"Beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan görüşündə deyib. Nazir qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə həyata keçirilən bu siyasət və təcrübə, eyni zamanda işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir.
"Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola və münaqişənin sülh yolu ilə həlli prespektivlərini artıra bilər”, - deyə E. Məmmədyarov vurğulayıb.
Ancaq elə son günlərin müşahidələri onu deyir ki, nə beynəlxalq aləm Ermənistanı yerində oturtmaq niyyətində deyil, nə də işğalçı məhz beynəlxalq təzyiq görmədiyi üçün özünün ənənəvi mövqeyindən geri çəkilmək istəmir. Əgər belə olmasaydı, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "konstruktiv” saydıqları Cenevrə görüşündən bir neçə dəqiqə sonra Dağlıq Qarabağın müstəqilliyindən heç zaman vaz keçməyəcəklərini bəyan edən Serj Sərkisyana cavab elə həmsədr ölkələrdən gəlməli idi. Ancaq belə bir cavabın olmaması səbəbindən Qarabağ torpaqlarında hərbi təlimlər keçirən düşmən ardınca atəşkəsi pozması nəticəsində ordumuzun əsgərini qətlə yetirdi. Bu azmış kimi, erməni tərəf həyasızcasına cəbhədə yaranmış gərgin vəziyyətə görə Azərbaycanı günahlandırmağa cəhd göstərir. Düşmən Azərbaycan ordusunun "SPAYK” tipli tank əleyhinə raketlərdən istifadə etdiyi barədə iddialar irəli sürüb və Azərbaycan Müdafiə Nazirliyinin bu cəfəng iddialara cavabı olub. Bundan sonra 2016-cı ilin aprel döyüşlərində qaçıb gizlənmiş Dağlıq Qarabağ separatçılarının "komandanı” Levon Mnatsakanyan da Azərbaycanı "SPAYK”-la hədələyən açıqlama verib. Separatçı erməni mediasına deyib ki, hələlik bu silahdan istifadəyə lüzum görmürlər. Çünki qarşıda həmsədrlərlə görüş var. Ancaq işğalçıların bundan əvvəlki əməlləri və mövcud situasiya onu deyir ki, Ermənistan ordusu daha ağır silahlardan istifadəyə zəmin hazırlamaq üçün saxta informasiyalar yayır.
"Torpaqları işğaldan azad etmək üçün yeganə çıxış yolu hərb yoludur”. General-leytenant Yaşar Aydəmirov "Yeni Müsavat”a cəbhədəki gərginliyi şərh edərkən belə dedi. Peşəkar hərbçinin sözlərinə görə, aparıcı dünya dövlətləri imkan versə, Azərbaycan nəinki Dağlıq Qarabağ, hətta Qərbi Azərbaycan problemini qısa müddətdə həll edə bilər: "Həm xaricdən aldığımız müasir silah-sursat, hərbi texnika, həm daxildə istehsal olunan silahlar, həm də ordumuzun peşəkarlığı bunu inamla söyləməyə əsas verir. Azərbaycan ordusu mütəmadi şəkildə irimiqyaslı hərbi təlimlər keçirir. Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan ordusunun böyük imkanları var. Bu qədər silah-sursat, döyüş qabiliyyəti erməni ordusunda yoxdur. Üstəlik, müharibə başlayarsa, təyyarə ilə Ermənistana kifayət qədər silah-sursat gətirmək mümkün deyil”.
General savaşın başlaması halında Rusiyanın işğalçı ölkəyə dəstək verəcəyini güman etmir: "Rusiya Azərbaycanın da strateji tərəfdaşıdır, Ermənistanın da. Azərbaycanla da qarşılıqlı öhdəliklər, müqavilələr var. Üstəlik, Rusiya böyük vəsaitlər hesabına Azərbaycana silahlar satır. Silah bazarında isə heç kəs heç kəsə güzəştə getmir. Azərbaycan indi 1920-ci ilin Azərbaycanı deyil. 12 gün ərzində aparılan hərbi əməliyyatlar zamanı Xankəndi, Şuşa erməni quldurlarından azad olundu, o zaman Bakıətrafı müdafiə olunmurdu deyə, işğalçı ordu Azərbaycana girdi. İndi isə Azərbaycanın kifayət qədər qüdrətli ordusu var. Bundan başqa, bir neçə dövlətlər var ki, tam komplektləşdirilmiş orduya malikdir, onlardan biri də Azərbaycandır. Böyük güclər Azərbaycan dövlətinin qüdrətli orduya malik olduğunu yaxşı bildikləri üçün əllərindən gələni edirlər ki, Azərbaycanı müharibədən yayındırsınlar. Ancaq Azərbaycan son sözünü deməlidir. Nə qədər torpaq itirəcəyik, nə qədər parçalanacağıq? Mən müharibənin hər an başlaya biləcəyini gözləyirəm. Yəqin siyasi bir məqam axtarılır ki, böyük dövlətlər qarışmasın”.
"Sərkisyanın bu cür davranışı, həmçinin Kataloniyada və İraqda baş verən son referendumların fiasko ilə nəticələnməsi bunu diktə edir ki, Azərbaycan sabahı gözləmədən işğal olunmuş torpaqlarının azad olunması uğrunda əməliyyatlara başlamalıdır”. Bu fikirlər isə ehtiyatda olan zabit, hərbi ekspert Tərlan Eyvazova məxsusdur. Ehtiyatda olan hərbçi qəzetimizə dedi ki, hərbi əməliyyatlara başlamaq Azərbaycanın haqqıdır: "Bu haqq ona çoxdan verilib, hələ BMT-nin məlum qətnamələri qəbul olunan gündən. Amma dünya güclərinin ikili münasibəti Azərbaycanın beynəlxalq hüquqa istinad edərək torpaqlarını azad etməsinə imkan verməyib. Ancaq unutmamalıyıq ki, dünya gücləri gəlib mənim əvəzimdə döyüşüb, mənim torpağımı azad edən deyil. Azərbaycanın öz ərazini işğalçıdan azad etməyə həm iqtdisadi, həm hərbi potensialı var. Mən bunun başqa yolunu görmürəm”.
T.Eyvazov Sərkisyanın Cenevrə görüşündəki razılaşmanı pozaraq sərsəm bəyanat verməsinə Azərbaycan XİN-in daha sərt reaksiya verməsini zəruri saydı: "Ermənistan bir tərəfdən deyir ki, mən müəyyən torpaqları qaytara bilərəm. Ancaq Qaradağ separatçıları deyir yox, biz aldığımız torpaqları özümüzünkü elan etmişik və geri qaytarmayacağıq. Bu, artıq ”gizlən-qaç oyunudur". Orduya bu qədər büdcə ayrılır, müasir silahlar alınır, nəhayət, ordumuz öz sözünü deməlidir. Son referendumlara verilən reaksiyalar göstərir ki, dünyada ikili standartlar var. Ancaq heç kəs bizim əl-ayağımızı tutub demir ki, "torpaqlarınızı azad etməyin!” Mən daxil olmaqla hamı Rusiyadan bəhs edir. Lakin Azərbaycan bu hadisələrdən sonra öz torpaqlarını azad etməyə başlasa, Rusiya heç nə etməyəcək. Birinci mən Rusiyadan silah almışam, milyardlarımı yemişəm. Rusiya bilirdi ki, biz o silahları "yaraşıq” üçün almırıq, torpaqlarımızı Ermənistanın işğalından azad etmək üçün alırıq. İkincisi də artıq Şimali Qafqaz həminki Qafqaz deyil. Ramzan Kadırov Azərbaycan prezidenti İlham Əliyevə "böyük qardaşım” deyə, müraciət edir. Odur ki, Rusiya Şimali Qafqaz yolu ilə Azərbaycana hücum edə bilməz. Həmçinin çeçen lider Myanmadakı müsəlmanları müdafiə edirsə, deməli, Azərbaycanın kürəyinə bıçaq vurmayacaq. Yəni Gürcüstan hadisələri bizim başımıza gətirilməyəcək. Belə bir cəhd olarsa da, Azərbaycan Rusiyanın qarşısına ləyaqətlə çıxmaq iqtidarındadır. Odur ki, Azərbaycan elə bu gün öz torpaqlarını azad etməyə qərar verməlidir".
Qarabağdakı status-kvonun davamının çox təhlükəli olduğunu 2016-cı ilin aprel döyüşləri də təsdiqlədi. Bu günlərdə yaşananlar da böyük müharibənin hər an başlaya biləcəyinə şübhə yeri qoymur. Elə beynəlxalq səviyyəli ekspertlər də vəziyyətin təhlükəli olduğunu etiraf edirlər.
"Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir və bu çox təhlükəlidir”.
Bunu isə Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol deyib. (Trend) A.Pol vurğulayıb ki, Ermənistanın və ümumiyyətlə regionun hərbiləşdirilməsi heç də müsbət hal deyil, lakin İrəvan, görünür ki, Azərbaycanın hərbi potensialını üstələməyə ehtiyac duyur. Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. A.Pol bildirib: "Rusiya Ermənistanın ən böyük himayədarıdır. Çünki Rusiya Ermənistanda hərbi bazasının olmağından əlavə, Ermənistana və Azərbaycana böyük miqdarda silah satır və bunu özünün balanslaşdırılmış siyasətinin bir hissəsi kimi əsaslandırır".
ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvanda olarkən onlara bildiriblər ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: "Bir qarış da olsun torpaq”, hansı ki, "avtomatik strategiya olur”. Virtualaz.org-un məlumatına görə, bu haqda erməni KİV-inə idarəetmə üzrə ekspert Arutyun Mesrobyan bildirib. Bu artıq təkcə təxribat deyil. Bu, Qarabağ münaqişəsinin nizama salınması üzrə bütün diplomatik səylərə, ermənilərin, sadəcə olaraq, tüpürmələridir. Torpaqların bir qarışının da güzəştə gedilməyəcəyindən danışarkən Ermənistanda, təbii, Qarabağı və Azərbaycanın işğal edilmiş digər ərazilərini nəzərdə tuturlar. İrəvanda çıxan "Lraqir” qəzetinin açıq yazdığı kimi, Ermənistan heç nə qaytarmağa hazırlaşmır, baxmayaraq ki, diplomatlar hələ də danışıqlarda iştirak edir və hansısa təkliflər irəli sürürlər. Aydın və dəqiq ismarışdır: Ermənistan heç nə qaytarmağa hazırlaşmır. Belə də başqa bir sual da yaranır: bir halda ki, tərəflərdən biri - Ermənistan nəinki güzəştlərə, hətta danışıqlara belə qəti surətdə hazır deyil, onda ATƏT-in Minsk Qrupu, həmsədrlər nə üçün və nəyə lazımdırlar?!
Azərbaycanın vəziyyəti qiymətləndirib düşmənə sarsıdıcı zərbə endirəcəyindən üçüncü tərəf, həmişəki kimi, narahatdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Ermənistan hərbi təlim keçirir, Azərbaycan əsgərini qətlə yetirir, qadağan olunmuş silahlardan istifadə edir, ancaq ATƏT-in "sülh göyərçinləri” hələ də yuxudadırlar. Azərbaycan sərt tədbirlərə əl atacağı təqdirdə yenidən hərəkətə keçib danışıqlara çağırış edəcəklər. Ancaq Ermənistan rəhbərliyinin mövqeyi hərbi ekspertlərimizin dediyi kimi, danışıqlardan imtina vaxtının çatdığını diktə edir.