Şirvan şəhərində yerləşən "Büllur” klinikasının baş həkimi dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinin müalicəsi üçün ayrılmış vəsaiti mənimsəyib.
Bu barədə Axar.az-a Salyan Veteran, Şəhid ailələri və Qarabağ Əlilləri İctimai Birliyin üzvləri məlumat veriblər.
"Büllur” klinikasının baş həkimi Vidadi Əzizovun süründürməçiliyindən cana doyduqlarını deyən Qarabağ əlilləri Nadir Qafarov, Mehdi Axundov, Zöhrab Şiri, Əziz Sarvanəlioğlu və cəmiyyətin digər üzvləri olayla bağlı Səhiyyə Nazirliyinə müraciət ediblər.
Şikayətçilər iddia edib ki, Səhiyyə Nazirliyi Salyan rayonunda yaşayan Qarabağ mühariəsi əlillərinin diş müalicəsi üçün müəyyən vəsait ayırıb. Ayrılmış vəsait Şirvan şəhərində yerləşən "Büllur” klinikasına köçürülüb. Hər əlilin diş müalicəsi üçün dövlət tərəfindən klinikaya təxminən 480 manat vəsait ödənilib. Lakin klinika rəhbərliyi müalicə üçün onlara müraciət edən müharibə əlillərinin dişlərini müalicə etməkdən boyun qaçırır. İddiaya görə, klinikanın baş həkimi V.Əzizov əlillərə dövlətin verdiyi pulu bölməyi təklif edib:
"Vidadi həkim deyir ki, pulu yarı-yarıya bölək. Məbləğin yarısını sizə verim, gedin harada istəyirsiniz, orada da dişlərinizi düzəltdirin. Etiraz etdiyimizə görə baş həkim indi də ümumiyyətlə pulu vermir. Dövlətin müalicəmiz üçün ayırdığı vəsait də batıb, müalicəmiz də aparılmır”.
Şikayətçi Mehdi Axundov bildirib ki, vəsait əvvəlcə Salyan rayonunda yerləşən dövlət xəstəxanasına köçürülmüşdü. Sonradan vəsait oradan alınıb Şirvan şəhərindəki "Büllur” klinikasına köçürüldü. İndi də Salyanda yaşayan müharibə əlilləri dişlərinin müalicəsi üçün Şirvan şəhərinə getməli olur:
"Yol yaxın deyil. Bizim də gedib gəlmək imkanımız yoxdur. Həm fiziki cəhətdən, həm də maddi cəhətdən problemlərimiz var. Baş həkim də hər dəfə deyir, bu gün gedin, sabah gələrsiz. Biz hər gün Salyandan Şirvana necə gedib gələk? Müalicə etmək istəmədiyi üçün və bizə ayrılan vəsaiti mənimsədiyi üçün bu qədər müharibə əlilini get-gələ salıb”.
"Büllur” klinikasının baş həkimi V.Əzizov isə ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. Axar.az-a açıqlama verən baş həkim bildirib ki, müharibə əlillərinin dişlərinin müalicəsi üçün onlara tam vəsait ödənilməyib. Hansı şəxsin pulu dövlət tərəfindən klinikaya ödənilirsə, o da müalicə edilir:
"Bura özəl klinikadır. Özəl klinikada müalicə almaq, müayinə edilmək üçün mütləq vəsait ödənilməlidir. Pul birbaşa klinikaya ödənilir. O pul mənim əlimə gəlmir ki, onu müharibə əlilləri ilə yarı-yarı bölmək təklifi edim. Ayrı-ayrı şəxslərin adına pul zaman-zaman köçürülür. Hansı xəstənin adına pul köçürülübsə, müalicəsi də aparılır. Mən onlara dəfələrlə demişəm ki, pulunuz köçürüləndən sonra gəlin. Bura özəl klinikadır, mənim edə biləcəyim bir şey yoxdur. Pul köçürülməsə, müalicə edə bilmərəm”.
Baş həkim pulu köçürülən xəstələrin müalicələrinin artıq bitdiyini bildirib:
"Dünən pulu köçürülən 3 Qarabağ əlilini qəbul etmişəm. Birinin dişi çəkilib, birinin dişini düzəltmişəm, digər yaşlı kişinin isə protezi köhnə olduğuna görə damağı üçüm müalicə yazmışam. Problem isə pulu klinikaya ödənilməyən xəstələrlə yaşanır. Dövlət pulu verməyib, o zaman özü vəsait ödəsin, müalicə edək. Bura dövlət klinikası deyil axı”.