Azərbaycan qanunvericiliyi əmək pensiyasının sığorta hissəsinin və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilməsini nəzərdə tutur.
Əmək pensiyasının minimum məbləği 2017-ci il iyulun 1-dən 110 manat məbləğində müəyyən olunub. Bu məbləğ də eyni qaydada indeksləşdirilməlidir.
Shafqadogru.com Novator.az-da yayımlanmış məlumata əsasən bildirir ki, Dövlət Statistika Komitəsi ötən il dekabrın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 6,2 faiz artdığını açıqlayıb. Bu hesabla əmək pensiyasının minimum məbləği 6 manat 82 qəpik artır, 116 manat 82 qəpik olur.
6,2 faizlik indeksləşdirmə ilə hazırda 150 manat alan pensiyaçıda 9 manat 30 qəpik, 200 manat alan pensiyaçıda 12 manat 40 qəpik, 250 manat alan pensiyaçıda 15 manat 50 qəpik, 300 manat alan pensiyaçıda 18 manat 60 qəpik artım gözlənir.
Əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) bölünməsi ilə müəyyənləşir.