İran parlamentinə və İmam Xomeyni məqbərəsinə silahlı hücum nəticəsində 12 nəfər öldü, 39 nəfər yaralandı
İyunun 7-də İran İslam Respublikasının paytaxtında həyəcanlı saatlar yaşanıb. Belə ki, terrorçular İran parlamentinə və həmçinin Tehranın cənubunda yerləşən İmam Xomeyni məqbərəsinə silahlı hücum təşkil edərək insanlara atəş açıblar.
İran Daxili İşlər Nazirliyi (DİN) Tehranda silahlı hücumlarla əlaqədar yaydığı bəyanatda hadisələrin baş verdiyi ərazilərdə vəziyyətin nəzarət altına alındığını və narahatlığa əsas olmadığını bildirib.
İran dövlət televiziyası eyni anda edilən hücumu 4 terrorçunun törətdiyini bildirib. İran mətbuatında yazılan digər xəbərə görə, terror hücumu nəticəsində 12 nəfər öldürülüb, 39 nəfər yaralanıb.
"Parlament binasına edilən hücum zamanı terrorçu 4 nəfəri girov götürüb”. Bunu isə İranın "Press TV” mediası bəyan edib. Bildirilib ki, parlamentdə 4 nəfəri girov alan terrorçu daha sonra özünü partladıb. İran mediası xəbər verir ki, İmam Xomeyni məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
İŞİD terror qruplaşması İranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Təhlükəsizlik orqanları əməkdaşlarının terrorçulara qarşı pilotsuz uçuş aparatlarından istifadə etdiyi bildirilir. Təqribən 5 saat davam edən əməliyyat tədbirlərindən sonra parlament binasına hücum edən terrorçular məhv edilib (axar.az). Məhv edilən terrorçuların hamısının fotosu da yayılıb.
Diqqətçəkən budur ki, İŞİD (DAEŞ) Tehrandan, parlamentdən 24 saniyəlik videokadr yaymaqla əməliyyatın davam etdiyini elan edib. Parlamentdə iki deputatın – Şəhrza və Mübareke deputatlarının həyat yoldaşlarının da terrorçular tərəfindən girov götürüldükləri bildirilirdi.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror hadisəsindən sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcəyini açıqlayıb. Məhəmməd Cavadın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyi bildirilirdi. Səfərin ayrıntıları haqqında məlumat verilməsə də Qətər böhranı və bölgədəki son hadisələrin müzakirə ediləcəyi deyilir.
Günorta saatlarında Xomeyninin məqbərəsi yaxınlığındakı metro stansiyasında da partlayış törədildiyi xəbəri yayıldı. Lakin Tehrandakı mənbələrimizlə araşdırarkən məlum oldu ki, bu xəbər doğru deyil.
İŞİD-in İrana ayaq açması və ölkə parlamenti, həmçinin İmam Xomeyni məqbərəsinə hücum etməsi sıradan bir hadisə kimi qiymətləndirilmir. Hesab olunur ki, baş verənlərin arxasında daha ciddi qüvvələr dayanır. Bu mənada mayın 22-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən "Ərəb, İslam, Amerika” sammitinə İranın dəvət olunmaması, ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əs Səud arasında telefon danışığının olması, "İslam NATO”su müzakirələri, İran ətrafındakı bəzi dövlətlərdə hərbi bazaların yaradılması və s. amillər Tehrana qarşı xüsusi əməliyyatların hazırlandığı şübhələrini artırır.
Ehtimallara görə, antiterror koalisiyası Suriya böhranından çıxa bilməməsinin əsas səbəblərindən biri kimi İranın proseslərə müdaxiləsini nəzərə aldığı üçün öncə bu ölkə ilə "haqq-hesab çürütməyə” qərar verə bilər. Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri Qətərin siyasəti ilə həmrəy olduğunu nümayiş etdirən vətəndaşlarını cəzalandıracaq ("ölkə.az”). Məlumata görə, Qətərin siyasətini dəstəkləyən BƏƏ vətəndaşlarını 15 illik həbs cəzası gözləyir. Bundan əlavə, bu şəxslər 135 min dollar məbləğində cərimə ödəyəcəklər. Bu barədə BƏƏ-nin baş prokuroru məlumat verib. Qərb dairələri tərəfindən yaradıldığı iddia olunan İŞİD-in məhz belə bir durumda Tehrana qorxulu saatlar yaşatması təsadüf sayılmır. Hadisədən sonra İran ərazisində bütün təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar:"İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulublar”. H. Zülfüqarinin sözlərinə görə, terrorçular 4 nəfər olub. Nazirlik bildirib ki, bu gün səhər Tehranda bir neçə terror aktı törətməyə cəhd göstərilib. Nazirliyin Terrorizmlə mübarizə idarəsinin rəhbəri bəyan edib ki, terror dəstələrindən bir qrupu hər hansı əməli həyata keçirməyə fürsət tapmadan zərərsizləşdirilib. Təhlükəsizlik Nazirliyi əhalidən şübhəli şəxslər gördükdə dərhal xəbər vermələrini istəyib.
İRNA dövlət agentliyi isə İmam Xomeyninin məqbərəsində terrorçulardan birinin sağ ələ keçirildiyi və atışmanın davam etdiyi barədə xəbər yayıb.
İran parlamentinin sədri Əli Laricani dünən səhər parlament binasında baş vermiş terrora münasibət bildirib.
Ə.Laricani olayı kiçik bir hadisə adlandırıb: "Bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb. Elə də böyük şey deyil. Bu hadisə onu göstərir ki, terrorçular İran üçün problem yaratmaqda maraqlıdır. İran terrorizmlə mübarizədə fəal və təsiredici gücə malikdir, istəyirlər ki, İranın bu simasını korlasınlar. Təhlükəsizlik qüvvələri hökmən onlara qarşı ciddi ölçü götürəcək”.
Tehran əyalətinin rəhbəri isə elan edib ki, hazırda paytaxtda vəziyyət stabildir və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüb:
"Baş verən hadisə İranın təhlükəsizliyinə ciddi zərbədir və bu ölkənin kəşfiyyat, əks-kəşfiyyat və digər bu kimi çoxsaylı alternativ qurumları haqqında yayılan əfsanələri alt-üst edir”.
İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) dünən Tehranda törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb.
APA-nın "Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə SEPAH-ın general-mayoru Hüseyn Selami "Mehr” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İran terrorçulardan və onların dəstəkçilərindən intiqamını alacaq.
Bu gün (dünən -red.) İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror hadisələri nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.
Politoloq Elçin Mirzəbəyli bunu "Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert qeyd etdi ki, hadisənin Qətər əmiri Tamim ibn Hamad əl Tanın İranı "regiondakı sabitliyin qarantı” kimi təqdim etməsindən və Qətərə qarşı körfəz ölkələrinin açdığı soyuq savaşdan sonra baş verməsi də maraq doğurur: "Tehranda baş verən terror aksiyaları Qətər əmirinin İranın sabitliyin qarantı olması ilə bağlı fikirlərini alt-üst edir. Hər halda, baş verənlər çox ciddi bir prosesin başlandığından xəbər verir. İranın bu məsələyə adekvat reaksiyası yeni Körfəz müharibəsinin başlanmasına da səbəb ola bilər. Səudiyyə Ərəbistanında keçirilən zirvə görüşündən sonra İran və Ərəb koalisiyası ölkələrinin arasında ciddi qarşıdurmanın baş verəcəyi gözlənilən idi. Amma proseslərin bu qədər tez bir zamanda başlanacağı ehtimal olunmurdu. Şübhəsiz ki, baş verənlərdə konkret olaraq hansısa ölkənin ittiham edilməsi üçün əlimizdə əsas yoxdur. Lakin terror aksiyalarının həyata keçirilməsinin forması, yəni həm ”canlı bombalardan”, həm də silahlı terrorçulardan istifadə olunması İŞİD-in terror texnologiyasını xatırladır. Seçilən hədəflər məqsədyönlüdür”.
E.Mirzəbəyli hesab edir ki, Xomeyni məqbərəsindəki partlayış İran rejiminin ideoloji dayaqlarına hücumdur: "Parlamentə hücumsa İranın siyasi sisteminə zərbədir. Eyni zamanda törədilən terror aktları əhali arasında xof, qorxu yaradılmasına xidmət edir. Bütün bunlar terrorun siyasi məqsədlərlə həyata keçirildiyinə işarə edir. Şübhəsiz ki, harada baş verməsindən və hədəfindən asılı olmayaraq, terror lənətlənməlidir. Terrora heç bir halda haqq qazandırmaq olmaz. Proseslərin sonrakı gedişatına gəldikdə isə baş verənlər regionda sabitliyin uzun müddət bərpa olunmayacağından xəbər verir. Bu hadisədən sonra İranın təcrid olunması istiqamətində daha sərt addımların atılacağını, Suriyada, Fələstində, Liviyada, Yəməndə və Livanda İranın himayə etdiyi qüvvələrin hərəkətə keçəcəyini gözləmək olar. Qarşı tərəf isə çox güman ki, İranın yayındırıcı addımlarına xidmət edən hərəkətlərə xüsusi diqqət yetirməyəcək və prosesləri İranın daxilinə keçirməyə cəhd göstərəcək”. Politoloq burada İŞİD xəttinin olduğuna şübhə etmədi. Amma bunları da əlavə etdi: "Terror aksiyasının həyata keçirilməsi mexanizmi – həm silahlılardan, həm də canlı bombalardan istifadə edilməsi də İŞİD-i xatırladır. Amma qəti fikir bildirmək də çox çətindir”.
Azərbaycanın cənub sərhədlərində belə dəhşətli terror hadisələrinin törədilməsi təbii ki, narahatedicidir. Bakı müxtəlif təzyiqlərə baxmayaraq, ərazisindən İrana qarşı hərbi əməliyyatlarda istifadəyə icazə verməyib. Görünən budur ki, anti-İran koalisiyası ərəb ölkələrindən İrana həmlə planı hazırlamaqla yanaşı, İranın daxilində onu "ürəyindən vurmağa” da qərar veriblər. Bu da çox təhlükəli başlanğıcdır. İranda terror seriyası davam etsə, Azərbaycan türklərinin həyatına da ciddi təhlükə yaranacaq, hərbi əməliyyatlar başlasa, Azərbaycan dövləti üçün də arzuolunmaz situasiya yarana bilər. Yeri gəlmişkən, İran parlamentinə hücum zamanı qətlə yetirilənlərdən biri türk soydaşımız, İran parlamentindəki Türk Fraksiyasının aktiv üzvlərindən olan, Urmiyədən seçilmiş deputat Hadi Bahadurinin ofis katibi Həmid İmdadidir. Allah rəhmət eləsin!
"İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik”.
Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir: "Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir”.