Ötən gün jurnalistlər üçün inşa olunan ikinci binanın sakinlərinə açarların təqdim olunması mərasimi baş tutub.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilk 50 mənzilin açarını jurnalistlərə təqdim edib.
Mətbuat Şurasının Sədri, Milli Məclisinin deputatı Əflatun Amaşov Metbuat.az-a açıqlamasında bildirib ki, bunların mərkəzində dövlətin mediaya münasibəti dayanır:
"Jurnalistlərə ikinci binadan verilmiş mənzillərin açarları özlərinə təqdim olundu. Yəqin ki, jurnalistlər öz mənzillərinə köçəcəklər. Bundan bir neçə il öncə də birinci binanın açarları təqdim olunmuşdu. Təqribən 150 nəfərə yaxın jurnalist birinci binadan, 250 nəfərə yaxın jurnalist isə ikinci binadan mənzil aldılar. Artıq üçüncü binanın da təməli qoyulub. Bu, dünyanın heç bir yerində rast gəlmədiyiniz, Azərbaycan jurnalistlərinin sosial problemlərinin həllində atılmış müsbət bir addımdır. Jurnalistikada uzun müddət xidməti olan, Azərbaycan jurnalistərinin inkişafında önəmli rol oynayan, böyük təcrübəyə malik olan jurnalistlər məzil aldılar. Bunların mərkəzində dövlətin mediaya münasibəti dayanır. Azərbaycan dövləti Kütləvi İnformaiysa Vasitələrində çalışan insanları evlə təmin edir, medianın inkişafında ona yardım edir. Bu gün Azərbaycan Jurnalistika sahəsində mükəmməl qanunvericilik bazası mövcuddur. Bu gün Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ayrı-ayrı Kütləvi İnformasiya Vasitələrini maliyyələşdirir, jurnalistlər arasında müsabiqələr təşkil edir. Bütün bunlar dövlətin Azərbaycan jurnalistikasına qayğısıdır. Bu gün Azərbaycan jurnalistikası peşəkar jurnalistikadır. Azərbaycan jurnalistikası azərbaycançılıq ideologiyasını əsas götürən vətənpərvər jurnalistikadır. Azərbaycan jurnalistikası milli jurnalistikadır və Azərbaycanda ictimai fikrin formalaşmasında öz töhfəsini verir. Bütün bunlar dövlətin Azərbaycan jurnalistikasının inkişafında maraqlı olduğunu göstərir. Bu gün ömürlərinin sonlarına qədər çalışsalar belə, mənzil ala bilməyəcək jurnalistlər var. Jurnalistlərin problemlərinin həll olunması Azərbaycan jurnalistikasının inkişafına xidmət edir”.