Azərbaycan Premyer Liqasının dünən keçirilən "Xəzər Lənkəran” – "Qarabağ” matçında hər kəsi məmnun edən bir addım atıldı
"Xəzər Lənkəran” futbolçuları Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini anmaq üçün elan olunan bir dəqiqəlik sükutda əsgər formasında dayandılar. Lənkəran klubunun bu addımı hər kəsin alqışını qazandı. Amma…
Amma bir dəqiqəlik sükutda stadionda hər kəs şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq ayağa qalxsa da, iki nəfər oturduğu yerdən tərpənməyib. "Futbol+” qəzetində VİP-lojada əyləşən bu şəxslərdən birinin Lənkərandakı konserv zavodunun müdiri, digərinin isə onun müavini olduğu yazılıb.
"Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məsələyə belə aydınlıq gətirdi: "Bu məsələyə aydınlıq gətirim. Burda kiçik, amma vacib nüans var. Məsələn, "İnter” Lənkərana gələndə "Beynəlxalq Bank”ın Lənkəran filialının rəhbərliyi stadiona gəlir, qonaqlarla olur. Eləcə də dünənki oyunda Ağdam təmsilçisinin sponsoru olan "Azərsun”un nümayəndələri VİP-tribunada olub.Və onlar qonaqlar üçün ayrılan masada yerləşdirilib. Onların ayağa durmaması şəxsi keyfiyyətləridi və bunun bizim kluba qətiyyən aidiyyati yoxdu. Ümid edirəm ki, "Azərsun” məsələyə münasibət bildirər”.
Adı "Qarabağ” olan, Qarabağı-Ağdamı təmsil edən bir klubun sponsorunun nümayəndələri Qarabağ uğrunda savaşda şəhid olanların ruhuna hörmət əlaməti olaraq, bir dəqiqəliyə ayağa qalxmağı özlərinə sığışdırmırsa… Axı o gənclər, o əsgərlər bir neçə gün əvvəlki döyüşlərdə həm də sizin uğrunuzda canlarından keçiblər. Siz yaxşı, rahat, firavan yaşayasız deyə, şəhid olublar. Bizim üçün, sizin üçün, bu vətən üçün gənc yaşda həyatla vidalaşıblar. Siz isə daşıdığınız vəzifənin üstünlüklərindən istifadə edib, piyləndirdiyiniz arxanızı bir dəqiqəlik də olsa, oturacaqdan qaldırmağa can çəkirsiz. Siz nə şəhid, nə də vətən anlarsız. Sizin dininiz də, imanınız da puldu.(komanda.az)