"Misir Quliyev Tovuzda Dövlət Yol Polis Bölməsinə rəis təyin edildiyi gündən rüşvət və özbaşınalıq pik həddə çatıb”. Bunu Vizual.az-a Tovuz sakini Şakir Həsənov şikayət məktubunda yazıb.
Onun sözlərinə görə, M.Quliyev İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən, qanunların sərtləşdirilməsindən sui-istifadə edir. Məktub müəllifi qeyd edib ki, rayonda sürücülərin "ovu” kütləviləşib: "Polisə sürücülər haqda məlumat verənlər gördüyü "iş”ə görə imtiyazlar əldə edib. Məsələn, içkili vəziyyətdə sükan arxasında outran həmin şəxslərə "gözün üstə qaşın var” deyən olmur. Misir Quliyev şadlıq saraylarına da aylıq "haqq” qoyub. Yol polis əməkdaşları şadlıq sarayının yaxınlığında "pusqu”da dayanır, toydan çıxan sürücüləri "ov”layırlar. Nəticədə insanların əhval-ruhiyyəsi korlanır, həmin şadlıq sarayı nüfuzunu itirir. Toy etmək istəyənlər həmin şadlıq sarayına müraciət etmirlər. Sahibkar gəlir əldə edə bilmir. Belə olan halda şadlıq sarayının sahibi Misir müəllimin təyin etdiyi məcburi "haqq”ı ödəməyə məcbur olur”.
Müraciətdə buna dair fakt qeyd olunub: "Martın 19-da Tovuzda Zeynalovlara məxsus "Ayan Palace”-dakı toydan çıxan Şəmkirin Düyərli kənd sakini İsayev Əhməd Ələkbər oğlu saat 22 radələrində baş leytenant Elnur Bayramov tərəfindən saxlanıb.
Yol polis əməkdaşları Zeynalovlara məxsus şadlıq sarayından toydan çıxan, sərxoş olmayan Əhməd İsayevi saxlamağa cürət ediblər. Onlar toy sahibinə, şadlıq sarayının sahibinə hörmətsizlik ediblər. Elnur Bayramov toydan çıxmış Əhməd İsayevi avtomaşını ilə birlikdə Tovuz RPŞ-nə gətirib, heç bir inzibati tədbir görülməyib.
Həkim müayinəsindən keçirilməyib. Protokol tərtib olunmayıb. Boş protokola imza atdırıblar. Toy sahibi Misir müəllimə zəng etdikdən sonra, dərhal Əhməd İsayevi maşını ilə bərabər buraxıblar. Sürücülük vəsiqəsini isə saxlayıblar.
Nə üçün az miqdarda spirtli içki qəbul etmiş sürücü Əhməd İsayevi maşını ilə birlikdə polis şöbəsinə gətirirlər? Sonra sürücülük vəsiqəsini saxlayaraq ona maşını idarə etməyə icazə verərək buraxırlar. Martın 20-də Əhməd İsayev sürücülük vəsiqəsini tələb edərək geri alıb.
"Yol Patrul Xidməti Haqqında” Təlimatın 7.25-ci bəndində göstərilir; sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək onun sürücülük vəsiqəsi götürülür və həmin şəxsə nəqliyyat vasitəsini bir ay müddətində müvəqqəti idarə etmə hüququ verən, xüsusi hazırlanmış və DYP-inspektoruna nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilmiş sənəd verilir.
Belə qəbz verilməyib. Təlimatın bu bəndi Misir müəllim və onun komandası tərəfindən kobud şəkildə pozulub. Martın 25-də təsadüf nəticəsində internetdə məlum olub ki, sürücü Əhməd İsayevə protokol yazılıb: 5-bal və 360 manat cərimə olunub.
Bu haqda İsayevə nə protokolun bir sürətini, nə də şifahi olaraq xəbərdarlıq edilib. Bu da bir qanun pozuntusudur”. Bu ittihamlarla bağlı yazıda adı çəkilən şəxslərin də fikirlərini dərc etməyə hazırıq.