Azərbaycanda çörəyin qiyməti də bahalaşdı
30-01-2017, 11:52
756
Azərbaycanda unun topdansatış qiyməti artırılıb.
Bakıdakı çörək sexlərindən BakiPost.az-a daxil olan məlumata görə, 50 kq-lıq un kisəsinin qiyməti 24 manatdan 26 manat 15 qəpiyə qaldırılıb.
Məlumata görə, qiymət hər gün müəyyən qədər artırılır və bunun davam edəcəyi bildirilir. Bu isə unun pərakəndə satış qiymətinin tez bir zamanda bahalaşacağını göstərir. Belə olan halda çörəyin qiymətinin də artırılması istisna deyil.
İqtisadiyyat Nazirliyi isə qiymət artımı barədə yayılan xəbəri təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev BakiPost.az-a açıqlamasında, unun qiymətində hər hansı bahalaşmanın qeydə alınmadığını bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycanın ərzaq buğdasına illik tələbatı 3 milyon tondur, bir o qədər də yerli istehsal var. Ancaq yerli taxıl aşağı keyfiyyətli olduğundan Azərbaycan ildə 1,5 milyon ton taxıl idxal edir. Azərbaycana taxıl əsasən Qazaxıstan və Rusiyadan idxal olunur. Manatın məzənnəsinin ucuzlaşması çörəyin qiymətinin artmasını qaçılmaz edir. İqtisadiyyat Nazirliyinin təkzibinə baxmayaraq, yaxınlarda çörəyin qiymətində artım gözlənilir. Daha doğrusu, qiymət artımı artıq var. Sadəcə, çörəyin çəkisini azaltmaqla qiyməti sabit saxlamağa çalışırlar.