Şəfəqə Doğru » Manşet » Baş onkoloqdan ÇAĞIRIŞ: “Xərçəngin müalicəsi var, lakin…”

Baş onkoloqdan ÇAĞIRIŞ: “Xərçəngin müalicəsi var, lakin…”

Baş onkoloqdan ÇAĞIRIŞ: “Xərçəngin müalicəsi var, lakin…”

Bütün dünyada, o cümlədən Azərbaycanda xərçəng xəstəliyi bir bəla kimi geniş yayılıb. Statistikaya əsasən, ötən il ölkəmizdə 43 927 nəfər onkoloji xəstə qeydiyyatda olub. 2015-ci ildə isə Azərbaycanda belə xəstələrin sayı 40 653 olub. 2015-ci ildə 10 183 nəfərə, 2016-cı ildə isə 10 807 nəfərə ilk onkoloji diaqnoz qoyularaq qeydiyyata götürülüb.

Həmçinin bildirilir ki, 2013-cü ildən indiyədək Azərbaycanda 620 uşaq onkoloji xəstəliyə görə qeydiyyata düşüb. Ötən il ərzində 121 uşaq ilk dəfə olaraq onkoloji diaqnozla qeydiyyata alınıb.

Xəstəliyin bu qədər geniş vüsət almasına baxmayaraq, hələ də xərçəngi tam müalicə edəcək dərman yoxdur. Bir çoxları isə bu dəhşətli xəstəlikdən yaxa qurtarmaq üçün müxtəlif türkəçarə üsullara əl atır. Xalq arasında bitkilərlə, hansısa heyvanların, həşəratların köməyi ilə bu bəladan qurtaracaqlarına ümid edənlər də çoxdur.

Respublikanın onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Ailem.az-a açıqlamasında xərçəng xəstəliyinin türkəçarə üsullarla müalicəsinin mümkün olmadığını bildirib.

"Bu gün elm inkişaf edib, heç bir türkəçarə ilə xəstəliyi müalicə etmək mümkün deyil və bunlar tamamilə absurd fikirlərdir”, – deyən A.Kərimlinin sözlərinə görə, xərçəng xəstəliyinin dünyada etimologiyası məlum deyil: "Bu o demək deyil ki, onkologiya elmində inkişaf yoxdur. Burada ekoloji, qidalanma, stress, əsəb və digər faktorlar əsas yer tutur. Xərçəng təbiətin xəstəliyidir. Bunu yalnız insanlara şamil etmək düzgün deyil. Çünki buna bütün canlı orqanizmlərdə təsadüf edilir. İstər heyvanat aləmində, bitkilərdə, istərsə insanlar arasında. Ümumiyyətlə, xərçəng xəstəliyi ilə təsirli mübarizə aparmaq üçün ilk növbədə ekologiya təmiz olmalıdır. Əgər ekologiya təmiz deyilsə, düzgün qidalanmadan danışmaq olmaz. Bu problem bütün dünyada eynidir. Dünya statistikasına nəzər saldıqda və qonşu ölkələrlə müqayisədə ən az xərçəng xəstəliyi Azərbaycandadır”.

Baş onkoloq təəssüflə qeyd edib ki, hər kəs xərçəng xəstəliyindən qorxur və onun müalicə olunduğunu bilmir. Halbuki xərçəngdən müalicə olunaraq, 100 faiz sağalmaq mümkündür: "Bu o adamlara aiddir ki, xəstəliyi birinci, ikinci mərhələdə aşkar olunur və tam düzgün müalicə alır. Statistikaya əsasən, bu cür xəstələrimiz 25-30 il yaşayırlar. Yüzlərlə, minlərlə belə xəstə var. Burda bircə əsas şərt var – xəstə zamanında həkimə müraciət etməlidir. Diaqnoz vaxtında qoyulmalı və müalicə taktikası düzgün seçilməlidir. Digər insanları da qınaya bilmirəm. Çünki onların xərçəng xəstəliyi ilə bağlı məlumatı yoxdur. Məlumat yalnız ondan ibarətdir ki, bu, qorxulu xəstəlikdir”.

A.Kərimli əlavə etdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox təsadüf olunan onkoloji xəstəlik traxeya-bronx-ağciyər xərçəngidir: "Bu xəstəliyə ən çox kişilərdə rast gəlinir. Prostat vəzinin xərçəngi də kişilər arasında rast gəlinən onkoloji xəstəliklər sırasında ilk yerləri tutur. Qadınlar arasında isə daha çox süd vəzisi və uşaqlıq boynu xərçəngi müşahidə olunur”.

Həkim onu da vurğuladı ki, böyüklərə nisbətən uşaqlarda xərçəng xəstəliyinin müalicəsinə nail olmaq çox-çox asandır: "Ölkəmizdə uşaq onkologiya mərkəzi yox idi. Ölkə rəhbərliyinin və Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə Uşaq Onkologiya Mərkəzi tikildi və 2012-ci ildə istifadəyə verildi. O zamana qədər imkanı olanlar xəstə uşaqlarını xarici ölkələrə aparırdılar. İmkansız ailələr isə respublikada qeyri-düzgün müalicələr alırdı. Amma indi bunun üçün ölkəmizdə bütün şərait var. Uşaqlar da müraciət edəndə tam olaraq müayinə edib müalicələrini aparmaq mümkündür. Böyüklərə nisbətən xərçəng xəstəliyinin müalicəsinə nail olmaq uşaqlarda çox-çox asandır”.