"Nazirlər katibələrindən soruşurlar ki, əhalinin yaşayışı necədi, camaat necə dolanır? Axı sənin katibənin araz aşığınnın, kür topuğunnandı, o hardan bilsin bu camaatın dolanışığı necədir? Toxun acdan nə xəbəri? Əlbətdə deyəcək ki, cənab nazir, yaşayış əla səviyədədir. Öz yaşayışını nəzərdə tutub deyəcək də, günün istisində bir tikə çörək üçün min bir əziyyətə qatlaşan insanlardan danışmayacaq ki. Katibələrin, köməkçilərin, 3-cü-4-cü arvadlarının vəziyyəti yaxşı ola bilər, amma xalqın vəziyyəti yaxşı deyil axı”.
Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri deyir ki, xalqın qeydinə qalan nazir onun yaşayışı barədə kimdənsə soruşmalı deyil, xalqın içində olmalı, vəziyyətlə birbaşa tanış olmalıdır:
"Bir dəfə bir təğyiri-libas olsunlar, üzlərinə maska taxsınlar, nə bilim qrimlənsinlər, çıxsınlar gəzsinlər görsünlər, bu camaat necə yaşıyır, vəzifəlilər onlarla necə rəftar edir”.
Partiya sədri son vaxtlar nəvəsinin xuliqanlığına görə adı mətbuatdan düşməyən baş nazirin müavini Əli Həsənovun indiyədək vəzifədə qalmasına da etirazını bildirib:
"Məcburi köçkünlər Əli Həsənovu fitə basdılar. Bunu mən özümdən demirəm ki, mətbuatda da bu barədə xəbər verdilər həmin vaxt. Gərək həmin vaxt Əli Həsənov istefa verəydi. Əli Həsənova sual verən yoxdur ki, bu qədər pulu hardan alırsan. Hamısı qaçqınların pullarıdır. Yeni Azərbaycan Partiyasında olanların da hərəsi bir nazirlə, icra başçısı ilə qohumdur, hamısından da paketləri gəlir. Niyə bir dəfə də olsun YAP-dan hansısa bax bu cür harınlıq edən nazir töhmət verilib çıxarılmır? Çıxarmırlar. Əksinə, harda kölgəli, qaranlıq işi olan varsa gətirib vəzifəyə qoyurlar. Mənim qardaşım İlham Əliyev bu xalq üçün bir az nə qurubsa, onu dağıtmaq istəyirlər. Bu baxımdan bütün çıxışlarımda da deyirəm ki, nə qədər ki, bu hökumətin QOCALAR EVİ var, mənim qardaşım təkdir, böyük klanlar dövlət çevrilişinə çalışacaq. Bunun üçün də xalqı narazı salmaq üçün hər yola əl atırlar. Bütün günü, adlarını çəkmiyəcəm, o partiyalarla bir yerdədilər, çirkin planlarını həyata necə keçirəcəklərini müzakirə edirlər. Bunu mən görürəmsə, onlar niyə görmür? Nazirlərin övladları xaricdə ən bahalı avtomobil sürürlər, ən bahalı istirahət məkanlarında dincəlirlər, bizim sanatoriyalar onlara yaramır”.
Azərbaycanda qonaq olan ərəblərdən də narazılıq edən Hafiz Hacıyev hesab edir ki, onları ölkəmizə düşünülmüş şəkildə gətirən qüvvələr var:
"Ərəbləri gətiriblər ki, onların tikdikləri evləri alsınlar. Mən hələ çox məsələləri açmıram. Bəzi məmurlara xəbərdarlıq edirəm, yığışdırsınlar özlərini. Hansı ərəbləri Azərbaycana nəyə görə gətiriblər, onu da ortaya qoyacağıq. Ərəb dövlətlərində gedib hansı oyunlardan çıxırlar, onu da qoyacağıq ortaya”