Azərbaycanda transplantasiya əməliyyatı aparılan xəstələrin 22 faizi uşaqlardır. Onların ən kiçiyi 5, böyüyü isə 16 yaşdadır. Virtualaz.org saytı xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının transplantoloq-nefroloqu Elnur Fərəcov deyib.
Onun sölərinə görə, Azərbaycanda xəstələr həkimə daha çox xəstəliyin ağırlaşmış mərhələsində müraciət edirlər. Halbuki, dializə başlamadan orqan köçürülməsi daha möəqsədəuyğundur. "Dializ xəstəliyin müalicəsi deyil. Böyrək xəstələrinin tam müalicəsi orqan köçürülməsi əməliyyatıdır. Bəzən elə düşünürlər ki, şəkər və digər xəstəlikləri olanlara orqan köçürülmür. Lakin bədxassəli şişlər istisna olmaqla digər xəstələrə orqan köçürülə bilər”, – Fərəcov bildirib.
Həkim qeyd edib ki, bu il xəstəxanada 76 xəstəyə böyrək, 9 xəstəyə isə qaraciyər köçürülüb. Xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi isə qaraciyər köçürülən xəstə uşaqlardan danışıb: "5 yaşlı uşağa qaraciyər köçürülüb. Uşaqlarda anadangəlmə, genetik və ya toksik zəhərlənmələrdən sonra qaraciyər köçürülməsinə ehtiyac yaranır. Hər ilin payız-qış fəslində rayonlarda göbələkdən zəhərlənənlərin sayı çox olur. Toksiki zəhərlənmə isə qaraciyəri sıradan çıxarır. Zəhərlənmələrdə ölüm də qaraciyər patologiyasından baş verir. Buna görə də, valideynlər ehtiyatlı olmalı, zəhərlənmə baş verən kimi həkimə müraciət etməlidirlər”.
Bu il əməliyyatdan sonra ölüm hadisəsi qeydə alınmayıb. Kazimi qeyd edib ki, ildən-ilə xəstələrin sayı artır, amma donorların sayı çox deyil. "Donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyası icra edilir. Yəni xəstələr öz aralarında qan qruplarına uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il bir cüt xəstəyə çarpaz əməliyyat edilib. Üç cüt də buna hazırlaşır”, – həkim əlavə edib.