Şəfəqə Doğru » Manşet » Cəmil Həsənli Milli Şuradan istefa verib? - Açıqlama (Yenilənib)

Cəmil Həsənli Milli Şuradan istefa verib? - Açıqlama (Yenilənib)

Cəmil Həsənli Milli Şuradan istefa verib? - Açıqlama (Yenilənib)
Milli Şuranın sədri Cəmil Həsənlinin Milli Şuradan istefa ərizəsi yazdığı barədə xəbərlər yayılıb.

"Bakı Xəbər” qəzetində və digər bir neçə saytda yayılan xəbərdə deyilir ki, Cəmil Həsənli istefa ərizəsini yazaraq Milli Şuradan getdiyini bəyan edib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli isə onu bu fikrindən daşındırmağa çalışır.

C.Həsənlinin istefa verməsinə səbəb kimi onun xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimində iştirak etməsi və bundan sonra Milli Şurada cərəyan edən neqativ proseslər göstərilir. Qeyd edilir ki, C.Həsənlinin İbrahimbəyovun yas mərasiminə qatılması, başda Əli Kərimli olmaqla, Milli Şurada kəskin etirazlara səbəb olub. Bu etirazlar sosial şəbəkələrdə kəskin hal alıb. Məhz bu səbəbdən də C.Həsənli Milli Şuradan getmək qərarına gəlib.

Əli Kərimli isə ona bildirib ki, narazılıqları onun Milli Şuradan getməsi üçün deyil.

Milli Şuranın adının çəkilməsini istəməyən üzvü bu xəbərin doğru olduğunu deyib. Həmin şəxs bildirib ki, C.Həsənli faktiki olaraq sədrlikdən gedib, sadəcə, bu məlumat ictimailəşməsin deyə gizlədilir:"Cəmil Həsənli Milli Şura sədri vəzifəsindən istefa vermək istədiyini bildirib. AXCP sədrinin xahişi ilə o bu qərarı mətbuata açıqlamayacağına söz verib. Milli Şura çox güman ki, dağılaraq yeni formatda fəaliyyətini davam etdirəcək. Hazırda bu istiqamətdə məsləhətləşmələr aparılır”.

Yayılan xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyevlə əlaqə saxladıq. O.Gülalıyev bildirdi ki, Cəmil Həsənlinin Milli Şuradan istefa ərizəsi yazdığı barədə yayılan xəbər doğru deyil:"Heç bir əsası olmayan xəbərdir. Cəmil Həsənlinin Maqsud İbrahimbəyovun yas mərasimində iştirak eləməsinin guya Milli Şuranın rəhbərliyində narazılıqla qarşılandığı haqda deyilənlər də dezinformasiyadır. Heç kim Cəmil müəllimin bu addımına narazılıq etməyib. Martın 30-da axşam Milli Şuranın Koordinasiya Mərkəzinin iclası olub. İclası Milli Şuranın sədri Cəmil Həsənli aparıb. Heç bir narazılıq olmayıb, narazılıq üçün əsas da yoxdur”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Cəmil Həsənlinin Milli Şura sədrliyindən istefa verməsi xəbərinə münasibət bildirib. YAP icra katibinin müavini hesab edir ki, ümumiyyətlə, heç zaman Milli Şura adında təşkilat olmayıb.

Onun sözlərinə görə, artıq Milli Şurada olanlar da görür ki, təşkilatın adı kimi fəaliyyəti də sıfır səviyyəsindədir:

"Ümumiyyətlə, bu, Cəmil Həsənlinin ilk istefası deyil. Hətta o, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasından da Əli Kərimliyə görə istefa verdi. O bunu açıq şəkildə elan etmişdi. Artıq orada olan insanlar da başa düşürlər ki, qurumda heç bir perspektiv yoxdur və oradan uzaqlaşırlar. Onlar bilirlər ki, Milli Şuraya cəlb olunarkən müxtəlif şərtlərlə və bəhanələrlə aldanıblar. Hətta onlardan bir hissəsi özlərinə aid olan vəsaiti götürüb aradan çıxdılar və bununla da öz işlərini tamamlanmış hesab etdilər. Milli Şura xaricdən ixrac olunmuş bir layihə idi. O baxımdan da istər seçkilərdə, istərsə də seçkilərdən sonrakı dövrdə Azərbaycan ictimai-siyasi həyatında heç bir rola malik olmayan Milli Şura artıq ölü bir təşkilatdır. Beləcə, Cəmil Həsənlinin şuradan istefa verib-verməməsinin də heç bir əhəmiyyəti yoxdur. Guya Cəmil Həsənli orada hansı fəaliyyəti göstərdi ki, ondan sonra da nəsə etsin”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev isə bildirib ki, Cəmil Həsənlinin istefası və Milli Şurada narazılıqlar olduğu haqda xəbərlər doğru deyil:"Cəmil Həsənlinin Rüstəm İbrahimbəyova və ya onun qardaşının yasında iştiraka görə təqib edildiyi üçün Milli Şuradan istefa verməsi həqiqəti əks etdirmir. Martın 30-da Milli Şuranın iclası keçirilib, Cəmil Həsənli də sədr kimi orada iştirak edib”.

İstefası xəbərinə Cəmil Həsənlinin özünün rəsmi təkzib verməməsi isə hələ də şübhələnməyə əsas yeri qoyur.

musavat.com

09:36
***

Milli Şuranın sədri Cəmil Həsənli qurumdan istefa verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

O,AzNews.az-a açıqlamasında istefa xəbərinin əsassız oldğunu deyib. Bildirib ki, qurumdan istefa vermək haqqında düşünmür:"Bu, hamısı uydurmadır. Bunun arxasında müxtəlif təşkilatlar dayanır. Əhəmiyyətsiz bir məlumatdır. Mən ümumiyyətlə, Milli Şuradan getmək haqqında düşünmürəm”.

Xatırladaq ki, ölkə mətbuatında Milli Şuranın sədri Cəmil Həsənlinin qurumdan istefa verməsi iə bağlı məlumat yayılıb. C.Həsənlinin istefa verməsinə səbəb kimi onun xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimində iştirak etməsi və bundan sonra Milli Şurada cərəyan edən neqativ proseslər göstərilir.