Qubad İbadoğlu: "ABŞ-ın Kaliforniya ştatında adambaşına illik gəlirləri 98 min dollardan az olan ailələr yoxsul hesab olunur”
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu yenidən ABŞ-a qayıdıb. İqtisadçı alimin ABŞ-ın nüfuzlu universitetlərindən birində dərs deyəcəyi bildirilir. "Yeni Müsavat” olaraq Qubad bəylə internet üzərindən əlaqə saxlayıb ondan qarşıdakı planları, ABŞ-dakı müşahidələri, Azərbaycan-ABŞ münasibətləri ilə bağlı fikirlərini soruşduq.
- Qubad bəy, müəyyən fasilədən sonra yenidən ABŞ-a döndünüz. Bildiyimizə görə, yenə də əvvəlki kimi dünyanın nüfuzlu universitetlərindən birində dərs deyəcəksiniz. Budəfəki müqaviləniz uzunmüddətlidirmi? Yaxud ABŞ-da uzun müddət qalmağı planlaşdırırsınız, yoxsa Vətənə dönəcəksiniz?
- Əslində 2016-cı ilin aprelində son uzunmüddətli ABŞ səfərindən vətənə dönəndən sonra da dünyanın sivil dövlətləri, xüsusilə də ABŞ-la əlaqələrimi davam etdirirəm. ABŞ ən çox ziyarət etdiyim xarici ölkədir, bu ölkədə 15 dəfədən çox səfərdə olmuşam, qısa və uzunmüddətli proqramlarda iştirak etmişəm. Son 1 ildə Vaşinqton və Nyu-Yorka üç qısamüddətli səfərim olub. Budəfəki səfərim də əvvəlkilərin davamı olaraq təşkil olunub, müddət baxımdan nə qısadır, nə də uzundur, planlaşdırdığım işlər üçün optimaldır. Burda işlərimi yekunlaşdırana qədər fəaliyyətimi davam etdirəcəyəm. Azərbaycana hazır qayıdacağam.
- Bundan əvvəl də bu ölkədə uzun çalışmalarınız oldu, dəfələrlə səfərlər etmişiniz. ABŞ sizinçün, bir iqtisadçı alimçün nə deməkdir, hansı anlamı verir?
- ABŞ təcrübə toplamaq və potensialı reallaşdırmaq üçün ideal ölkədir, hegemon dövlətdir, dünyanın böyük siyasi və iqtisadi problemləri burdan yoluna qoyulur. Bu ölkədə xüsusilə də iqtisadiyyat çox dinamikdir. Məsələn, 10 il bundan əvvəl ilk İphone telefonlarını təqdim edən Apple şirkətinin bazar dəyəri 750 milyard dolları ötüb. Bu məbləğ Azərbaycanın da daxil olduğu 183 ölkənin birlikdə ÜDM-dən çoxdur. Apple şirkətinin bazar dəyəri ABŞ-ın enerji nəhəngləri olan qocaman "Exxon Mobil”in dəyərindən 2 dəfə, "General Electric”in dəyərindən isə 3 dəfə çoxdur. Burda elm də, təhsil də, siyasət də, iqtisadiyyat da daim inkişafda və tərəqqidədir. Odur ki, bu ölkədən götürüləsi çox örnəklər var.
Burda cəmiyyətin rolu, sadə vətəndaşların, eləcə də elm və təhsil işçilərinin davranışları, dövlət institutlarının və xüsusilə də siyasətçilərin fəaliyyəti çox fərqlənir. Elə bil ki, burda bütün qərarlar bir məqsədə yalnız insanların rahat və firavan həyatı, eləcə də təhlükəsizliyi üçün verilir. İrqindən, cinsindən asılı olmayaraq insanlara verilən dəyər və onlara bəslənən güvənc, onlar arasında həmrəylik və birlik cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi hesab oluna bilər. Burda cəmiyyət dövlətdən daha yetkindir və aparıcı mövqeyə malikdir. Dövlətin işi böyük mənada təhlükəsizliyi təmin etməkdir. Odur ki, mən bu ölkədə özümü rahat və təhlükəsiz hiss edirəm. Burda çoxlu dostlarım və tanışlarım var, onlarla təmasda olmaq, xüsusilə də Azərbaycana bağlı və qərarların qəbuluna təsir imkanları olan şəxslərlə görüşüb, müzakirələr aparmaq üçün də bu səfəri xüsusi fürsət kimi dəyərləndirib, bura gəlməyə və köhnə əlaqələri təzələməyə, yeni əlaqələr qurmağa qərar verdim.
"Müstəqilliyimizə təhlükə Rusiya demokratikləşəndən sonra sovuşa bilər”
Duke Universitetində çalışdıqdan sonra mənə bu ölkədə özümü təqdim etmək o qədər də çətin deyil. Hazırda məşhur və nüfuzlu Princeton Universiteti və Albert Eynşetynin akademik evi hesab olunan aparıcı tədqiqat institutunda ziyarətçi professor vəzifəsində çalışıram. Yaxın aylarda çox zəngin və maraqlı akademik və ictimai mühitdə işləyəcəyəm. Sonra yenə də daimi ünvanım vətən olacaq, bir müddətdən sonra Azərbaycana qayıdaraq orda başladığım işləri davam etdirəcəyəm.
- Yəqin ki, ailə-uşaqlar da sizinlə gedib və övladlarınız təhsillərini orada davam etdirəcəklər, eləmi?
- Artıq uşaqlar böyüyüb, hərəsinin öz yolu və planları var. Bu səbəbdən də kiçik ailəmiz demək olar ki, 3 fərqli ölkədə yaşayır. Qızım Azərbaycandadır, Bakı Dövlət Universitetində hüquq fakültəsinin ikinci kursunda, "Sabah” qrupunda təhsilini davam etdirir. Böyük oğlum bu il Avropa Birliyinin Tempus Proqramının təqaüdçüsü olaraq Szeged Universitetinin Biznesin idarəçiliyi fakültəsinə daxil oldu. Onu da təhsili ilə əlaqədar olaraq Macarıstana yola saldıq. Kiçik oğlum isə anası ilə bərabər ABŞ-dadır. O da Princeton Ali Məktəbinin 10-cu sinfində təhsilini davam etdirir.
- Keçən dəfə Obamanın rəhbərlik etdiyi ölkədəydiniz. Bu dəfə isə dünyanın supergücünün sükanı Trampın əlindədir. Budəfəki gedişinizdəki müşahidələr fərqli nə isə deyirmi?
- Əvvəlki səfərlərimdə də, indi də müşahidələrim göstərdi ki, ABŞ-da prezidentlər daha çox təmsilçilik missiyasını yerinə yetirirlər. Bu ölkəyə Klintonun prezidentliyi dövründən müntəzəm olaraq gəlirəm və xüsusilə də ABŞ-ın xarici siyasət kursunun davamlı olaraq izləyirəm. Klintonun, Buşun, Obamanın dövründə də, indi də xüsusilə xarici siyasət prioritetlərdə kəskin dəyişiklik hiss etməmişəm. Məsələn, Obama dövründə daha da gərginləşən ABŞ-Rusiya münasibətlərində Tramp yumşalmaya vəd versə də, ona nail ola bilmədi. Hətta bu gün Putinin ən böyük tənqidçiləri olan şəxslər Tramp administrasiyasında yüksək vəzifələr tuturlar. Odur ki, bu dəfə də əvvəlkilərlə müqayisədə xüsusi fərqlər və narahatlıqlar görmürəm.
- Düzdür, ölkəni yeni tərk etmisiniz. Amma yəqin ki, müəyyən görüşləriniz olub. ABŞ-dan son vaxtlar Azərbaycana qarşı yenə də sanksiya təhdidi səslənir. Senatdakı bu təşəbbüslər dəstək qazana bilərmi?
- Mən Azərbaycanı bir həftədir ki, tərk etmişəm. Senatdakı təşəbbüslər barədə məlumatlıyam. Bildiyim qədər də sanksiyalar Azərbaycana deyil, hazırkı hakimiyyətə qarşı səsləndirilib. Əslində mən dövlət olaraq Azərbaycana qarşı sanksiyaların əleyhinəyəm. Sanksiyalar fərdi və ünvanlı olmalıdır, nə ABŞ-dan, nə Rusiyadan, nə də İrandan Azərbaycan dövlətinə qarşı nəinki sanksiyalar, hətta təzyiqlər belə, yolverilməzdir.
- Maraqlıdır ki, bundan bir neçə gün əvvəl bp-nin vətənində Azərbaycan ciddi şəkildə ittiham olunurdu, hətta Böyük Britaniyanın baş nazirinin Bakıya səfər edərək hakimiyyətlə həmin ittihamlar ətrafında müzakirələr aparacağı iddiası var idi. Amma "Azəri” "Çıraq” və "Günəşli” (AÇG) yataqlarının istismarı üzrə neft müqaviləsinin yenidən və daha uzun müddətə imzalanması ilə bağlı mərasimdə həm ABŞ, həm Avropa rəsmiləri Azərbaycanın önəmindən bəhs etdilər, növbəti əməkdaşlığı səbirsizliklə gözlədiklərini dedilər. Sizcə, əvvəlki təzyiqlər neft müqavilələri ilə əlaqədar ola bilərdimi?
- Hesab etmirəm ki, bu məsələlər arasında birbaşa əlaqə var. Avropa və ABŞ enerji təhlükəsizliyinin təminatında Azərbaycanla əməkdaşlığa ciddi əhəmiyyət verir. Burdakılar gözəl bilirlər ki, Azərbaycanın neft və qaz kəmərləri yalnız Avropaya hədəflənib. Odur ki, çox arxayınlıqla belə layihələrə siyasi dəstək verirlər və ona bir hakimiyyətin deyil, dövlətin layihəsi kimi baxırlar. Digər tərəfdən, bu layihələr çərçivəsində əməkdaşlığa Azərbaycanın Rusiyanın təsirindən uzaqlaşdırılması vasitəsi kimi də yanaşılır.
- 2050-ci ilədək qüvvədə olacaq bu müqaviləni həm də müstəqilliyimizin qarantı saymaq olarmı? Rusiyanın təhdidləri azalacaq, yoxsa əksinə olacaq?
"2018-ci ildə seçki olsa da, olmasa da vətənə dönəcəyəm”
- Müstəqilliyimizə ən böyük təhlükə Rusiyadır. Belə müqavilələr bir tərəfdən Azərbaycan müstəqilliyinə Qərbdən dəstəyi, digər tərəfdən də Rusiyadan təhdidi artırır. Odur ki, hesab edirəm ki, müstəqilliyimizə təhlükə yalnız Rusiya demokratikləşəndən sonra sovuşa bilər.
- Belə məlumatlar var ki, dolların kursu ilə müqayisədə Azərbaycan manatı möhkəmlənməkdə davam edəcək. Siz nə gözləyirsiniz?
- Əslində son zamanlar dollar qlobal səviyyədə dəyər itirir, bunu avroya münasibətdə daha aydın görmək olar. Bu il ərzində xam neftin dünya bazar qiymətinin bahalaşması da manatın mövqeyini möhkəmlədən əsas amillərdən hesab oluna bilər. Odur ki, yaxın zamanlarda Azərbaycan manatının dollara nəzərən məzənnəsinin hazırkı səviyyədə saxlamaq elə də çətin olmayacaq. Valyuta bazarında gərginlik ilin sonunda müşahidə oluna bilər ki, lakin onu da tənzimləmək Mərkəz Bankı üçün çətin görsənmir.
- ABŞ-da olduğunuz günlərdə Azərbaycan bazarı ilə müqayisə apardınızmı? Qiymətlər necədir? Məsələn, kərə yağı, yaxud şəkərin müqayisəsində?
- Ayrı-ayrı məhsullar üzrə müqayisədə ABŞ-da istehlak bazarı daha bahadır. Çünki burda əhəmiyyətli rol oynayan amillərdən biri də manatın məzənnəsindəki son dəyişikliklərdir. Bir də ki, belə müqayisədə həmişə gəlirləri də diqqətdə saxlamaq lazımdır. Məsələn, ABŞ-ın Kaliforniya ştatında adambaşına illik gəlirləri 98 min dollardan az olan ailələr az gəlirli, yoxsul hesab olunur. Halbuki, Azərbaycanda hazırkı orta aylıq əmək haqqı ilə Kaliforniyada yaşayan azgəlirli, yoxsul əhalinin səviyyəsinə çatmaq üçün ən azı 25 il işləmək lazımdır.
Yeri gəlmişkən, istehlak qiymətlərinin və xidmət tariflərinin bahalaşması yaxın dövr üçün Azərbaycanın əsas iqtisadi və sosial problem olacaq. Çünki artıq ikinci ildir ki, davam edən ikirəqəmli inflyasiya iş yerlərinin sürətlə bağlandığı və işləyənlərin gəlirlərinin artmadığı şəraitdə əhalini sürətlə yoxsullaşdırmaqdadır.
- Yaxın perspektiv üçün Azərbaycanda hansı addımların atılacağını gözləyirsiniz? Həm prezidentin imzaladığı Strateji Yol Xəritəsinə uyğun, həm də siyasi islahatlar baxımından? Yeri gəlmişkən, Mehman Əliyevin, ardınca cəbhəçi Faiq Əmirlinin azad olunmasından sonra bir çoxlarının dəyişikliklərə ümidləri artıb.
- Azərbaycanın və onun iqtidarının yeganə alternativi islahatlardır. Bu islahatlara gec başlanılması onun xərclərini artırır, sosial yükünü çoxaldır. Bu yükü götürmək üçün cəmiyyətdə həmrəylik və vəhdət olmalıdır. Ona görə də mövcud hakimiyyət siyasi məhbusları azad etməli, demokratik qüvvələrin islahat paketini dəyərləndirməli və islahatçılarla əməkdaşlığa hazır olmalıdır. Amma təəssüf ki, bu müşahidə olunmur.
Elə adını çəkdiyiniz strateji yol xəritələri də bu səbəbdən aktuallığını itirib.
- Maraqlıdır, 2018-ci il prezident seçkilərində Azərbaycanda olacaqsınızmı?
- Əlbəttə, 2018-ci ildə prezident seçkisi olsa da, olmasa da mən tezliklə vətənə dönəcəyəm.