İşğalçı ölkənin özündənrazı yeni baş naziri xaricə ilk "səfəri”ni Azərbaycana elədi və... cavabını aldı; politoloq: "Ermənistanda 10 prezident və baş nazir dəyişsə də...”
Şuşanın işğal günü Ermənistanın baş naziri seçilən Nikol Paşinyan xaricə ilk "səfərini” Azərbaycana - işğal altındakı Dağlıq Qarabağa, Şuşa və Xankəndinə elədi. Üstəlik, orada geniş mətbuat konfransı keçirməklə Qarabağ məsələsində nə dərəcədə "konstruktiv” olacağını, hətta bir növ sələflərindən də radikal mövqe sərgiləyəcəyini nümayiş etdirmiş oldu.
Ərazilərimizə "dal qapı”dan, qanunsuz yolla keçən Paşinyan əli günahsız azərbaycanlıların qanına batmış quldurbaşılar - Serj Sərkisyan və Robert Köçəryandan faktiki surətdə geri qalmadığını göstərdi (onun özü ilə xarici jurnalistləri aparması da Azərbaycan qarşı başqa bir təxribat idi - hansılar ki, şübhəsiz, Azərbaycan XİN-in "qara siyahısı”na düşəcəklər).
Belə ki, işğalçı ölkənin yeni baş naziri Qarabağ məsələsində Ermənistanın mövqeyində hər hansı ciddi dəyişikliyin baş verməyəcəyini təsdiqləyib. "Köhnə bazara təzə nırx” qoymağa çalışan Paşinyan deyib ki, Dağlıq Qarabağdakı rejimin danışıqlarda tərəf kimi tanınması məsələsini qoyur və bunsuz danışıqlara qatılmağa lüzum görmür. "Mən Azərbaycan prezidenti ilə danışıqlarda ancaq Ermənistanı təmsil edə bilərəm. Dağlıq Qarabağı isə onun öz rəhbərləri təmsil etməlidir. Əgər Azərbaycan bu məsələnin həllini istəyirsə, onu indiki formatda, yəni tərəflərdən birinin danışıqlar masası arxasında olmadığı şəraitdə həll etmək mümkün deyil. Dağlıq Qarabağın adından ancaq onun hakimiyyəti danışa bilər”, - deyə o bildirib. Üstəgəl, onun nəzərincə, Bakı Dağlıq Qarabağın "öz müqəddəratını təyin etməsi hüququnu” tanımalıdır. "Əks halda, erməni tərəfi hər hansı güzəştə gedə bilməz”.
Kəsəsi, "ac toyuğun yuxuda darı görməsi”. Belə yuxunu illərdir Sərkisyan və Köçəryan da görür, öz xalqına nağıllar danışırdı. Paşinyan sırada növbəti birisidir, deyəsən. Sələfləri kimi danışıb-danışıb yorulacaq. Yorulanda isə onu bəh-bəhlə hakimiyyətə gətirmiş və artıq inqilab eyforiyasından qurtulmuş kütlənin sərt sualları ilə üz-üzə qalacaq: "Bəs vədlər hara getdi? Bəs Qarabağ, cənnət və rifah nağılları” deyə mütləq ondan soracaqlar.
Xankəndində Paşinyan Türkiyə ilə münasibətlər məsələdində də faktiki yeni heç nə söyləməyib, Serj Sərkisyanın uzun illərdir çaldığı havanı səsləndirib. Deyib ki, İrəvan Türkiyə ilə heç bir ilkin şərt olmadan diplomatik münasibətlərin qurulmasına hazırdır. "Türkiyə şərtlər irəli sürür. Tələb məntiqsizdir, çünki hər hansı ölkə ilə münasibətlərin qurulması üçün üçüncü ölkəyə aid şərtlər irəli sürmək məntiqsizlikdir. Biz öz mövqeyimizdə qalırıq və şərtlər olmadan münasibətlər qurmağa hazırıq” - deyə o vurğulayıb.
*****
"Ermənistanda 10 dənə prezident və baş nazir dəyişsə də, seçildikdən sonra hər birinin ilk səfər trayektoriyası eyni olacaq”. Bu sözləri politoloq Elxan Şahinoğlu yeni erməni baş nazirinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərini dəyərləndirərkən qeyd edib.
O bildirib ki, Ermənistanda hakimiyyətə gələn şəxs birinci Xankəndinə gələcək, sonra Moskvaya - ağalarının yanına uçacaq: "Təəssüf ki, Ermənistanda bu trayektoriyanı poza biləcək siyasətçi yoxdur. Ancaq bunu bilə-bilə biz də Ermənistan rəsmilərinin işğal altındakı torpaqlara səfərlərinə seyrçi qalmalı deyilik. Hesab edirəm ki, Ermənistan rəsmilərindən hər hansı birinin torpaqlarımıza qeyri-qanuni səfəri cəbhə bölgəsində gərginliyə səbəb olmalıdır. Gələn də bilməlidir ki, onun hər səfəri 5-10 erməninin ölümü ilə nəticələnir. Bundan sonra ”bu qədər ölümə görə Qarabağa getməyə dəyərmi" sualı üzərində qara-qara düşünməlidir".
Paşinyanın Qarabağ və Türkiyə mövzusunda sələflərinkindən fərqlənməyən absurd açıqlamalarına Bakı və Ankaradan cavablar isə gecikməyib.
"Azərbaycan əraziləri azad edilmədən Türkiyə-Ermənistan əlaqələrinin normallaşması haqqında söhbət belə gedə bilməz”. Bunu Türkiyə prezidentinin administrasiyasında bildiriblər. Administrasiyada qeyd ediblər ki, Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir: "Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəqiq və aydındır və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir”.
Azərbaycan XİN də Paşinyanın Qarabağ "siftəsini” korlayıb. Erməni baş nazirin "ağzından vurub”.
"Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə, Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi təşviqata üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”. Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O, Paşinyanın nəzərinə çatdırıb ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib: "Xatırlatmaq istərdik ki, ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb. Münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan, xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir. Ermənistan bu prinsipin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin birtərəfli qaydada Azərbaycandan ayrılmasına tətbiq oluna biləcəyini iddia edir. Əslində bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə ATƏT-in Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur. Helsinki Yekun Aktının 8-ci bəndində isə öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib. Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər. Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində erməni və azərbaycanlı icmalarının sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur”.
XİN rəsmisi sonda əlavə edib ki, Azərbaycan Ermənistanın yeni siyasi rəhbərliyinin öz sələflərinin səhvlərini təkrar etməyəcəyinə hələ də ümid edir.
*****
Necə deyərlər, ümid isə axırda ölür. Lakin belə görünür, Nikol Paşinyanın sayəsində o, daha tez öləcək. Bu isə labüd müharibə deməkdir. Nəzərə alsaq ki, artıq geniş hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yaz-yay mövsümü daxil olub, o zaman öncəliklə Paşinyanın özünə hesabat verməsinə, populist bəyanatlardansa, odla oynadığının fərqinə varmasına nə dərəcədə lüzum olduğu üzə çıxar...