Bakı Apelyasiya Məhkəməsində hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə Yasamal rayonunda böyük mənzil fırıldaqlarının açılmasında açar rolunu oynaya biləcək şikayət araşdırılır.
Məsələnin mahiyyəti budur ki, Ədliyyə Nazirliyinin sabiq işçisi Arzu Səfərov 2009-cu ildə 83 min dollar ödəməklə Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 13 ünvanlı binanın 10 saylı mənzilini alıb. Mənzili satan isə Həsən Novruzov olub. A.Səfərov mənzildə 5 il yaşayıb və günlərin birində Yasamal Rayon Məhkəməsindən ünvanına qətnamə gəlib. Həmin qətnamədən belə aydın olub ki, A.Səfərova satılan mənzil Şirzad Qəhrəmanov soyadlı vətəndaşa məxsusdur. Həmin mənzildə vaxtilə bir qaçqın ailəsi məskunlaşıb. Qaçqın ailəsini isə mənzildən Yasamal rayon 22 saylı Mənzil İstismar Sahəsinin rəisi Saqib Məmmədov çıxarıb və mənzili sahibinə - Şirzad Qəhrəmanova qaytarmaq əvəzinə öz kürəkəni Həsən Novruzovun adına məhkəmə yolu ilə sənədləşdirib. 2009-cu ildə isə mənzili kürəkəni Həsən Novruzovun adından Arzu Səfərova 83 min dollara satıb. Ş.Qəhrəmanov qaçqının mənzildən çıxarıldığını və mənzilin digər bir şəxsin adına keçirildiyini öyrəndikdən sonra məhkəməyə müraciət edərək əmlakının ona qaytarılması iddiası ilə çıxış edib. Məhkəmə iddianı təmin edib və A.Səfərovun ailəsi ilə birgə mənzildən çıxarılmağını, bununla bərabər vicdanlı alıcı kimi ona mənzili alarkən ödədiyi 83 min dolların qaytarılmasını qət edib. Bundan başqa, mənzil Həsən Novruzovun adına sənədləşdirilərkən yol verilən sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması üçün xüsusi qərardad çıxarılıb. Bu məhkəməmə çəkişməsi bir müddət əvvəl işdən qovulan Yasamalın icra başçısı İbrahim Mehdiyevin rayon ərazisində baş verən mənzil fırıldaqlarına, vətəndaşların mənzillərinin ələ keçirilməsi faktlarına göz yummasını da ortaya çıxarıb.
A.Səfərov "Yeni Müsavat”a deyib ki, məhkəmələrin gedişi zamanı öyrənib ki, Saqib Məmmədov-İbrahim Mehdiyev tandeminin əməllərindən zərərçəkən təkcə o deyil. Belə ki, Yasamal ərazisində belə faktlar çox imiş!
Onun sözlərinə görə, iş üzrə məhkəmə çəkişmələri 3 ildən artıqdır ki, davam edir. Məhkəmələrə tərəf kimi Həsən Novruzov dəfələrlə rəsmi çağırışla dəvət olunub. H.Novruzov məhkəmə proseslərinə qatılmayıb. Bir müddət əvvəl isə H.Novruzov Ali Məhkəməyə şikayət edərək mənzilin dəyərini mübahisələndirib və işin Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasına nail olub. H.Novruzov deyir ki, mənzili 83 min dollara deyil, guya 32 min 120 manata satib: "2014-cü ildə məhkəmədən qətnamə alandan sonra mən vəkilimlə birgə H.Novruzovun qayınatası Saqib Məmmədov və mənzilin alqı-satqısında iştirak edən maklerlə söhbətə getmişdim. Anlayırdım ki, Saqib Məmmədov məhkəmələrə yaxın gəlməyəcək, özünün dediyinə görə heç Həsəni də göndərməyəcək. Ondan sonra qərara gəldim ki, vəkilimin iştirakı ilə onu danışdırım. Ehtiyat edirdim ki, evin alqı-satqısı zamanı aldığı pulun məbləğini dansın. Həmin söhbət zamanı o hər şeyi necə etdiyini danışdı və heç bir məhkəmə prosesinə gəlmədi. Heç bir sənəd təqdim etmədi. 2014-cü il avqustun 1-də baş tutan söhbəti də diktofona yazmışdım. Söhbətin stenoqramını da çıxarmışam. Saqib Məmmədov deyir ki, mənzilin alqı-satqısında iştirak edən maklerlər ona 75 min 500 pul veriblər”.
A.Səfərovun sözlərinə görə, S.Məmmədovun kürəkəni H.Novruzovun şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsində iyulun 6-da məhkəməyə hazırlıq iclası keçirilib. Həmin iclasa əvvəllər tanımadıqları 2 qadın da qatılıb: "Proses yekunlaşdı, qadınlar mənə, vəkilimə yaxınlaşdılar. Aydın oldu ki, həmin qadınlar da Saqib Məmmədov, İbrahim Mehdiyevin yol verdikləri saxtakarlıqlara görə 5 ildən artıqdır ki, məhkəmələrdədir. Həmin qadınlar - Afət Cabbarova və Zümrüd Mehdiyevadır. Qadınlar vaxtilə Yasamal rayonu, Xaqan Dadaşov küçəsində qonşu olublar. Z.Mehdiyeva X.Dadaşov küçəsi ev 8 ünvanında, Afət Cabbarova isə X.Dadaşov küçəsi ev 8 a ünvanında yaşayıblar”.
Redakisyamıza təşrif buyuran qadınlar bildiriblər ki, S.Məmmədovun qanunsuzluqlarından şikayət etmədikləri yer qalmayıb.
"Mən gəlin gətirəndən sonra ”JEK"ə getdim, gəlini qeydiyyata saldırmaq istəyirdim. Mənə bir arayış verdilər, baxdım ki, qonşunun evində yaşayan Etibar Məmmədovu bizim ünvana - X.Dadaşov küçəsi 8 a ünvanına qeydiyyata salıblar. Buna sərt reaksiya verdim, Saqib Məmmədov verdikləri arayışı əlimdən zorla almaq istədi. Arayışın balaca bir hissəsi cırılsa da, əlimdən ala bilmədi. Məhkəməyə verdim, icra başçısı İbrahim Mehdiyevin qəbuluna getdim. Ona sual etdim ki, 2 eyni nömrəli ünvan ola bilər. Gülüb məni ələ saldı. Başçının qəbuluna ona görə getmişdim ki, mən məhkəməyə müraciət edəndə cavabdeh kimi Yasamal Rayon İcra Hakimiyyəti iddiamın təmin olunmamasını istəmişdi. İbrahim Mehdiyev etiraz yazmışdı ki, iddiam təmin olunmasın. Mən iddiamla tələb edirdim ki, Etibar Məmmədov bizim ünvandan qeydiyyatdan çıxarılsın. İbrahim Mehdiyevə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi ünvan arayışımı göstərib ondan məhkəməyə yazdığı etirazı əsaslandırmasını tələb etdim. Gördü ki, saxtakarlıqlarının üstü açılır, dedi ki, mən sənə kömək etməyəcəyəm. Həmin arayışı alana qədər İbrahim Mehdiyevin məhkəməyə göndərdiyi hüquqşünas üzümüzə dirəşirdi ki, guya biz X.Dadaşov küçəsi 8 ünvanında yaşayırıq. Arayışda isə əsl həqiqət yazılmışdı, biz X.Dadaşov 8 a ünvanında yaşayırıq" - deyə Afət Cabbarova bildirib.
Z.Mehdiyeva bildirib ki, Saqib Məmmədovla İbrahim Mehdiyev ünvanları səhv göstərməklə faktiki olaraq onun 354 kvadrat metrlik evinin dələduzluqla ələ keçirilməsinə "qanuni don” geydirməyə nail olmaq istəyiblər: "Bu gün mənim Yasamal rayonu, X.Dadaşov 8 ünvanında yerləşən 2 mərtəbəli evimdə Etibar Məmmədov yaşayır. O, 22 saylı ”JEK"in rəisi Saqib Məmmədovun əli ilə mənim evimi özəlləşdirib. E.Məmmədov, faktiki olaraq, mənim evimdə yaşasa da, rəsmi sənədlərlə qonşunun ünvanını özəlləşdirib. 5 ildir ki, Azərbaycan məhkəmələri Saqib Məmmədovla İbrahim Mehdiyevin qurduqları cinayətin sonuna çıxa bilmirlər".
Z.Mehdiyeva bildirib ki, E.Məmmədov evinə kirəkeş kimi gəlib və sonradan sənədlərin saxtalaşdırılması yolu ilə mülkünü əlindən alıblar: "1993-də Etibarın bacısı Tirmədən 4 min dollar borc almışdım. 2 il müddətində həmin 4 min dolların 30 faizini hər ay ödəmişəm. Hər ay 1200 dollar ödədim. Sonra inflyasiya oldu, ödəyə bilmədim. Ona görə də təklif etdim ki, evimdə yaşamaq üçün kirəkeş tapsınlar. Kirəkeşdən aldıqları pulu da götürsünlər, pullarını tam alandan sonra evimi boşaltsınlar. Özüm də 2 uşaq və anamla gedib xalamın evinin zirzəmisində yaşamışam. Tirmə də öz qardaşı Etibarı evimə kirəkeş göndərdi. Düşünürdüm ki, pullarını götürəndən sonra evimdən çıxacaqlar. Amma çıxmadılar. Üstəlik, qonşunun mənzilinə də qeydiyyata düşüblər. Bizim şikayətlərimiz əsasında Saqib Məmmədovun əməllərinin araşdırılması üçün məhkəmə xüsusi qərardad çıxararaq Yasamal Rayon Prokurorluğuna göndərib. Lakin prokurorluq deyir ki, Saqib Məmmədov kristal adamdır, onun barəsində cinayət işi başlaya bilmərik. Ona görə də baş prokurordan xahiş edirik ki, Saqib Məmmədovun əməllərinin araşdırılmasını digər prokurorluq orqanına tapşırsın. Mənim Yasamalda olan yeganə mülkümü saxtakarlıqla əlimdən alıblar. Məhkəmələrdə bu saxtakarlıqlar sübut olunur, Yasamal Prokurorluğu isə həmin saxtakarlıqları araşdırmaqdan yayınır”.
Qadınlar bildiriblər ki, 22 saylı Mənzil İstismar Sahəsinin sabiq müdiri Saqib Məmmədovun Yasamal rayonu ərazisində tənha, kimsəsiz ahıl yaşda vətəndaşların, qaçqınların məskunlaşdığı mənzilləri ələ keçirməsi haqda məlumatlar eşidiblər. Mənzili ələ keçirilənlərdən biri də tatar millətindən olan yaşlı qadındır. Həmin qadının sonradan psixi xəstələr üçün nəzərdə tutulan xəstəxanaya yerləşdirilməsi haqda da məlumat olub.
Arzu Səfərovun, Z.Mehdiyeva və A.Cabbarovanın redaksiyamıza təqdim etdikləri sənədlərdən, məhkəmə və xətşünaslıq ekspertizası rəylərindən, xüsusi qərardadlardan, stenoqramdan belə aydın olur ki, ortada vətəndaşlara qarşı törədilən cinayətlər haqda çoxsaylı sübutlar var. Vətəndaşların Konstitusiyamızın təməl prinsiplərindən olan mülkiyyət hüquqlarına qəsd açıq-aydın görünür. Bəs niyə bu qədər üzdə olan faktlara hüquqi müstəvidə qiymət verilməyib?
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.