"Hər dəfə təcili tibbi yardım maşınının təmirini borc-xərc edib özüm düzəltdirmişəm”
Ölkəmizin səhiyyəsində yaşanan problemlər zaman-zaman müzakirə olunsa da, baş verənlər çoxsaylı sakinlərin haqlı narazılıqlarına səbəb olsa da, hələ də bəzi vəzifə sahiblərinin günahı ucbatından Azərbaycan səhiyyəsində sayı-hesabı bilinməyən problemlər yaşanmaqdadır. Belə bir səbəblər üzündən də yenidən bu mövzuya qayıtmağa qərar verdik ki, səhiyyəmizin müəyyən sahəsində yaşananları, vəzifə sahibi olanların qanundan kənar atdıqları addımlarının varlığını və s. bir daha çoxsaylı oxucularımızın diqqətinə çatdıraq. Bu gün problemlər məngənəsində boğulan səhiyyə müəssisələrindən biri də, Arstafa rayon səhiyyəsidir. "Shafaqadogru.com Gündəm Xəbər”-ə istinad olaraq hələ ötən saylarımızda adı çəkilən rayonun səhiyyəsində yaşananlardan bəhs etmişdik və yazıb onu da vurğulamışdıq ki, İlham Mustafayev MRX-na baş həkim təyin olunduqdan sonra, çox keçmədi ki, bu şəxs geniş imkanlara da sahib ola bildi. Adicə bir məqamı vurğulayaq ki, Qazax rayonunun Ağköynək kəndində "əlahəzrət” baş həkimə məxsus villanın dəyəri, bir neçə yüzmin manatlarla qiymətləndirilir. Deməli... Bu günlərdə isə "Gündəm Xəbər”in redaksiyasına Ağstafa rayonu C.Cabbarlı küçəsi ev-31 ünvanında yaşayan Hacıyev Ramil Əmirxan oğlu tərəfindən şikayət ərizəsi daxil olub. O, ünvanladığı ərizəsində yazır ki, "baş həkimin gəlir sahələri, bu gün onu Ağstafanın oliqarx-məmurlarından birinə çevirib. Çünki, İlham Mustafayev xəstəxananın, hətta rayonun digər səhiyyə ocaqlarının gəlir gətirən əsas sahələrini bir əldə cəmləşdirib. Məsələn, adicə bir məqamı vurğulayım ki, mən düz altı il idi ki, rayonun təcili tibbi yardımında sürücü işləyirdim. Ötən altı il ərzində sürücüsü olduğum təcili tibbi yardım maşınına bir dəfə olsun belə təkər, hər hansı detal verilməyib. Dövlətdən cəmi 270 manat əmək haqqı alırdım. Təqribən iki ay bundan öncə baş həkimə yaxınlaşıb dörd təkər verilməsini xahiş etdikə, xahişim sürücü işimin itirilməsi ilə nəticələndi. Çünki, o, "mən sənə təkər alıb verə bilmərəm, get özün al, ala bilmirsənsə o halda açarı təhvil ver də get” dedikdə, sanki şoka düşdüm. İşlədiyim illər ərzində bir dəfə olsun belə, idarə etdiyim təcili tibbi yardım maşınım MRX-nın hesabına təmir də olunmayıb. Hər dəfə təcili tibbi yardım maşınının təmirini borc-xərc edib özüm düzəltdirmişəm. İlham Mustafayevdən dörd ədəd təkər istədiyimə görə, idarə etdiyim təcili tibbi yardım maşınımı 01 apreldən istismara dayandırdı. Təəccüb doğuran hal oldu ki, heç bir komissiyanın rəyi olmadan baş həkim nəqliyyat vasitələrinin istismara dayandırılması haqda qərar da verə bilir. İndi o, mənə təklif edir ki, iki al gəl-get, sonra ya işdən çıxarılacaqsan, ya da fəhlə kimi işlə təmin olunacaqsan. İdarə etdiyim təcili tibbi yardım maşınım istismara dayandırıldıqdan sonra, MRX-nın balansına iki ədəd təzə "Ambulans” verilsə də, baş həkim nə onlardan birini, nə də ki, işlək vəziyyətdə olan təcili tibbi yardımlardan birini mənə verir. Baş həkimin şifahi baxışı və çıxarmış olduğu daxili qərarı ilə istismara dayandırılmış, hansı ki, idarə etdiyim təcili tibbi yardım işlək vəziyyətddə olsa da, bu gün onu da idarə etməyə imkan vermir. Yəni, baş həkim açıq-aydın mənimlə qərəzçilik edir. Bunun da səbəbi, mənim ondan dörd ədəd təkər istəməyim oldu. Çünki, vaxtilə aldığım 270 manat yalnız ailəmin dolanışığını təmin edirdi. Əlavə artıra bilmirdim ki, idarə etdiyim təcili tibbi yardıma təkər də ala bilim. Himayəmdə iki azyaşlı övladım var və ailəmizdə yalnız mən işləyirəm.
İlham Mustafayev bu gün məni təcili tibbi yardımın sürücüləri üçün nəzərdə tutulan və MRX-dan xeyli aralı məsafədə yerləşən, hansı ki, heç bir şəraiti olmayan otaqda boş-boş oturmağa da məcbur edir. Həmin otaq qış aylarında olduqca soyuq olur ki, bu da istənilən şəxsin rematizm xəstəliyinə tutulmasına səbəb olur. Dəfələrlə problemin həlli ilə bağlı baş həkimə müraciətlər etsək də, müraciətlərimiz elə müraciət olaraq da qalıb. Hələ bunlar azmış kimi, oturduğumuz otağın üst hissəsindən 50 min kv-luq elektrik xətləri də keçir ki, bu da həyatımız üçün olduqca təhlükə yaradır”. Bütün bunları təhlil etməklə o qənaətə də gəlmək olar ki, İlham Mustafayevin baş həkim olduğu Ağstafa MRX-sı, hal-hazırda adı çəkilən şəxsin girovluğundadır. Yəni, adı çəkilən xəstəxanada həm danışanın dili "kəsilir”, həm də görənin gözü "kor” edilir. Odur ki, nə dinmək, nə də danışmaq lazımdır. İttiham olunası hal isə odur ki, baş həkim illər uzunu təcili tibbi yardım maşınlarına verilən təkərləri, ayrı-ayrı detalları, təmir məqsədilə ayrılan vəsaitləri və s. "həzmi-rabedən” keçirməklə, özünə Ağköynək kəndində villa, digər ünvanlarda isə yeni-yeni imarətlər tikdirməklə məşğul olur. P.S. Hörmətli oxucular! Növbəti saylarımızda İlham Mustafayevin bülleten əməliyyatlarından da bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.