Gəncə Ağır Cinayətlər Məhkəməsində işinə baxılan, hazırda istintaq təcridxanasında saxlanılan Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının sabiq direktoru Ramiz Məmmədovla bağlı Faktinfo.az maraqlı məlumatlar əldə edib.
Məlumata görə, bir zamanlar Gəncədə çox böyük nüfuz sahibi olan, dövlət tədbirlərində bir qayda olaraq öndə dayanan, YAP-ın fəallarından sayılan, xeyriyyəçi şəxs kimi tanınan,onlarla yetim uşağı sünnət etdirən Ramiz Məmmədova birdən-birə münasibətin dəyişilməsi, onun haqqında cinayət işinin başlanılmasına dair sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsi heç də saxta diplom qalmaqalı ilə bağlı olmayıb. Əgər elə olsaydı, onda bütün filial direktorları məsuliyyətə cəlb edilərdi- deyə daxil olan məlumatlarda bildirilir. Hətta, ölkədə fəaliyyət göstərən bir çox təhsil müəssisələrində saxta diplom verilməsinə dair yoxlamalar aparmaq, istintaq başlatmaq mümkün olardı. Onlarla universitet rəhbəri saxta diplom verilməsinə dair ittiham edilə bilərdi.
Ancaq nədənsə Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ərəfəsində yalnız iki şəxs – Qazax filialının direktoru İsa Veyisov və Gəncə filialının direktoru Ramiz Məmmədov hədəf seçilir.
Məlumat üçün xatırladaq ki, İsa Veyisovun məhkəməsi bir neçə il əvvəl yekunlaşıb və o, azadlıqdan məhrum edilib. Ramiz Məmmədovun məhkəmə işi isə yuxarıda qeyd edildiyi kimi hazırda davam etdirilir.
İndi isə qayıdaq əsas məsələyə. Verilən məlumata görə, Ramiz Məmmədov işdən çıxarılmazdan əvvəl bir neçə dəfə Təhsil Nazirliyinə çağırılıb və ona təzyiqlər olunub. Bir müddət sonra isə ondan Gəncədə 1 milyon manat pul istənilib. Lakin R.Məmmədov yalnız 100-200 min manat arası vəsait düzəldə biləcəyini deyib. Nəticədə "sövdələşmə” baş tutmayıb və narazılıq yaranıb. Bir müddət sonra filialda ciddi yoxlamalar aparılıb və sənədlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Bu arada səlahiyyət sahibi olan bir neçə təhsil işçisi Azərbaycan Müəllimlər İnstitutunun o vaxtkı direktoru Aqiyyə Naxçıvanlını vəzifədən kənarlaşdırmaq, ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırmaq və zərərsizləşdirmək istəyən qüvvələr onun əleyhinə R.Məmmədovdan ifadə almağa çalışsalar da, buna da nail olmayıblar.
R.Məmmədov nəinki A.Naxçıvanlının, ümumiyyətlə iş birliyində olduğu digər heç bir şəxsin əleyhinə ifadə verməyib. Ancaq ondan fərqli olaraq, İsa Veyisov 10-dan artıq vəzifəli şəxsə külli miqdarda rüşvət verdiyini etiraf edib. Bütün bunlar barəsində zamanla ölkə KİV-də məlumatlar yer alıb.
Onu da qeyd edək ki, vaxtilə Azərbaycan Müəllimlər İnstitutunun çoxlu sayda filialı fəaliyyət göstərib və əgər kütləvi saxta diplom faktları mövcud olubsa, onda 15-20 milyon manatlardan söhbət getməlidir. Bəs həmin pullar haradadır, kimlərin cibinə gedib? Əgər R.Məmmədov külli miqdarda qazanc əldə edibsə, niyə həmin pulların hesabına vəziyyətdən çıxa bilməyib?
Faktinfo.az-a verilən məlumatlarda xüsusi önəm kəsb edən bir məsələyə də toxunulur. Məsələ burasındadır ki, saxta diplom qalmaqalına görə şikayətçilərin hamısı ilə razılıq əldə olunub. Yalnız bir neçə zərərçəkən qalıb ki, onları da razı salmaq üçün 40-50 min manat vəsait tələb olunur. Əgər Gəncə filialının direktoru həqiqətən milyonlar mənimsəyibsə, niyə həmin pulu tapıb verə bilmir? Axı, bir zamanlar onun milyonları mənimsədiyindən söhbət gedirdi.
Məlumata görə, artıq Təhsil Nazirliyinin məsul şəxsləri də baş verənlərin fərqindədir. Onlar da anlayırlar ki, R.Məmmədov təkbaşına bu qədər saxta diplom verə bilməzdi. Çox güman ki, filial direktoru kimlərinsə göstərişini yerinə yetirmək məcburiyyətində qalıb.Görəsən, həmin göstərişi verənlər, milyonları mənimsəyənlər niyə məsuliyyətə cəlb edilmir?