Şəfəqə Doğru » Manşet » “ZEYNƏB XANLAROVANIN ERMƏNİSTAN XÜSUSİ-XİDMƏT ORQANLARI İLƏ ƏLAQƏSİ VAR…” – AKİF NAĞI

“ZEYNƏB XANLAROVANIN ERMƏNİSTAN XÜSUSİ-XİDMƏT ORQANLARI İLƏ ƏLAQƏSİ VAR…” – AKİF NAĞI

“ZEYNƏB XANLAROVANIN ERMƏNİSTAN XÜSUSİ-XİDMƏT ORQANLARI İLƏ ƏLAQƏSİ VAR…” – AKİF NAĞI

Xəbər verildiyi kimi, SSRİ, Ermənistan SSR və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.

Bununla bağlı Yeniçağ.az-a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Z. Xanlarovanı sözügedən addımına görə kəskin tənqid etdi:

"Zeynəb Xanlarova ölkənin tanınmış müğənnilərindən biridir, xeyli də yaşı var. Ona görə də onun sözügedən "Sülh Platformasına” qoşulmasını çox da qabartmadıq. Amma bu addımını mənfi qarşıladıq. Azərbaycanın tanınmış bir şəxsi olduğuna görə dedik, məsələni hələlik qabartmayaq, bəlkə səhvini başa düşər. Lakin bütövlükdə hesab edirik ki, yanlış və ona yaraşmayan bir hərəkət edib. Ümumiyyətlə, Zeynəb Xanlarova həmişə konyuktur mövqedən çıxış edib. Sovet imperiyası dönəmində də şəraitə uyğunlaşmağına görə ad-san qazanırdı. Sənətinə heç bir etirazımız yoxdur. Amma həmişə kimlərisə məhv etməklə mövqe tutmağa çalışıb. O dövrdə də Ermənistanla xüsusi əlaqələri var idi, bunun da nəticəsində, oranın "Xalq artisti” adını aldı. Orada da populyar idi. Ayaz Mütəllibovun dövründə ona yaxın adam kimi ortada olub, onun seçkilərinə ciddi dəstək verirdi. Heydər Əliyevin zamanında ona da çıxış yolu tapdı. Yəni müxtəlif dövrlərdə bu adam hər yerə uyğunlaşa bilir. İndi də yəqin ki, hansısa konyuktur əlamətlərinə oxşar proseslər gedir. Bu adam düşünür ki, Platformaya qoşulmaqla da nəsə qazana bilər. Yenidən nəyəsə nail olmaq istəyir. Bəyanatından gördüm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhvə vermək istədiyini bildirib. Bu cür töhvə vermirlər. Ümumiyyətlə, belə bir prosesin əleyhinəyik. "Sülh Platforması” deyilən addımlar ermənilərin və onların tərəfində olan müəyyən mərkəzlərin ortaya atdığı oyunlardır. Prosesin kimlərə xidmət etdiyinin iç üzü də getdikcə açılır. 3-5 erməninin bura gəlib, İrəvandakı hakimiyyəti söyməyinin Qarabağ məsələsinin həllinə heç bir təsiri yoxdur. Bunun heç bir mənası yoxdur, ziyandan başqa. Bu prosesə qoşulanlar deməli, Azərbaycan və Qarabağın əleyhinə işləyirlər. Ona da görünür nəsə vəd ediblər. Ola bilər ki, köhnə erməni mafiyası ilə əlaqələri var. Proses təmiz deyil və o adam da təmiz şəkildə ora qoşulmayıb. Nə qədər gec deyil, oradan çıxsa, yaxşı olar. Yoxsa, olan-qalan hörmətini də itirəcək”.