Rusiyada yaşayan milyarder Fərhad Əhmədov mərhum energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı şok detallar açıqlayıb. AFN xəbər verir ki, milyarder nazirin həkim səhvi üzündən öldüyünü bildirib.
Bununla bağlı sosial şəbəkədəki səhifəsində yazan F.Əhmədov bir sıra maraqlı faktlar açıqlayıb, Bildirib ki, insan, xüsusilə də ictimai şəxsin ölümündən sonra həkimlər adətən öz günahkarlıqlarına dair hər hansı şübhəni bütün yollarla istisna etməyə çalışırlar: "Həkimlər və hər hansı bütün məmurlar hər şeyin ideal olduğunu göstərən hesabatlar yazmağı yaxşı bacarırlar. Mən öz gözlərimlə gördüklərimi, həmçinin o günlərdə Natiq Əliyevlə birlikdə olan şəxslərin dedikləri əsasında gəldiyim qənaəti bölüşmüşəm. Həmin şəxslərin sözləri əsasında həmin gecənin və sabahın xronologiyasını çıxartmışam: orada səhv də ola bilərdi.”
F.Əhmədovun yazdıqlarından məlum olur ki, N.Əliyev Neftçilər xəstəxanasından evə göndərilməsini istəyib və milyarderin fikrincə, bunu özünü yaxşı hiss etdiyi üçün deyil, məhz ona lazımi diqqət göstərilmədiyi üçün istəyib: "Hər bir halda, Natiqin bu istəyi yanlış idi - çünki bundan dərhal sonra onun ürəyi dayandı”.
F.Əhmədov onu da qeyd edir ki, N.Əliyevi "Neftçilər”də reanimasiyaya gec yerləşdiriblər. Milyarderin yazdıqlarından o da aydın olur ki, Bakıda N.Əliyev üçün lazım olan avadanlıq tapılmayıb.
Həkim Rəşad Mahmudov Naxçıvana zəng vurub, oradan Vasif Talıbovun sayəsində avadanlıq Bakıya çatdırılıb: "Müəyyən vaxtdan sonra hamı kömək etməyə çalışıb. Prezident və vitse-prezident də. Məhz onların sayəsində Türkiyədən mütəxəssislər gətirilib, xüsusi təyyarə ayrılıb.”
Sonda F.Əhmədov bir daha vurğulayır ki, N.Əliyevə vaxtında peşəkar həkim köməyi edilməyib, daha doğrusu, ona düzgün diaqnoz qoyulmayıb. Onun statusuna yazılan şərhlərdə isə bildirilir ki, N.Əliyev infarkt keçiribmiş və Bakıda həkimlər bunu vaxtında müəyyənləşdirə bilməyiblər...