Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sərt idi.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Hizer Noyert söyləyib.
"Türkiyə tərəfinin bizdən fərqli açıqlama yayması məni təəccübləndirmədi. Donald Tramp Prezident Ərdoğana qarşı dəqiq və sərt idi. Tillerson da belə idi, çünki Afrində şiddətin artmasından və bunun Suriya üçün nə anlama gələ biləcəyindən narahatıq. Hər kəsdən İŞİD-ə olan təzyiqi davam etdirməsini, başqa şeylərə diqqətini yayındırmamasını istəyirik”, – deyə o bildirib.
Noyert PKK məsələsində Türkiyənin qayğısını anladığını, PKK-nın ABŞ tərəfindən terror təşkilatı kimi tanındığını bildirib. Onun sözlərinə görə, ABŞ Suriyada əsas hədəfi İŞİD-dir:
"Türkiyədən gərginliyi azaltmağını istəyirik. Bu, ciddi bir şeydir. Bir ölkəyə, özəlliklə bir NATO ölkəsinə bu çağırışı etdiyimiz zaman onun bu qayğılarımızı ciddiyə almasına ümid edirik. Daha öncə stabil bölgə olan yerdən insanların qaçmağa məcbur olduğunu müşahidə edirik. Bu, çox utancvericidir. İndi şimal-qərbdə yeni problemlə qarşı-qarşıyayıq, çünki Türkiyə diqqətini İŞİD-dən ayırıb, PKK-nın arxasınca düşüb”.
Qeyd edək ki, ABŞ bu açıqlama ilə ilk dəfə PKK-nın Suriyada olduğunu təsdiq edib. Bu vaxta qədər ABŞ PYD və YPG-ni PKK-nın qolu olaraq qəbul etməyib.
Xatırladaq ki, Tramp və Ərdoğan arasında iki gün öncə baş tutan telefon danışığı barədə isə fərqli açıqlamalar yayılmışdı.