Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu il ümumi kənd təsərrüfatı məhsulları 2,8 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2,6 faiz artıb.
"Taxıl ehtiyatının əsas hissəsi Azərbaycana xaricdən idxal edilir. Bu səbəblə, bitkiçilik məhsullarının istehsalıdakı artım çörəyin qiymətinə təsir göstərməyəcək”.
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, indiki məqamda taxıl istehsalındakı artım çörəyin qiymətinə təsir etməyəcək:
"Azərbaycan taxıla olan tələbin ödənilməsində idxaldan asılıdır. Ölkəmiz əsas iki ölkədən - Qazaxıstan və Rusiyadan taxıl idxal edir. Rəsmi statistikaya nəzər yetirsək, yalnız 2016-cı ildə Qazaxıstan və Rusiyadan 1623 ton taxıl idxal edilib. Bu da 500 milyon dollardan artıq vəsaitin idxal üçün istifadə olunması deməkdir. Dənli bitkilərin istehsalının artması müsbət haldır və vacibdir. Amma istehsal idxaldan asılılığı aradan qaldırmaq üçün yeterli deyil. Təbii ki, bu artımın çörəyin qiymətinə təsir edəcəyi gözlənilmir. Amma gələcəkdə taxıla olan tələb yerli istehsal tərəfindən ödənilərsə, bunun çörəyin qiymətinə təsirləri ola bilər”.