Şəfəqə Doğru » Manşet » “Azərbaycanda küçə ilə gedən insanların 10 nəfərindən 8-nin üzü gülmür” - Sosioloqdan AÇIQLAMA

“Azərbaycanda küçə ilə gedən insanların 10 nəfərindən 8-nin üzü gülmür” - Sosioloqdan AÇIQLAMA

“Azərbaycanda küçə ilə gedən insanların 10 nəfərindən 8-nin üzü gülmür” - Sosioloqdan AÇIQLAMA

Gündəlik həyatımızda tez-tez insanlar arasında olan anlaşılmazlığın, davaların şahidi oluruq. Bu baxımdan demək olar ki, son vaxtlar cəmiyyətimizdə aqressiya artır. Bəs bu aqressiyanın yaranma səbəbləri hansılardır? İnsanlar nə üçün bir-biri ilə rahat ünsiyyət qurub, məsələni aydınlaşdıra bilmirlər?

Cebhe.info-ya açıqlama verən sosioloq Ağasəlim Həsənov qeyd edir ki, son vaxtlar cəmiyyətdə olan sosial davranışlarda harmoniyanın olmaması müşahidə olunur və fərdlərin davranışlarında ahəngdarlıq yoxdur.

"İnsanlar arasında bir-birindən sosial gözləntilər, maraqlar üstünlük təşkil edir və cəmiyyətin başqalarının hərəkətlərinə, ifadələrinə, emosiyalarına qarşı dözümsüzlüyü müşahidə olunur. Dözümsüzlük olduğu halda isə fərdlər arasında münaqişələr qaçılmazdır. İnsanlara dözümlülük aşılanmalıdır”.

Sosioloq hesab edir ki, keçid dövrünü yaşayan cəmiyyətlərdə müəyyən sosial-iqtisadi problemlərin olması da insanları dərin problemlərlə üz-üzə qoyur:

"İnsanlar öz hərəkət və davranışlarında müəyyən yük hesab edirlər. Fikir versəniz görərsiniz ki, cəmiyyətimizdə insanlar gülərüz deyil. Azərbaycanda küçə ilə gedən insanların 10 nəfərindən 8-nin üzü gülmür. Fərdin üzü gülmürsə, deməli o hansısa problemlərin içərisindədir və nəyisə düşünür. Onlar bu hallardan çıxış yolu tapmırlar və bu aqressiyaya səbəb olur”. 

A.Həsənov həmçinin Şərq xalqlarından biri olmağımızında aqressiyaya müəyyən dərəcə də təsir etdiyini vurğulayır:

"Qərb cəmiyyətləri ilə xüsusən müsəlman Şərq cəmiyyətlərini müqayisə etsək görərik ki, həyata baxış tam fərqlidir. Bu fərqlilik insanlarda dövlət hərisliyində, daha çox qazanma həvəsində özünü göstərir. Bizim cəmiyyətlərdə düşünürlər ki, nə qədər çox qazansan, o qədər çox xoşbəxt olacaqsan. Onlar hansısa innovasiyanı ortaya qoymaq, yenilik eləmək, cəmiyyət üçün faydalı nəsə etmək haqqında yox, ancaq gəlir əldə etməyi düşünürlər”.

Sosioloq əlavə olaraq, aqressiyanın artma səbəblərinə müasir texnologiyanın inkişafının da səbəb olacağını qeyd edir:

"Müasir texnologiyaların sürətli inkişafı özü ilə birgə bir çox problemləri də gətirib. İndi hər kəsin əlində telefon var və hamı onunla məşğuldur. İnsanlar arasında aludəçilik yaranıb və bunlara görə həyatını itirənlər var.

Mən düşünürəm ki, səbəblər bununla da bitmir. Daha dərin düşünsək bir çox səbəbləri də tapa bilərik. Ancaq biz cəmiyyət olaraq bu halın aradan qalxmasına çalışmalıyıq”.

Hicranə

Cebhe.info