Bakı sakini Ruslan İbrahimov "Leyla Şıxlinskaya” klinikasında övladlarının səhhətinə biganə yanaşıldığı üçün mediaya müraciət edib.
"Qafqazinfo” xəbər verir ki, şikayətçi yanvarın 7-də oğlu Murad və qızı Ayanı hərarətləri yüksəkldiyinə görə, klinikaya aparıb. Ancaq ata iddia edir ki, məhz həkimlərin səhlənkarlığı ucbatından uşaqların vəziyyəti daha da pisləşib:
"Uşaqları anaları ilə birlikdə həmin klinikaya yerləşdirdim. Səhəri gün getdiyimdə öyrəndim ki, uşaqlara nəinki həkim nəzarəti olub, heç səhər yeməkləri də verilməyib. Daha sonra iki dəfə həyat yoldaşıma səhv dərman resepti yazıblar, USM yoxlaması təyinata uyğun yoxlanılmayıb. Yanvarın 9-da isə axşam vaxtı oğlum Murad yüksək qızdırmadan huşunu itirib şok vəziyyətinə düşüb. Ancaq ona baxmağa sanitar xidmətçisidən başqa həkim olmayıb”.
Baş verən hadisələrdən sonra R. İbrahimov xəstəxananı dəyişmək qərarına gəlib. Köçürülən xəstəxanadan uşaqların analiz cavabları istənsə də, "Leyla Şıxlinskaya”da analiz cavabları tapılmayıb. Məlum olub ki, uşaqların müalicəsi düzgün aparılmayıb və onlara sistemdən başqa heç bir dərman verilməyib”.
Valideyn biganəliyin əsas səbəbini həmin günlərdə Leyla Şixlinskayanın nəvəsinin də orada xəstə yatması və bütün həkim personalının diqqətinin onun üzərində olmasında görür.
"Qafqazinfo”nun əməkdaşları məsələylə bağlı Leyla Şıxlinskaya klinikası ilə əlaqə saxlayıb. Klinikanın marketinq şöbəsinin rəhbəri Günel Əhmədova onlara qarşı böhtan atıldığını və rəhbərlik tərəfindən məhkəməyə müraciət edəcəklərini bildirib:
"Yazıda Leyla xanımın nəvəsinin xəstəxanada olduğu bildirilib. Belə bir hal olmayıb, bunların hamısı yalandır. Həmin şəxsin uşaqları həqiqətən də xəstəxanamızda olub və 1 gün qaldıqdan sonra çıxarılıb. Ancaq digər deyilən fikirlər böhtandır və rəhbərlik tərəfindən məhkəməyə müraciət olunacaq”.