Şəfəqə Doğru » Manşet » Büdcəni doldurmaq üçün pinəçiyə də vergi qoyulub, dilənçiyə də…

Büdcəni doldurmaq üçün pinəçiyə də vergi qoyulub, dilənçiyə də…

Büdcəni doldurmaq üçün pinəçiyə də vergi qoyulub, dilənçiyə də…
Sosial problemlərin artdığı bir zamanda hökumət nümayəndələrinin "hər şey yaxşıdır, iqtisadiyyatımızda 5 -7 faiz inkişaf var" deməsi, vətəndaşı təhqir etməkdir. Hər şey yaxşıdırsa, büdcəni doldurmaq üçün hər şeyə nədən vergi qoyulur? 
Dogrudan da hər şey yaxşıdırsa, az maaşla işləyən dövlət qulluqçularının, müəllimlərin, həkimlərin maaşları 30-50 faiz artmalı deyilmi? Ölkədə həm də "hər şey” durmadan bahalaşır. Aşağı-yuxarı 60 faiz bahalaşma var. Hökumət isə vətəndaşların sosial vəziyyətinin yaxşılaşması istiqamətində addım atmaq əvəzinə elektirik enerjisinin, qazın qiymətini artırdı. Bu isə vəziyyəti bir az da ağırlaşdırdı. Sosial problemlerini həll edə bilməyən, problemlərin məngənəsində sıxılan insanların etirazı, narazılığı artan xəttlə davam edir.Bu narazılıq gələcəkdə ölkə üçün yaxşı heç nə vəd etmir. Küçəyə çıxaraq problemini həll etmək üçün etiraz etmək istəyənlər sayı çoxalır. Bunun bariz nümunəsi kimi dekabrın 22-də Cəbrayıl rayon məcburi köçkünlərinin Biləsuvar rayonunda məskunlaşdığı qəsəbələrdə keçirilən etiraz aksiyalarını göstərmək olar. Məcburi köçkünlər sosial problemlərdən dolayı dinc etiraz aksiyası keçirdilər.Əraziyə polis qüvvələri cəlb olundu. Vətəndaşlarla polis arasında hətta qarşıdurma baş verdi, xəsarət alanlar, həbs edilənlər oldu.
Hələ ki, gec deyil hakimiyyət bu cür hadisələrin baş verməməsi üçün ciddi tədbirlər görməlidir.
Neftdən gələn pullar harada depolandığı, hara yatırıldığı, haraya xərcləndiyi bilinmir. Hesablamalara görə, bu illər ərzində 140 milyard dollar gəlirimiz olub. Bəli, məhz gəlirimiz. Bizim – bu ölkədə yaşayan hər kəsin gəliri. Böyük dövlətlər üçün bəlkə böyük məbləğ sayılmaz, o da mübahisəlidir, ancaq bu ölkəyə yetəcək qədər böyük məbləğdir. Vətəndaş haqlı olaraq sual edir, hanı pullar ? Cavab yoxdur. Sükutdur. Onlar sükut edirlərsə, bizdən böyük və kiçik dövlətlərin büdcələrinin statistikasını gözdən keçirək. 
Niderland - əhalisi 17 milyon nəfər, büdcəsi 336 milyard dollar
Belçika - əhalisi 11 milyon nəfər, büdcəsi 226 milyard dollar Lüksemburq-əhalisi 525 min nəfər, büdcəsi 22 milyard dollar Azərbaycana neftdən gələn gəlirləri saga-sola dağıtmasaydıq, sərfəli istifadə edə bilsəydik, qeyri-neft sektorunun inkişafına yönəltsəidik indi bizim Belçikanın büdcəsinə bərabər, ya da nisbətən az büdcəmiz olmalı idi. Və ölkə bu cür acınacaqlı duruma düşməzdi.
Dəyərli Hökumət nümyəndələri, bizim büdcəmiz nə qədərdi? Azərbaycanın 2017 - ci ilin büdcəsini bu dövlətlərin büdcəsi ilə müqaisə etmək vəziyyətin nə yerdə, inkişafımızın hansı səviyyədə olduğunu göstərir. Niyə belə oldu? Axı, belə olacağı gözlənilən idi. 
Ümid Partiyasının sədri İqbal Ağazadə hələ illər öncə parlament tribunasından hökumətin verdiyi hesabata münasibət bildirərkən sizləri neftdən gələn gəlir hesbaına başgicəlləmmədən ayılmağa çağırmırdımi? Xəbərdarlıq etmirdimi ki, " Neftin qiyməti iqtisadi yox, siyasi qərardır. Neft günün birində ucuzlaşacaq, bəs o zaman nə edəcəksiniz? Belə davam edə bilməz, bu dövləti batırmayın! Qeyri-neft sektorunu inkişaf etdirin”. O zaman bir çox məmurlar, deputatlar açıq şəkildə kinayə ilə gülürdülər. Düşünürdülər ki, görəsən bu nə danışır, hara batırıq?
Artıq zaman kimin haqlı olduğunu göstərir... Görünən odur ki, büdcəni doldurmaq üçün pinəçiyə də vergi qoyulub, dilənçiyə də. Hakimiyyətin analoqu olmayan uğuru bu imiş demək...
Keçmiş olsun!

Mübariz MAXSUDOV
Ümid Partiyası sədrinin müavini