"Ermənistanın Türkiyə ilə 2009-cu ildə imzalanmış Sürix protokollarından imtina etməklə bağlı bəyanatı növbəti siyasi gedişdir”
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Ekspert Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın sözügedən bəyanatının bir neçə məqsədə xidmət etdiyini düşünür:
"Onların içərisində Dağlıq Qarabağ məsələsi də var. 2018-ci il yaxınlaşdıqca qondarma soyqırımın "ildönümü” yenidən gündəmə gəlir. Ermənistanın məqsədi bütün dünyaya yalançı soyqırımı qəbul etdirməkdir. İndi də Surix protokollarının parlamentdə ratifikasiyasından imtina edəcəklərini bildirirlər. Burada da baş planda məhz Dağlıq Qarabağ münaqişəsi durur. Qarabağ problem nə qədər həll olunmayıb, Türkiyə birmənalı şəkildə Ermənistanla sərhədləri açmayacaq. Ona görə də hesab edirəm ki, Ermənistanın Türkiyəyə qarşı bu kimi "şantajlardan” müxtəlif vaxtlarda bir bəhanə kimi istifadə edib. Bu da növbəti oyunlarıdır”.
Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan Sürix protokollarını gələn ilə qədər ləğv edəcəklərini və bunun səbəbinin Ankara olduğunu açıqlayıb.
Türkiyə Xarici İşlər Nazirliyi isə Nalbəndyanın Türkiyəyə qarşı bu ittihamının əsassız olduğunu bildirib.
Açıqlamada Ermənistanın Konstitusiya Məhkəməsinin 2010-ci ildə bu protokolların ruhuna zidd qərar verdiyi və ardınca isə Prezident Serj Sərkisyanın ratifikasiyanı təxirə saldığı vurğulanıb.