Avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək.
Shafaqadogru.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən avtosfer.az-a bildiriblər ki, "Təmiz hava" aylığının keçirilməsində məqsəd atmosferin avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır. Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.