"Aqrar sektor Azərbaycan üçün müqayisəli üstünlüyə malik olan sahədir. ”
Bunu aznews.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında kənd təsərrüfatı sahələrinin şaxələndirilməsi ilə bağlı fikirlərini şərh edərkən bildirib.
Vüqar Bayramovun sözlərinə görə, kənd təsərrüfatının Azərbaycan üçün böyük özəlliyi var: "Kənd təsərrüfatının ixrac obyekti yüksəkdir. Qeyri-neft sektorunda ixrac məhsullarının təxminən 70%-i kənd təsərrüfatı məhsullarıdır. Bu baxımdan qeyri-neft ixracatının artırılmasında kənd təsərrüfatı sahələrinin üstünlüyü böyükdür. Qısamüddətli dövrdə kənd təsərrfatının ixrac imkanlarının artırılması daha məqbuldur. İxrac potensialı ilə yanaşı, kənd təsərrüfatı məhsulu baxımından vacibdir. Çünki aqrar sektorla məşğul olan əhalinin 37%-i çalışır. Bu kifayət qədər böyük rəqəmdir.”
Vüqar Bayramov qeyd edib ki, bu gün təxminən hər 3 nəfərdən biri kənd təsərrüfatında çalışır: "Bu, məşğulluğun təmin edilməsində kifayət qədər vacib faktdır. Eləcə də də, aqrar sahə kənd təsərrüfatının inkişafı baxımından vacibdir. Düşünürəm ki, kənd təsərrüfatının inkişaf etdirilməsinin dəstəklənməsinə ehtiyac var. Bunun üçün də aqrar sektorun inkişafı xüsusi "prioritet" kimi qəbul edilir və növbəti illərdə də "prioritet" olaraq qalmaqdadır. Digər tərəfdən, kənd təsərrüfatı ixracının artırılması və ərzaq təhlükəsizliyi üçün vacibdir.”
Vüqar Bayramov istifadəsiz torpaqların yenidən istifadəyə qaytarılması və səmərəli inkişafının vacibliyini vurğulayıb: "İstifadəsiz və qeyri-qanuni zəbt edilmiş torpaqlarla bağlı xüsusi qaydalar., daha yüksək vergilərin tətbiq edilməsi həyata keçirilir. Amma buna baxmayaraq bizim monitorinqlər göstərir ki, hələ də istifadəsiz torpaqlar var. Onların kənd təsərrüfat torpaqlarının fonduna qaytarılmasına ehtiyac var. Təəssüf ki, fərqli insanlar, yəni müəyyən məmurlar və iş adamları tərəfindən əkin üçün yararlı kənd təsərrüfatı torpaqlarının alınması onların istifadəsiz qalması faktları da mövcuddur. Fermer təsərrüfatlarının torpaq fonduna qaytarılması ehtiyac var. Bu gün kənd təsərrüfat sahələrinin əsas problemlərindən biri torpaq sahələrinin azlığıdır.”
Ekspertin fikirincə, kənd təsərrüfatı sahələrini inkişaf etdirmək üçün kəndliləri torpaqla təmin etmək lazımdır: "Eyni zamanda həmin torpaqda məhsul yetişdirmək üçün imkanlar yaratmaq, xüsusən də, maliyyə yardımı ayrılmasına ehtiyac var. Eləcə də, fermerlərin kredit imkanları genişlənməlidir. Bu gün fermerlərə kreditlərin verilməsində kifayət qədər çətinliklər yaranıb. Bunların aradan qaldırılması vacibdir.”