Martın 27-də Bakıda, Sabunçu rayon ərazisində küçəni təmizləyən qadını avtomobil vurdu və nəticədə süpürgəçi yerindəcə həyatını itirdi. Bu, canını itirən ilk belə küçə təmizləyən deyil. Vaxtilə Tovuzda da belə hadisə olub, Gəncədə də Nizami məqbərəsi yanında küçəni təmizləyən qadını avtomobil vurub, öldürüb. Daha sonra məşhur futbolçu Araz Abdullayev də avtomobili ilə süpürgəçi qadını vurmuşdu. Bəs necə etmək lazımdır ki, küçə və ya magistral yolları təmizləyənlər təhlükəsiz olsun? Ümumiyyətlə, məsuliyyət kimdədir?
Shafaqadogru.com bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində süpürgəçi qadınların niyə qəzalara qurban getdikləri barədə maraqlı sujet yayımlanıb.
Sahib Məmmədov (Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri): "İstehsalatda belə bədbəxt hadisələrin baş verməsinə görə məsuliyyət işə götürənin üzərinə düşür. Çünki hər bir işçi işə qəbul olunanda giriş təlimatı verilməlidir".
Lakin bir əmma var, sonuncu qəza yüksək sürət olan yolda baş verib. Avtomobildi, yüksək sürətə icazə var. Sürücü də qayda ilə sürür. Lakin birdən yol kənarını təmizləyən qadın avtomilə yaxın yerdə peyda olur.
Azər Allahverənov (ekspert): "Şəxsləri əvəz edəcək texnikanı buraya cəlb etmək lazımdır. Həmin texnika vasitəsilə bu işləri görmək lazımdır. O texniki vasitə yolu təmizləyərkən sürücülər də sözügedən texnikanı gördükdə nisbətən daha asta və diqqətli sürəcəklər".
Belə texnikalardan dünyanın bir çox ölkələrində istifadə edilir, çünki təhlükənin olduğunu başa düşürlər. Yol kənarındakı otlaq sahələrini səliqəyə salan maşınlardan tutmuş, asfalt yuyan və hətta tozsovuran maşınlar belə geniş istifadə olunur. Bununla da insan ölümlə üz-üzə qalmır. Bu məsələdə, Sahib Məmmədov fərqli düşünür.
Düzdür, küçələri təmizləyən insanların üst geyimləri müəyyən məsafədən görünən geyimlər və işıq qaytaran materialdan olur. Görünür, bu kömək etmir. Bəlkə təmizlik işləri gedən zaman müvəqqəti əlavə xəbardaredici nişanlar qoyulsun.
Burada məsuliyyət MKİİ-nin tam üzərinə düşür. Onlar da birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə tabedir. Onlara da zəng edib, məsələni öyrənmək istəyəndə bu, elə istək olaraq qalır. Ona görə də MKİİ küçə təmizləyənlər barədə daha diqqətli olsun.