Conatan Fidland
"Guardian” (Böyük Britaniya)
ABŞ-ın Şimali Koreya ilə nüvə qarşıdurmasının astanasına gəlib çıxmasından kifayətlənməyərək, Donald Tramp indi də beynəlxalq vandalizm strategiyasını dünyanın ən həssas geosiyasi qaynar nöqtəsinə tətbiq etməyə hazırlaşır. Qüdsün İsrailin paytaxtı olaraq tanınması və ABŞ səfirliyini bu şəhərə köçürməsi vədi ilə, yanan məşəllə quru samanlığa addım atmış olur.
Dünyanın ən həlledilməz münaqişəsi. Bir neçə onillik ərzində sülh prosesinə bir çox səylərə təkan vermiş məsələ. Həm israillilər, həm də fələstinlilər Qüdsün öz dövlətlərinin – indiki və gələcək – paytaxtı olmasına təkid və bu statusun müzakirə edilməyəcəyini iddia edirlər.
Ancaq onlar üçün bu sadəcə tale məsələsi deyil. Qüdsün qədim hissəsində iudaizmin ən müqəddəs yeri və İslamın üçüncü ən müqəddəs məscidi yerləşir. Hələ onun xristianlar üçün nə məna verdiyini kənara qoyuruq. Yəni orada ən kiçik bir hərəkət milyardlarla insanı hərəkətə gətirə bilər.
Bu, diplomatların həddindən artıq ehtiyatla hərəkət etdiyi yerdir. İsraili qurulduqdan sonra təxminən 70 il ərzində heç bir ABŞ administrasiyası, israillilərlə münasibət necə olursa-olsun, şəhərə qarşı siyasətini dəyişdirməyib.
Amma Tramp nə tarixə, nə də presendentə məhəl qoyub, hisslərin tükdən incə, ölüm-dirim məsələsi olduğu yerdən ayı kimi keçir. Risk aşkardır, çünki hər bir ərəb hökuməti, o cümlədən Vaşinqtona sadiq olanlar da, bu hərəkətin təhlükələrinə dair kəskin xəbərdarlıqlar açıqlayıblar. Həm də, demək olar ki, onların hamısı eyni sözdən istifadə edir: "təhlükə".
Gəlin aydın danışaq. Nəhayət, ikidövlətli həll seçənəyini müdafiə edənlərin fikrincə, Qüds məsələsini nizamlamaq üçün yeganə yol – Qüdsün iki dövlətin paytaxtı olmasıdır. Şərqi Qüds – Fələstinin paytaxtı; Qərbi Qüds – İsrailin paytaxtı. Yalnız bundan sonrakı, yalnız və yalnız bundan sonrakı məqam səfirliklərin köçürülməsi və tanınma bəyanatlarının verilməsi üçün doğru an olacaq. Həmin günə qədər, şəhərin gələcəyinə dair iki tərəf arasında razılıq əldə edilənədək hər hansı bir hərəkət, tələsik və lazımsız addım ehtirasları coşduracaq.
Necə? Xatırladaq, qanlı iki və ya daha çox il çəkən, fələstinli intiharçı bomba hücumlarında israillilərin həlak olması və İsrail ordusunun həmlələri ilə fələstinlilərin ölümü ilə nəticələnən ikinci İntifada 2000-ci ilin sonunda 45 dəqiqəlik səfərdən sonra başladı. İsrail müxalifətinin lideri Ariel Şaronun münaqişənin nüvə mərkəzini təmsil edən, müsəlmanların "Haram əl-Şərif” və yəhudilərin "Məbəd dağı” adlandırdığı yerə səfəri ilə.
Fələstinin Londondakı səfiri Trampın hərəkətinə dair "bu, 1,5 milyard müsəlmana qarşı müharibə elan etməkdir" dedikdə, bunu nəzərə alın.
Tramp bunu niyə edir? Yəqin ki, təşviqat vədlərinə sadiq olduğunu göstərmək istəyir: indi zənginlər üçün vergilərin azaldılması və əsasən müsəlman ölkələrindən olan şəxslərə səyahət qadağası qoyması ilə yanaşı, Qüds vədinin yanında da "quş” işarəsi qoya bilər. O, bunu edəcəyini söylədi və indi bunu edir, nəticələr… "cəhənnəmə ki!”
Bu, siyasət üslubudur, onun üslubu – İsraillə əməkdaşlıq edən xristian-yevangelistlərin üslubu.
Dünyanın qalan hissəsi isə ABŞ səfirliyinin dərhal köçürülməyəcəyi faktı ilə rahatlıq tapacaq; 2021-ci ilin yanvarında Trampın iqtidar müddəti bitənədək bu baş verməyəcək. Bəlkə də bu, Trampın iqlim dəyişikliyinə dair Paris razılaşmalarından imtinasından daha rəmzi addımdır, daha nəinki konkret.
Ancaq İsrail-Fələstin münaqişəsində rəmzlərin əhəmiyyətli olduğunu unutmamaq lazımdır. Məhz buna görə də, başqa dünya liderləri və üst səviyyəli ABŞ siyasətçiləri bu hərəkətin yanlış olduğunu söyləmək, sıraları sıxlaşdırmaq məcburiyyətindədirlər. Onlar Tramp getdikdən sonra daha dərrakəli siyasət yürüdüləcəyinin siqnalını verməlidirlər.
Bədbəxtlik ondadır ki, bölgədə zorakılığın yayılması bundan tez ola bilər.