Fazil Mustafa: "Rəsulzadənin ölkəmizdə heç yerdə heykəli olmasa, heç qəbri də bilinməsə, insanlar ona hörmət bəsləməyəcəkmi?”
"Sanki hamı fişəng atılmasını gözləyir. Yəni fişəng atılacaq və o zaman biləcəyik ki, AXC-nin yüzilliyi keçirilir”
2017-ci ilin sonunda Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinin keçirilməsi barədə Sərəncam imzaladı. Ardınca dövlət başçısı tərəfindən 2018-ci il "Cümhuriyyət İli” elan edildi. Artıq yeni ilin ikinci ayını yaşamaqdayıq. Bu ilin mayında, yəni iki ay sonra həmin şanlı tarixin, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasının 100 illik yubileyi tamam olacaq. Bugünədək bir sıra tədbirlərin həyata keçirildiyinin şahidi olmuşuq. İlin sonuna kimi əlamətdar günlərlə bağlı silsilə tədbirlərin planlaşdırıldığı da deyilir.
Lakin prosesin gedişatı ilə bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. Bir qisim görülən işləri yüksək dəyərləndirsə də, əksəriyyət yubileylə bağlı ümumi fəaliyyəti qənaətbəxş hesab etmir və narahatlığını dilə gətirir. Narahatlığını ifadə edənlərdən biri də, millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafadır. Deputat "Şərq”ə verdiyi müsahibədə Cümhuriyyətlə bağlı prosesin ümidverici olmadığını, toplum şəklində daha ciddi çalışmağımızın zəruriliyini vurğulayıb...
- Fazil bəy, Prezidentin müvafiq sərəncamlarından sonra qurumların və tarixçilərin AXC ilə bağlı gördüyü işləri qənaətbəxş hesab edirsizmi?
- Sözün açığı, Cümhuriyyətin yüzilliyi ilə bağlı qurumların açıq fəaliyyətini müşahidə etmirik. Əslinə qalsa tədbirlər ciddi formada yanvar ayından başlanmalı idi. Ancaq bugünədək ciddi tədbir görülməyib, nə film çəkilib, nə də xüsusi kitab hazırlanıb. Bəlkə də hansısa əsərlər olub, amma bununla bağlı ətraflı məlumatlar verilməyib. Müvafiq qurumlar öz funksional vəzifələrini yerinə yetirmirlər, sadəcə ümumi layihə hökm sürür. Sanki hamı fişəng atılmasını gözləyir. Yəni fişəng atılacaq və o zaman biləcəyik ki, AXC-nin yüzilliyi keçirilir. Bu baxımdan görülən işlər qaneedici deyil. Həm də narahatedici amil odur ki, gürcülərlə ermənilər bizdən daha yüksək səviyyədə tədbir keçirməyə hazırlaşırlar. Bütün bunlar bizim nəslin Cümhuriyyət ideyalarına münasibətini ortaya qoyur. Təkcə dövlətin funksiyası yetərli deyil, bütövlükdə cəmiyyətin bu məsələyə həssaslığı da ortaya çıxmalıdır. Lakin bu həssaslıq müşahidə olunmur. Ola bilsin, müəyyən tədbirlər keçiriləcək. Sözsüz ki, rəsmi sərəncamların yerinə yetirilməlidir. Amma bu, sadəcə sərəncamla yerinə yetiriləsi məsələ deyil. Toplumun duyğusu, sevgisi, dövlətə bağlılığı, dövlətçiliyin necə bir dəyər olduğunu anlaması çox-çox önəmlidir. Hələlik Cümhuriyyətin yubileyi ilə bağlı gedən hazırlıq prosesi bizi qane etmir.
- 2018-ci ilin sonuna qədər Cümhuriyyətlə bağlı silsilə tədbirlərin qeyd olunacağı gözlənilir. Sizcə, bu yetərlidirmi?
- Ordu quruculuğu və başqa məsələlərin yüz illiyi ilə bağlı silsilə tədbirlər keçirilə bilər. Amma hər şeydən əvvəl bütün cəmiyyətin yüksək əhval-ruhiyyədə tədbirləri xüsusi qeyd etməsi ənənəsi yaradılmalı idi. Biz Cümhuriyyətə nə qədər dəyər veririk? Yanvarın 31-i Məhəmməd Əmin Rəsulzadənin doğum günü oldu, amma unuduldu, diqqətdən kənarda qaldı. Qarşıda Cümhuriyyət qurucularının yubileyləri var. Onlar da diqqətdən kənarda qalacaqmı? Milli azadlıq hərəkatının liderlərindən olmuş Əbülfəz Elçibəyin də 80 illiyi yaxınlaşır. Hesab edirəm ki, bununla da bağlı addım atılması vacibdir. Ancaq dediyim məsələlərin olub-olmayacağı bəlli deyil. Ona görə də proses çox düşündürücüdür. Həmçinin, qarşıdan Azərbaycan Parlamentinin, Bakının işğaldan azad olunmasının yüzillikləri gəlir. Amma bugünədək Nuru Paşanın adı əbədiləşməyib. İkili yanaşma bir araya sığmır axı. Torpağımızı işğaldan azad edən insana dəyər vermirik. Bakının işğaldan azad olunmasının ən böyük haqqı Nuru Paşaya çatır, amma onun adını, xatirəsini andıracaq heç nə yoxdur. Mürsəl Paşa Bakının işğaldan azad edilməsindən sonra özünə "Bakü” ləqəbini götürüb. Onun da adını əbədiləşdirməmişik. Bu nə deməkdir? Bakının azad edilməsinin yüzilliyinə necə hazırlaşırıq? Paytaxtımızı düşməndən kim azad edib? Ermənilər Njdeyə, qaniçən Andranikə heykəl ucaldırlar. Biz də burada hay-həşir salırıq ki, ermənilər faşistə abidə qoyublar. Erməni üçün nə faşist? Kim ermənilər üçün adam öldürübsə, onlara xidmət edibsə, millət onu "qəhrəman” kimi görür. Biz isə öz dəyərlərimizə yanaşmada çox geridəyik. Mən bu məsələdə ümidverici nəsə söyləməkdə çətinlik çəkirəm.
- Tarixçilər hesab edirlər ki, Cümhuriyyətin yüzilliyi ilə ancaq tarixçi-alimlər məşğul olmalı, siyasi partiyalar, QHT-lər və başqa ictimai təşkilatlar prosesə müdaxilə etməməlidir. Bu iddianı necə dəyərləndirirsiz?
- Elə tariximizlə ancaq tarixçilər məşğul olduğu üçün tarix bir zibilliyə çevrilib. Tariximiz qalıb ki? Yalançı, gop tarixi gətirib Azərbaycana sırıyıblar. Dünyanın heç bir yerində tarix elmi ilə tarixçilər məşğul olmur. Tarix elmi ilə filosoflar məşğul olur və tarixin mahiyyətini, dəyərlərini aydınlaşdırırlar. Bizim tarixçilər Droyzeni, Monseni, Hegeli oxumayıblar. Bilmirlər ki, güclü tarixçilərin böyük əksəriyyəti ayrıca filosoflardır. Tarix də məhz həmin filosofların yaratdığı tarix doktrinası əsasında yazılıb. Filosof Hegel tarixçi deyildisə, belə çıxır ki, "tarix fəlsəfəsini” boşunamı yazıb? Məsələyə bu qədər səthi, primitiv yanaşmaq doğru deyil. Ümumiyyətlə, Azərbaycanda beynəlxalq standartlara uyğun tarixçi tanıyırsızmı? Qədim dillərdən 4-5-ni bilən, latın və yunan dillərini, mixi əlifbasını sərbəst oxuyan tarixçi varmı? Varsa, gedək ətəyində namaz qılaq. Bizim tarixçilərin çoxu otaq küncündə formalaşmış adamlardır. Onlar digər şəxslərin tarixi məsələlərə münasibət bildirməsinə mane olaraq öz yalançı tarixlərini Azərbaycan cəmiyyətinə təqdim edirlər. Ümumi tarix doktrinasına baxın, sovet dövründən verilən postulatlardan kənara çıxan bir dənə də olsun yeni nəzəriyyə yoxdur. Səfəvilər tarixi, ərəblər dövrü, Babək hərəkatı, daha sonra XX əsrin əvvəllərində baş verən proseslər və s. bunların hamısı eyni postulata dayanır. Əgər kimsə deyirsə ki, "Azərbaycanda ərəb işğalı baş verib” bunun adı savadsızlıqdır. Hansı işğaldan söhbət gedir? Ərəblər türklərlə, xəzərlərlə döyüşüb məğlub olublar. Orta Asiyada göytürklərlə savaşıblar. Bunların hamısını Azərbaycanla bağlamaq və "ərəb işğalı” anlayışını ortaya atmaq çox savadsız yanaşmadır. Həmin düşüncədə olan tarixçilərin məşğul olduqları tarix heç vaxt Cümhuriyyət tarixi ola bilməz. "Azərbaycan Xalq Cümhuriyyəti” Ensiklopediyası başdan-başa konyektura və səhvlərlə doludur. Araşdırılma aparılmayıb, dövrün şəxslərinin elementar doğum tarixləri belə səhv yazılıb. Mühüm işlər üçün cəmiyyətin düşünən insanları cəlb olunmalıdır. Cümhuriyyətin dəyər olaraq hansı məna daşıdığı insanlara təqdim edilməlidir. Ona görə də Cümhuriyyətin araşdırılmasının "diplomlu tarixçilərə” həvalə edilməsinin tərəfdarı deyiləm. Bu iş təfəkkürü olan insanlara verilməlidir. Əzbərlədikləri mətnləri Azərbaycan cəmiyyətinə olmazsa-olmaz kimi sırıyanların nəzəriyyələri sadəcə toplumu aldatmaqdır. Bilirsiz, yeni cəmiyyətlərdə axtarış ruhu daha güclü olur. Həmin tarixçilər isə yeni nəslin axtarış ruhunu boğmaqla məşğuldur. Onların yanaşmasına görə, yeni heç bir postulat və düşüncə ortaya çıxa bilməz. Bu prosesin də sonu fikir çürüməsinə doğru gedir.
- Müşahidə olunan məqamlardan biri də odur ki, bəzi tarixçilər AXC-nin yüzilliyi fonunda "İrəvanın ermənilərə güzəştə gedilməsi” faktını daha çox qabardırlar. Sizcə, indiki məqamda bunun faydası varmı?
- Məncə, sırf bu məsələnin qabardılması Cümhuriyyət qurucularının suçlanması məqsədi daşıyır. Yanlış yanaşmadır. 30 il qabaq bütün ideoloji və siyasi mətnlərdə "Qarabağ filankəs hakimiyyətdə olduğu zaman itirildi” kimi fikirlər yer alırdı. Daha sonra bir çoxları anladı ki, məsələni bu şəkildə qoymaq doğru deyil. Ermənilər ərazilərimizi işğal etdi, vəssalam, əsas reallıq budur. Guya Türkiyənin təzyiqi ilə İrəvan o vaxt ermənilərə verilib. Halbuki, ağlı başında olan hər adam yaxşı bilir ki, Ənvər Paşa ermənilərə dövlət yaratmaq imkanının verilməsinin tərəfdarı olmayıb. Azərbaycanın dövlət yaratması üçün əsas şərtlərdən biri Ermənistanın da dövlət olmasına şərait yaratmaq idi. Bunun müqabilində Azərbaycan tərəfinin şərti o idi ki, ermənilər Qarabağa iddia etməsinlər. Əlbəttə, həmin dövrün tarixi şərtlərində müstəqil dövlət qurmaq üçün edilən xeyli güzəştlər var. Yaxşı, biz XX əsrin sonunda da müstəqil dövlət qurduq. Bəs niyə Borçalını, Dərbəndi ərazimizə qata bilmədik, niyə Qarabağı geri ala bilmədik? Bu sualları da gələcəkdə bizə verəcəklər. Müstəqilliyimizi əldə etdiyimiz dövrdə Qarabağı qaytara bilmədik, ona görə ki, gücümüz çatmadı. Deməli, həmin dövrdə də nələrisə etmək imkanı olmayıb. Cümhuriyyət gücü çatdığı qədər bütün əraziləri saxlamağa çalışıb və saxlayıb. Təsəvvür edin, Azərbaycan istiqlaliyyəti Tbilisidə elan olunub. 16 iyuna qədər Cümhuriyyət ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərməyib və daha sonra Gəncəyə köçüb. Cümhuriyyətin paytaxtı 7-8 ay işğal altında olub. Sentyabr ayına qədər, hardasa 4 ay ərzində paytaxt uğrunda döyüşlər gedib. Daha sonra Bakı ingilislərin işğalı altında qalıb, general Tomson paytaxta gəlib. Parlament dekabrın 3-də açılmalı idi, ancaq dekabrın 7-də açıldı. Çünki ayın 3-də ruslar, erməni şuraları parlamenti boykot etdilər. Lakin Azərbaycan Cümhuriyyəti dirəşərək, gərgin mübarizə göstərərək parlamentin açılışına nail oldu. Həmin vaxt bütün nailiyyətlər kəskin mübarizə hesabına başa gəlib. "İrəvanı ermənilərə biz vermişik” deməklə əraziləri geri almaq olmaz. İrəvanı hərblə, ordu ilə geri almalıyıq. Tarixlə hansısa torpağın geri alındığının şahidi olmusuzmu? Rusiya Krımı tarixi faktlarla almadı ki, ordu ilə işğal etdi. Cümhuriyyəti quran kişilər bizdən daha çox təəssübkeş olublar və dövlətin, ərazilərin qorunması istiqamətində nə mümkündürsə ediblər. Bu cür yanaşmalar həmin şəxslərin guya vətənpərvər olmadığı düşüncəsini formalaşdırmağa xidmət edir. O vaxt İrəvan mümkünsüz bir məsələyə çevrilmişdi. Beynəlxalq güclərin tanıdığı bir dövlət yaratmalı idilər, ancaq erməniləri də silmək mümkün deyildi. "Üç Qafqaz Respublikası” söz-söhbəti gedirdi, Zaqafqaziya Seymini də bu əsasda qurmuşdular. Elə o vaxt gücümüz çatsaydı, Zaqafqaziya Seyminə erməni buraxmazdıq. Niyə ermənilərlə birgə fəaliyyət göstərirdik? Ona görə ki, məcbur idik.
- Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsi ilə bağlı da birmənalı fikir yoxdur. Dəstəkləyənlərlə yanaşı, qarşı çıxanlar da var və hər iki tərəf də öz arqumentlərini ortaya qoyur. Bu məsələdə sizin düşüncəniz nədir?
- Mən Türkiyədəki məzarların Azərbaycana gətirilməsini istisna elədim. Çünki buna ehtiyac yoxdur. Cümhuriyyət qurucuları Türkiyədə və rahat vəziyyətdə uyuyurlar. Onlara toxunmaq lazım deyil. Sadəcə başqa xarici ölkələrdə olan məzarların ölkəmizə köçürülməsi fikrinə dəstək vermişəm. Məsələn, Avropada elə xarici ölkələr var ki, məzarlıqlar zaman keçdikcə itir, batır, plana düşür. Gələcəkdə Fətəli bəy Düdənginskinin, yaxud Əlimərdan bəy Topçubaşovun məzarları yoxa çıxa bilər. Söhbət bu cür ehtimallardan gedir. Məsələn, vaxtı ilə mərhum prezident Heydər Əliyev tərəfindən Hüseyn Cavidin məzarının gətirilməsi çox vacib və böyük hadisə idi. Əgər məzar gətirilməsəydi, itə bilərdi. İndiki dövrdə biz Hüseyn Cavidin məzarını tapa bilərdikmi? Təklif irəli sürəndə Türkiyənin bura aid olmadığını xüsusi qeyd etmişəm. Amma digər ölkələrdən məzarlar gətirilə bilər. Niyə Fətəli xan Xoyskinin məzarı Azərbaycanda olmasın?
- Bir ara "rəmzi məzarlıq” təklifi də gündəmə gəldi. Deyildi ki, Cümhuriyyət qurucularının məzarlarından bir ovuc torpaq gətirilsin və ölkəmizdə bir ziyarətgah salınsın. Bunu necə dəyərləndirirsiz?
- Məncə, ziyarətgah yerinin olmasının özü yaxşı ideya deyil. Məsələn, Əbülfəz Elçibəyin məzarının başında heykəli qoyulub. Nə olsun ki? Elçibəy heykəllə xatırlanmır ki. Rəsulzadənin ölkəmizdə heç yerdə heykəli olmasa, heç qəbri də bilinməsə, insanlar ona hörmət bəsləməyəcəkmi? Xatırlanması üçün ortaya qoyduğu əsər kifayət etmirmi? Biz qəbir, pir, abidə kimi bütpərəstlik yanaşmalarından xilas olmalıyıq. Başımızı ziyarətgahların daşına sürtməkdən beynimiz dəyişib. O baxımdan heykəlçi şəklində süni bağlar yaratmaq əvəzinə ideyaları, düşüncələri öyrənmək lazımdır. Rəsulzadənin irsini öyrənən mexanizmlər hazırlanmalıdır. Əgər Akademiyanın tarixçiləri bunu dərindən öyrənsələr, o zaman bütün tarix doktrinasını dəyişmək məcburiyyətində qalarlar. Bunlar məktəblərdə də ağıllı formada tədris olunmalıdır. Rəsulzadə nə istəyirdi, dövlətin modelini necə görürdü, tarixlə müasir bağını düşüncə olaraq necə qururdu, bunları öyrənməli və öyrətməliyik. Yoxsa, heykəl tik, hər il get qabağına gülləri düz, çıx gəl. Bu, nəyi dəyişəcək ki?
- Türkiyə ilə Azərbaycanın bu istiqamətdə ortaq ciddi iş görməsi mümkündürmü? Məsələn, Qafqaz İslam Ordusunun Bakını azad etməsi ilə bağlı qardaş ölkə ilə hansı tədbiri görmək olar?
- Vallah, çox ortaq iş görmək olar. Ən böyük ortaq işimiz elə Qafqaz İslam Ordusudur. Bu ordu iki ölkənin gələcək birlik modelidir. İndiki dövrdə hərbi təlimləri bir yerdə keçiririksə, bunu məhz Qafqaz İslam Ordusuna söykənərək edirik. 1918-ci ildə özlüyündən iki qardaş ölkənin birlik modeli ortaya çıxıb. Deməli, istənilən kritik vəziyyətdə yenə də buna bənzər birliklər yaranacaq. Buna çox ciddi dəyər verməliyik. Sadəcə bir qəbirüstü abidə düzəltdik və bayrağı da ora asdıq. Bu, kifayət etmir. Filmlər çəkilməli, ordunun xidmətləri tanıdılmalıdır. Şəxsən 2 il əvvəl Nuru Paşa və Bakının işğaldan azad olunması ilə bağlı Mədəniyyət Nazirliyinə layihə təqdim etdim, film hazırlanması təklifini irəli sürdüm. Bunun üçün normal komanda da var. Təəssüflər olsun ki, heç kim müsbət reaksiya vermədi. Sanki Azərbaycan tarixinin bu hissəsindən hamı çəkinir. Nədən qorxuruq axı. Yüz il əvvəl bizi erməni və ruslardan xilas edən, namusumuzu qoruyan insanlara vəfa borcumuzu verməkdən niyə imtina edirik? 15 sentyabr günü Azərbaycanın milli bayramı hesab olunmalıdır. Moskvanın Napoleon işğalından azad edilməsi təntənəli şəkildə qeyd olunur. Stalinqradın (Volqoqrad) azad edilməsi də bayram edilir. Biz özümüzə aid olanı etmirik, əvəzində Rusiyadan xahiş edirik ki, "Bəlkə Bakıya qəhrəman şəhər adı verəsiniz?”. Yəni "imperiyaya daha çox nökərçilik etdiyimizə görə, bizə qəhrəman statusu verin”. Belə şey olar? Nə qədər ki, Bakının işğaldan azad edilməsini bayram etmirik, o zaman başqa təfəkkür mexanizmləri işləyəcək. Bizim təfəkkürümüz, yanaşmamız kökündən dəyişməlidir.
İsmayıl Qocayev