ABŞ Prezidenti Donald Trampın Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi qərarı bütün baş verən hadisələrə baxmayaraq, icra edildi.
Məsələ ilə bağlı Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ Prezidenti Donald Tramp prezident seçkisindən əvvəl verdiyi bütün vədləri addım-addım yerinə yetirir:
"Adətən prezident seçilməyənə qədər çox vəd verən olub, ancaq Ağ Evə köçdükdən sonra soyuq başla hərəkət edərək ehtiyatlı qərarlar qəbul ediblər. Tramp onlardan deyil, dediyini edir, ancaq onun qorxunc vədlərini yerinə yetirməsi beynəlxalq aləmə baha başa gəlir. Demişdi ki, İranla nüvə anlaşmasından çıxacaq, çıxdı; demişdi ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq və Amerika səfirliyini bu şəhərə köçürəcək, tanıdı və köçürdü”.
Politoloq qeyd edib ki, bu gün Qəzza bölgəsində ölənlərin sayı 52-yə çatıb və bu say getdikcə artacaq:
"Amerikanın yaxın tarixində çox səhvləri olub, ancaq indi etdiklərinin nəticəsi daha ağır olacaq. Buna baxmayaraq, Donald Tramp ölkə daxilində reytinqini artırıb. Demək, Amerika cəmiyyəti okeanın o tərəfindən bu tərəfinə baxarkən özü üçün təhlükə görmür".
İqtisadçı ekspert Natiq Cəfərli isə Qəzza zolağında yaşananların bir insanlıq dramı, insanlığın üz qarası olduğunu bildirib:
"Silahsız insanlara güllə atmaq, öldürmək cinayətdir. Ölənlərin sayı artıq 52-yə çatıb, 1400-dən çox yaralı var. Dünya ancaq gücün tərəfindədir”.