Şəfəqə Doğru » Manşet » Millət vəkili: “Bizdə “üçüncü cins” məşhurlar var”

Millət vəkili: “Bizdə “üçüncü cins” məşhurlar var”

Millət vəkili: “Bizdə “üçüncü cins” məşhurlar var”

"Kimsə özünün orientasiyasını cəmiyyətə sırımaq istəyirsə, buna mühafizəkar yanaşan insanlar da qanunlar çərçivəsində bunun ailə institutuna mənfi təsir göstərməsi ilə bağlı təbliğat aparmalıdır”

 


Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Almaniya Konstitusiya Məhkəməsinin 2018-ci ildən ölkə vətəndaşlarının öz vəsiqələrində "üçüncü cins” nümayəndələri olmalarını göstərmələrinə izn verməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib. 

O bildirib ki, bu tip halların adiləşdirilməsi cəmiyyətdə bir çox fəsadlar yaradır:

"Buna stimul yaratmaq, qadın və kişidən başqa digər cinsin tanınması ilə bağlı mühitin yaradılması başlıca yanlış addımdır. Buna görə də qanunda, şəxsiyyət vəsiqələrində bunun göstərilməsi əslində yaxşı haldır. Çünki kiminsə vəsiqəsəsinə baxanda artıq onun haqqında müəyyən fikir insanlarda yaranmış olar. 

Bizdə də belə bir şeyin tətbiq olunmasını istəyərdim. Çünki bu hallara bizim ölkədə də çox rast gəlinir. Təəssüf ki, artıq bunu həyat tərzinə çevirən vəzifəlilər, tanınmışlar var və bunlar arxa planda danışılır. Bu yaxınlarda DİN 100 nəfərə yaxın belə şəxsə qarşı əməliyyat keçirmişdi. Bundan sonra böyük bir skandal yarandı, xaricdən təzyiqlər oldu”. 

Millət vəkili qeyd edib ki, bu şəxslərin bilinməsi bizim də xeyrimizədir:

"Doğrudur, belə anormal həyat tərzinin mənəvi fəsadları var, amma bunun hüquqa daşınması, cəmiyyətdə rəsmi olaraq tanınması zərərli deyil. Çünki narkomanın, SPİD xəstəsinin tanınması ən azı insanların bu kateqoriyadan olan insanlarla davranış qaydalarını müəyyənləşdirməyə kömək etdiyi kimi, bunu həyat tərzinə çevirən insanları tanımaq da onlarla necə davranacağımızı bəlli edər. Unutmaq olmaz ki, bu hallar müasir dünyanın gəldiyi bir nöqtədir. Anormal, insan təbiətinə zidd olan bir proses olmasına baxmayaraq, bu artıq Avropada, bizdə də reallığa çevrilib. Ona görə də bu halın sənəddə göstərilməsi işin təhlükəli tərəfi deyil”.

Millət vəkili vurğulayıb ki, bu halların rəsmiləşməsi deyil, təbliği ziyanlıdır və ailə institutuna zərər vurur:

"Çünki ailə müqəddəs institutdur. Belə halların təbliği müəyyyən insanları ailə qurmaqdan, yaxud da normal insan həyatı yaşamaqdan çəkindirir. Bu halların təbliğinə bir səbəb də Avropanın getdikcə qocalması, qoca qitə olması, burada əhalinin artımının aşağı düşməsidir”.

Qeyd edək ki, Almaniya Konstitusiya Məhkəməsi ölkə vətəndaşlarının öz vəsiqələrində "üçüncü cins” nümayəndələri olmalarını göstərmələrinə izn verib. Yeni qaydaların 2018-ci ilin sonundan tətbiq ediləcəyini bildirib.