NATO növbəti dəfə Azərbaycana etibarlı tərəfdaş kimi dəyər verdiyini nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun noyabrın 23-də Brüssel sammitinə dəvət olunması bunu bir daha göstərdi.
Azərbaycan artıq uzun illərdir ki, Şimali Atlantika Alyansı ilə terrorçuluqla mübarizə və problemli bölgələrdə sabitliyin bərpası məqsədilə əməkdaşlıq edir. Buna misal kimi Azərbaycanın 2002-ci ildən 2014-cü ilədək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) missiyasında, eləcə də NATO-nun Kosovodakı sülhməramlı missiyasında fəal iştirak etdiyini göstərmək olar. Hazırda isə Azərbaycan NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına töhfə verir: 94 azərbaycanlı hərbi qulluqçu Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək üçün xidmət edir. Bu gün Azərbaycan NATO-ya üzv olmayan bir neçə ölkədən biridir ki, Əfqanıstan hökumətinə ciddi hərbi və iqtisadi yardım göstərir.
Hələ 2016-cı il iyulun 9-da NATO-nun Varşava sammiti çərçivəsində Prezident İlham Əliyev Alyansın etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycanın Qətiyyətli Dəstək Missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcəyini və müxtəlif növ tranzit daşımalarını təmin edəcəyini, bu missiya başa çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində töhfə verməyi nəzərdə tutduğunu bəyan etmişdi.
Ümumilikdə rəsmi Bakının NATO sammitlərində ali səviyyədə təmsil olunması Azərbaycanın artıq iqtisadi, hərbi və siyasi baxımdan mühüm beynəlxalq oyunçuya çevrildiyini, Avrasiyada, o cümlədən Şərqi Avropada geosiyasi əhəmiyyətini bir daha təsdiq edir.
Brüssel sammitindən bir müddət əvvəl – sentyabrın 7-də NATO Hərbi Komitəsinin sədri general Petr Pavel Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yükdaşımalara önəmli töhfə verdiyini, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlığı yüksək qiymətləndirmişdi.
Sentyabrın 26-da isə Azərbaycanda səfərdə olan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq etdiyini və Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəsini vurğulayaraq təmsil etdiyi təşkilat adından Azərbaycana minnətdarlığını bildirmişdi.
Uzun illərin təcrübəsi sübut edib ki, Azərbaycan NATO-nun əməliyyatlarına, o cümlədən Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiqdir, "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış edir və Alyans buna görə Azərbaycan kimi tərəfdaşını itirmək istəmir, rəsmi Bakı ilə əməkdaşlığını davam etdirməkdə israrlıdır.
Bundan başqa, NATO dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edib.
Prezident İlham Əliyevin NATO sammitində növbəti dəfə iştirakı Alyansın ümumilikdə Qafqazda sülh və sabitliyin təmin edilməsində maraqlı olduğunu da göstərir. NATO-nun Avropanın şərq cinahında təhlükəsizliyi təmin etmək səylərini nəzərə alan rəsmi Bakı Alyansı Dağlıq Qarabağ münaqişəsinin həllinə də cəlb etmək niyyətindədir. Prezident İlham Əliyevin bütün beynəlxalq tribunalardan dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırdığını nəzərə alsaq, NATO-nun yüksək səviyyəli tədbirində məsələnin qaldırılması münaqişənin nizamlanması işinə töhfə verə, bu prosesdə irəliləyişə səbəb ola bilər.
Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında da Ermənistan-Azərbaycan münaqişəsinin regional təhlükəsizliyə ən böyük təhdid olduğunu, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişdirilməli olduğu barədə bəyanatlarına baxmayaraq, Ermənistanın status-kvonu uzun müddət saxlamaq istədiyini vurğuladı, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin Ermənistan tərəfindən 20 ildən çoxdur ki yerinə yetirilmədiyini bildirdi.
Yens Stoltenberq isə həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin narahatlıq doğurduğunu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəklədiyini, problemin hərbi yolla həllinin olmadığını bildirdi, tərəfləri sülh danışıqlarını davam etdirməyə çağırdı.
Artıq NATO Azərbaycanı uzunmüddətli perspektivdə etibarlı ölkə kimi nəzərdən keçirir.
Şimali Atlantika Alyansının Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdarlığını bildirən baş katib Yens Stoltenberq NATO ilə Azərbaycan arasındakı əməkdaşlığın uzun illərdir davam etdiyini, bu əməkdaşlığın demokratik dəyərlərə və prinsiplərə sadiqliyə əsaslandığını, bu gün bir çox sahələri əhatə etdiyini bəyan etdi.
Dövlətimizin başçısı isə Azərbaycanın NATO ilə əməkdaşlığının böyük potensiala malik olduğunu, regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması məqsədilə Alyansla tərəfdaşlığı davam etdirəcəyini qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna töhfə verib və Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha artıq töhfə vermək üçün hərbi qulluqçularının sayını artıracaq.
Bütün bunlarla yanaşı, Azərbaycan sülhməramlı əməliyyatlar üçün yükdaşımalara da önəmli töhfə verir: "Şimal Paylaşma Şəbəkəsi" adlı nəqliyyat şəbəkəsinin fəaliyyətini təmin edir, bu istiqamətdə NATO uçuşları üçün hava məkanını təqdim edir. Uğurla başa çatdırılan Bakı-Tbilisi-Qars dəmir yolu isə Əfqanıstana tədarüklərin daha sadə və səmərəli həyata keçirilməsinə imkan verəcək.
Bir sözlə, Azərbaycanın əhəmiyyətini anlayan NATO, Alyansın baş katibinin də təsdiq etdiyi kimi, bütün sahələrdə rəsmi Bakı ilə əməkdaşlığı daha da inkişaf etdirməyə sadiqdir.