəbələyə üz tuturlar".
Onun sözlərinə görə, hazırda İranın turizm bazarında da fəallaşma hiss olunur və inkişaf edir: "Novruz bayramında təkcə İrandan Azərbaycana ən azı 25 min turistin gəlməsi gözlənilir. Hələ bu vaxta kimi belə bir şey olmayıb. Ona görə də düşünürəm ki, xüsusən Novruz bayramından etibarən Azərbaycana gələn iranlıların da, ərəblərin də, rusların da sayı daha çox olacaq. Əksinə, Azərbaycandan kənara, başqa ölkələrə gedən turistlərin sayı azalacaq. Artıq bu tendensiya müşahidə olunur. Bunun obyektiv səbəblərindən biri dolların məzənnəsinin qalxmasıdır. Onların əksəriyyəti, daha çox daxili turizmə meyl edəcəklər. Amma əsas məsələ odur ki, bunu görən şirkətlər, turizm obyektləri qiymətləri süni şəkildə qaldırmasınlar. Amma təəssüf ki, artıq belə faktlar var..."
N.Bağırov bəzilərinin iranlıların və ərəblərin ölkəmizə gəlişinə ağız büzməsinə də münasibət bildirib: "Deyirlər, biz ərəbləri nə edirik? Amma ərəblər dünyada 1 nömrəli və faydalı turistlər hesab edilirlər. Ən çox pul xərcləyən turistlər də məhz ərəblərdir. Bilirsizmi ki, onlar bu il ölkəmizdə olarkən nə qədər otellərimizə, restoranlarımıza, mağazalarımıza, taksi sürücülərinə xeyir veriblər? İndi onlar gəlib bizə deyirlər ki, biz bu istiqamətdə işləmək, daha çox ərəb cəlb etmək istəyirik.
Təbii ki, yapon, avropalı, amerikalı turistlər də yaxşıdır, amma ərəb turisti hamısından yaxşıdır. Çünki digər turistlər yalnız Bakıda bir az qalıb çıxıb gedirlər, amma ərəblər Azərbaycanın bölgələrinə də gedirlər. Bu zaman regionlarımız, yerli insanlarımız da bundan faydalanır. Həm də camaatın gözü getdikcə turistə öyrəşir. Bu isə çox vacibdir. Ona görə də bu bazarı əldən vermək olmaz.
İran və ərəb turistlərinə ağız büzərək "Bu nədir e, tökülüşüblər bura?" deyənlərin ya düşüncəsi yoxdur, ya da onlar Azərbaycanı sevməyən, turizmin inkişafını istəməyən şəxslərdir. Ölkəyə turist gəlir, burda pul xərcləyir, bundan sənin vətəndaşın, xalqın, dövlətin xeyir götürür. Bunun nəyindən narazı olmalıyıq?! Restorandakı ofisiantlar, taksi sürücüləri qarşısına məqsəd qoyub ingilis dilini öyrənirlər, çünki bununla onlar gələn turistlərdən qazanc əldə edirlər. Düzdür, gələn turistlərin içində nadürüstləri, əxlaqsızları, mədəniyyətsizləri də var. Meşə çaqqalsız olmaz. Amma belələri elə bizimkilərin də içində var. Məgər bizdən xaricə gedənlərin içində belələri azdır?!"