"Həmin gün mənə qızıl üzük və boyunbağı alıbmış, sürpriz edəcəkdi. Ancaq mənə həyatımın ən dəhşətli sürprizini etdi. O sürprizi həyatım boyu unutmayacağam”.
Mia.az xəbər verir ki, bu sözləri noyabrın 22-də vəfat edən APA TV-nin jurnalisti Natiq Qədimovun həyat yoldaşı Nurlana Qədimova "Yeni Müsavat”a danışarkən deyib.
Həmin gün yeni evli olan cütlüyün ən xoşbəxt günü imiş. Natiq Qədimov işdən tez çıxıb, həyat yoldaşına hədiyyələr alaraq evə gəlib və bütün yaxın qohumlarını evə dəvət edib. Ailə yemək masası arxasında Qarabağ-Çelsi futbol matçını birlikdə izləyib. Süfrə arxasında Natiq Qədimov şən zarafatlarından, hər zamankı pozitivliyindən qalmayıb. Daha sonra çay süfrəsinə əyləşiblər.
Bacısı Esmira İbrahimova deyir ki, Natiq bir anda müvazinətini itirərək onun üstünə yıxılıb: "Əvvəlcə bunu zarafat hesab etdim. Bir anda baxdım ki, stoldan yerə yıxıldı. Artıq gec idi, bir anın içində Natiq keçinmişdi. Elə deyə-deyə, gülə-gülə bir anın içində... Hələ də şokdan ayıla bilməmişik.
Çox sağlam insan idi, heç vaxt xəstəlikdən şikayəti olmamışdı. Lakin son günlər qollarının və əlinin keyləşməsindən, ayağının tutulmasından şikayət edirmiş. Hətta bir gün əli quruyub və tərpədə bilməyib. O formada şəklini çəkib anama göndərmişdi. Həkimə getmək sözünü isə yaxın qoymurdu, deyirdi ki, sağlam insanam, yəqin soyuq dəyib, keçər. Hər dəfə masaj edir və düzəldiyini deyirdi. Ancaq sən demə səbəb başqa imiş...”.
Jurnalistin atası Aydın Qədimov da oğlunun həmin gün çox xoşbəxt olduğunu, lakin bu xoşbəxtliyin uzun sürmədiyini təəssüf hissi ilə qeyd edib.
Qeyd edək ki, 41 yaşlı mərhum jurnalistin öncəki evliliyindən bir oğlu var. İkinci dəfə ata olacağını gözləyən Natiq Qədimova ömür vəfa etmədi.