Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğın zamanı bir nəfər ölüb, xəsarət alanlar var.
Shafaqadogru.com Report-a istinadən xəbər verir ki, hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğınsöndürmə işləri davam edir.
Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.
Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.
***
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın lokallaşdırılıb.
Hava küləkli olduğundan alovu söndürmək çətinləşib. Bu səbəbdən, FHN-in digər rayonlar üzrə yanğın mühafizə xidmətlərinin briqadaları da hadisə yerinə cəlb edilib.
Yanğın zamanı 3 nəfər yaralanıb. Xəsarət alanlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Əlavə məlumat veriləcək.
***
FHN-dən Axar.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın söndürülüb.
***
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.
Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
***
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə gediblər.