1991-ci ilin 20 noyabrında baş verən vertolyot terroru ilə bağlı Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov "Yeni Müsavat” qəzetinə geniş müsahibə verib.
1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycanın hərbi helikopterində həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Sanlal Serikov, jurnalisti Alı Mustafayev də var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Eks-prezidentlə 1991-ci ilin 20 noyabrında törədilən vertolyot terroru barədə danışmaq elə də asan olmadı. A.Mütəllibov bu mövzuda danışmağın onun üçün heç də asan olmadığını, üstəlik, bəzi mətləbləri açmaq istəmədiyini deyərək, danışmaq istəməsə də, Qarabağla bağlı danışıqların hazırkı mərhələsini də əhatə edən söhbətimiz israrımız sayəsində baş tutdu.
- Ayaz müəllim, 26 il sonra Qarakənd faciəsi barədə həm də tarix naminə danışmağınız daha faydalıdır. Susmağınızın mənası nədir ki?
- İldönümlərdə mən danışırdım, öz münasibətimi bildirirdim. İndi yeni bir fikir də yoxdur ki, deyəsən. Ürək ağrısından başqa...
- Ötən illərdə elə bizimlə söhbətinizdə demişdiniz ki, hələ 20 noyabr cinayətləri açılmayıb. Açılması üçün həm də danışmaq lazımdır. Bəlkə sizin deyəcəkləriniz həm də hansısa həqiqətlərin açılmasına ipucu verə bilər, elə deyilmi?
- (Pauza) Nə deyim vallah...
- Ayaz müəllim, əminliklə deyə bilərsinizmi ki, 20 noyabrla bağlı artıq hər şeyi danışmışınız?
- Bilirsiniz, siyasətdə elə şeylər var ki, lazımi məqamda həm danışmaq olur, həm də danışmaq məsləhət olmur. Mən bunu deməklə bildirirəm ki, məsələyə ehtiyatla yanaşmalıyıq. Əgər diqqət varsa, demək, bu suallar nahaq yerə verilmir, kimsə nəyisə öyrənmək istəyir, mənə istinad edərək. Sözün doğrusu, mən də hələ danışmağa səbəb tapmıram. Bu o deməkdir ki, mən sabah sizin sualınıza "hə”, "yox” cavablarını verməliyəm. Ancaq mən bunu edə bilmirəm, çünki əlimdə əsas da yoxdur. Kölgəli məsələlər bu vaxta qədər qalıb. Düzdür, söz-söhbətlər illər boyu geniş miqyasda gedir, ancaq tərpəniş yoxdur. Həqiqəti ayırd etmək üçün tərpəniş lazımdır.
- Deməli, sizin də şübhələrə son qoyulmayıb. Üstəlik də bu günə qədər vertolyot faciəsi ilə bağlı hər şeyi deməmisiniz, eləmi?
- Yox, hər şeyi demək də mümkün deyil. Bir-iki sözlə də qurtarmaq olmur. Niyə belə olub? Kimdir bunun arxasında dayanan? Bu hadisələri törədənlər kimlərdir? Mən bu haqda müsahibələrimdə çox demişəm, müsahibələrimdə vurğulamışam. İndinin özündə vertolyot qəzasına aid olan bildiklərimi kifayət qədər demişəm...
- Sabiq daxili işlər naziri İsgəndər Həmidov qəzetimizə müsahibəsində "İstintaq bilavasitə gəlib Rusiyanın üstünə çıxırdı”, "O vaxt nə ermənilərdə, nə də bizdə hava qurğusunu vuran raketlər yox idi” kimi çox ciddi fikirlər səsləndirib. Siz necə, keçmiş prezident kimi bu fikirlərlə razılaşırsınızmı?
- Mən bilmirəm hansı silahlardan, raketlərdən söhbət gedir. Bunlar Rusiyada olub, ya olmayıb, deyə bilmərəm.
- Bəs siz inanırsınızmı ki, vertolyotu vuran ermənilər olub, yaxud öz təşəbbüsləri ilə bu terroru törədiblər?
- (Sükut) Nə deyim vallah...
- Bakıdan yüksək çinli məmurların olduğu vertolyotun Qarabağa uçacağı barədə məlumat erməni terrorçularına sızdırıla bilərdimi? Yoxsa bu hadisənin bir təsadüf olması versiyasına üstünlük verirsiniz?
- (Yenə də pauzadan sonra) Elşad, gəl bu söhbəti gələcəyə saxlayaq. Mənim indi danışmaq imkanım yoxdur. Ona görə də indi heç nə deyə bilmərəm. Zaman gəlsin, danışaram. Siz oturub düşünmüşünüz, hansı sualları mənə verəcəksiniz... O sualları da verirsiniz, ancaq mənə imkan vermirsiniz ki, düşünüm, analitika edim, görüm budur, bu deyil. Heç olmasa bir balaca fikirləşim.
- Fikirləşmək üçün 26 il bəs eləmədimi?
- Elə məqamlar var ki, hələ növbəsi çatmayıb.
- Bir dəfə demişdiniz ki, bu hadisə ilə mənim qol-qanadımı vurdular...
- Vurdular da. Mənim komandam, mənim arxam idi bu həlak olanlar.
- Hadisəni Ayaz Mütəllibovun təşkil etməsi, onları bir vertolyotda göndərməsi barədə iddialar barədə nə deyə bilərsiniz?
- Yox, mən elə şey eşitməmişəm. Əgər deyirlərsə, bunu deyən axmaq adamdır.
- Kifayət qədər nüfuzlu dövlət xadimləri idi. Siz necə hesab edirsiniz, onlar sağ qalsaydı, Qarabağda vəziyyət indikindən fərqli ola bilərdimi?
- Bəli, bəli. Hər şey ola bilərdi. O zaman təlatümlü bir dövr idi.
- Rusiyaya aparılan "qara qutu”nun sonrakı taleyi haqda sizdə nə xəbər var?
- Yox, mənim xəbərim olmadı, bu vaxta qədər də yoxdur. Bircə onu eşitdim ki, dedilər "qara qutu” elə bir vəziyyətdədir ki, ondan istifadə etmək mümkün deyil.
- Tamerlan Qarayevin son anda vertolyota minməməsinin səbəbləri barədə uzun illərdir danışılır. Siz bu barədə nə deyə bilərsiniz? Bu istiqamətdə sualların cavabı varmı sizdə?
- Yox. Mən bu haqda danışmaq istəmirəm. Əsasım da yoxdur. Ümumi sözlərlə nə deyə bilərəm ki? "Ola bilər”, "çox güman”... Bu cür danışmaq yersiz olar. Ancaq müasir tariximiz araşdırılanda imkan tapıb bu məsələlərə qayıtmaq olar, əgər cəmiyyətin tələbatı olarsa.
- Ayaz müəllim, həlak olan komanda üzvlərinizin arasında sizə ən yaxın olan kim idi ki, bu günə qədər onun yoxluğunu qəbul edə bilmirsiniz?
- Hamı mənə əziz idi, hamısının mənim qəlbimdə yeri var idi. Mən burada ayrı-seçkiliyə yol verə bilmərəm. Məsələn, daxili işlər naziri Məhəmməd Əsədov çox böyük kömək edirdi. Onunla birgə Tofiq İsmayılov... Bunlar mənim əl-qolum idi. İsmət Qayıbovun özü. Çox işgüzar adamlar idilər, bunlar can-başla işləyirdilər. Vəzifə, hansısa şəxsi məqsədlər, xal qazanmaq üçün çalışmırdılar. Onlar Vətənə xidmət üçün gəlmişdilər. Tofiqin özü gəlib mənə dedi ki, sənə kömək lazımdır. Özü də biz bir-birimizə "sən” deyirdik. Dedim, a kişi, sən Moskvada böyük yük götürmüsən çiyninə, Ali Sovetin tərkibində ermənilərə qarşı danışan təkcə sənsən. Deyirdi, eybi yoxdur, başqa adam taparıq, ancaq bura vacibdir. Dedim, çox gözəl, sabahdan etibarən çıx işə! Elə də oldu. Məhəmməd Əsədov da gəldi yanıma ki, bax, mən heç kimə xahiş etməmişəm, Ayaz müəllim, bilavasitə sizə bildirirəm ki, mən Vətənimə, sizə kömək etmək istəyirəm. Heç kimə həvalə eləməmişəm, özüm gəlmişəm. Mən onu hələ Sumqayıt partiya təşkilatından tanıyırdım, olduqca istedadlı adam idi. Onun əhəmiyyətini mən indi də təsəvvür edəndə istiliyini hiss edirəm.
- İldönüm günü onların məzarlarını ziyarət etməyə imkanınız oldumu?
- Getdim, ziyarət elədim, qohum-əqrəbalarına başsağlığı verdim. Kifayət qədər adamlar var idi. Ancaq fürsətdən istifadə edərək demək istəyirəm ki, onların ailələrinin müəyyən problemləri var. Mən uzaqdan-uzağa eşitmişəm ki, bəzi xahişləri var.
- Bu barədə bəlkə siz konkretləşdirib ölkə başçısına müraciət etsəniz, daha effektli olardı...
- Mən də ehtiyatımı əldən buraxmıram. Çünki mənim sahəm deyil. Sözün doğrusu, heç elə imkana da malik deyiləm. Ancaq siz dediyinizdə həqiqət var. Lazımdır. Prezidentin də o qədər vaxtı olmur, başı qarışıqdır, mühüm məsələlərlə məşğuldur. Lakin kimsə bu məsələ ilə məşğul olmalıdır.
- Necə bilirsiniz, nə zamansa Qarakənd terrorunun sirri açılacaqmı? Yoxsa daha bundan sonra mümkün deyil?
- Bu da təbii məsələdir. Getdikcə tarix öz sözünü deməlidir. Gələcəkdə də tarixə maraq olacaq. Heç kim deyə bilməz ki, bu məsələyə nöqtə qoyulub, bitib. Xeyr!
- Ermənistanda zəlzələ baş verəndə, 1989-cu ilin dekabrında da Azərbaycanın İL 76 təyyarəsi müəmmalı şəkildə qəzaya uğradı, 76 nəfər həlak oldu.
- Hə, yadımdadır, zəlzələ ilə bağlı gedənlər idi.
- O hadisə barədə sizdə nə kimi məlumatlar var?
- Yox, məlumatsızam. Ermənilər təyyarəni qəbul etməkdən imtina etdilər.
- Ermənistandan azərbaycanlılar qovulan vaxtda, ərazi iddiaları irəli sürülən zaman Azərbaycandan yardım üçün adamlar göndərilirdi. Niyə?
- O zaman SSRİ-nin olduğu zaman idi. Mərkəz belə bir qərar qəbul etmişdi. Ancaq ermənilərin bizim addımımıza qarşı münasibəti çox sərt oldu. Ağılsız...
- O heyəti siz göndərdiniz?
- Yox, yox. Mən bu işlə məşğul deyildim.
- Qayıdaq bu günə. Rusiya XİN başçısı Sergey Lavrov Bakıdan sonra İrəvana getdi. Qarabağla bağlı nə isə gözləyirsinizmi?
- Vallah, həmişə eşidəndə deyirəm nə ola, nəhayət, ağıllı davranıb, bir məxrəcə gəlib bu məsələnin nöqtəsini qoyaydılar. Çünki mən belə düşünürəm ki, Azərbaycan-Rusiya münasibətlərinin saf olması ilk növbədə Rusiyaya lazımdır.
- Bəs Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Qarabağın azadlığı necə, Kremlə lazımdırmı?
- Burada ən mühüm məsələlərə aid qərarlar hazırlayıb meydana çıxartsaq, artıq bu barədə danışmaq olar. Biz prinsipial mövqeyimizi bildirməliyik ki, tələbimiz nədir. Ancaq onu da deyə bilərəm ki, çox şey ermənilərdən asılıdır, azərbaycanlılardan yox. Kompromis məsələsinə gələndə, Azərbaycanın nə kompromisi olacaq? 20 faiz torpaqlarımız işğal edilib, hansı kompromisdən danışmaq olar? Kompromisə ermənilər getməlidir.
- Erməni əsilli rus nazir Qarabağ məsələsini Azərbaycanın faydasına həll etmək istəyərmi?
- Birinci növbədə Lavrov Rusiya Federasiyasının xarici işlər naziridir, erməni olmağına baxmayaraq. Məmurdur, məmura deyirlərsə, onu icra etməlidir, özbaşına heç nə edə bilməz.
- Bu ilin yanvarında demişdi ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil. Belə bir adamdan nəsə gözləmək olarmı?
- Yəqin ki, o, böyük geosiyasi məsələləri nəzərdə tutur. Doğrudan da burada Moskva-Vaşinqton məsələsi var.
- Lavrovun dediklərindən bir daha aydın oldu ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması Rusiyaya daha çox lazımdır, nəinki bölgədə sülhün yaradılması.
- Yəqin ki, belədir. Ancaq mən belə olan halda deyirəm ki, Rusiya iqtisadi nöqteyi-nəzərdən maraq yetirməsə də, Azərbaycanın geostrateji, coğrafi vəziyyəti çox önəmli faktordur, ruslar da bundan imtina edə bilməz. Baxın, Yaxın Şərq, Orta Asiya, Xəzərin o tayı, Çin. Mühüm regiondur. Ona görə də Qərbin də burada marağı böyükdür. İndi hansı tərəf tezliklə Qarabağ məsələsini həll etsə, qələbə onundur. Söhbət Moskva ilə Vaşinqtonun arasında olan məsələlərə aiddir.
- Ümumiləşdirəndə bu səfər Dağlıq Qarabağa həsr olunub, yoxsa gündəmdə başqa məsələ var?
- Ümumi məxrəcə gəlməlidirlər, bu işdə hansısa düstur tapılmalıdır və siyasi iradə göstərilməlidir.
- Rusiyanın məqsədi odur ki, Azərbaycan 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağdan imtina etsin...
- Heç kim bizim qarşımıza bu şərti qoya bilməz! Bu, Azərbaycan dövlətinin, Azərbaycan rəhbərliyinin işidir. Hansısa şərt qoymaq yersizdir. Yəni siz 5 rayonu alın, ancaq bundan imtina edin. Alverin yeri deyil...