Yanvardan Azərbaycan manatının tam üzən məzənnə siyasətinə keçməsi istər-istəməz bir sıra ərzaq məhsullarının bahalaşmasına səbəb olacaq.
İstipress.com-un məlumatına görə, bunu ölkənin xarici ticarət dövriyyəsində qeyri-neft məhsulları üzrə müşahidə olunan mənfi saldoya əsaslanaraq ehtimal etmək mümkündür. Neft məhsullarının ixracından gələn gəlirlər ayrıca olaraq Dövlət Neft Fondunda (ARDNF) toplandığından, bu pulların məzənnəyə təsir yalnız ARDNF-in dövlət büdcəsinə transfertləri şəklində baş verir.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkəyə 6,9 milyard dollarlıq qeyri-neft məhsulu idxal edilib. Ölkədən isə cəmi 989 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Yəni ortada 5 milyard dollarlıq fərq var və Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək 6,1 milyard manat, yəni indiki məzənnə ilə 3,5 milyard dollar emissiya bu fərqi tam qapaya bilməyəcək. Belə olan şəraitdə həm qeyri-neft idxalının azalması, həm manatın müəyyən qədər devalvasiyası qaçılmaz olacaq. Bu isə öz növbəsində bir çox ərzaq mallarının, xüsusilə də idxal ərzaq mallarının bahalaşmasına səbəb olacaq.