Şəfəqə Doğru » Manşet » Bakının İrəvana qarşı addım-addım taktikası – Paşinyanın siftəsi necə korlandı?

Bakının İrəvana qarşı addım-addım taktikası – Paşinyanın siftəsi necə korlandı?

Bakının İrəvana qarşı addım-addım taktikası – Paşinyanın siftəsi necə korlandı?
"Azərbaycan cəbhədə vəziyyəti hər an dəyişə bilər, Bakı işğal altındakı əraziləri almaq üçün "sürünən taktika” tətbiq edir” - Rusiya nəşri; şimaldan Ermənistanın yeni rəhbərliyi haqda ittiham aktı: "Paşinyan hökumətində hər kabinetdə "Sorosun qulaqları” görünür...” 

Azərbaycan ordusunun az öncə Naxçıvan istiqamətində (Ermənistanla sərhəddə) bir neçə yeni mövqe qazanması və İrəvan-Gorus-Laçın yoluna nəzarəti əldə eləməsi siyasi şərhçilərin diqqət mərkəzindədir. Rəsmi İrəvan bunun guya elə də ciddi hadisə olmadığını qələmə verməyə çalışsa da, erməni özəl mənbələri və ekspert ictimaiyyəti fərqli fikirdədir. Onlar həqiqətən Azərbaycan ordusunun 1992-ci ildən üzü bəri daha uğurlu mövqeyə çıxdığını dəlillərlə, o cümlədən foto-faktlarla ortaya qoyublar.

Baş verən hadisə erməni tərəfi üçün, konkret olaraq, yeni baş nazir Nikol Paşinyan üçün 2016-cı ilin aprelindəki uğursuzluqla müqayisə edilir. Hansı ki, eks-prezident və baş nazir Serj Sərkisyana yekunda ermənilər bağışlamadı. Təbii ki, "göylə gedən” Paşinyan üçün Azərbaycanın, silahlı qüvvələrimizin böyük sürprizləri hələ qabaqdadır. Yəni Naxçıvan "qulaq burması”, sadəcə olaraq, jurnaldır. Ancaq burası dəqiqdir ki, Azərbaycan ordusu artıq Paşinyanın siftəsini korlayıb. Bunu rusiyalı şərhçilər də etiraf edirlər. 

*****

"Qarabağ münaqişəsi zonasında, Naxçıvan istiqamətində baş verənlər belə fikrə gəlməyə əsas verir ki, Azərbaycan öz ərazilərini qaytarmağın ”step by step" ("addım-addım” - "YM”.) taktikası və strategiyasını həyata keçirir. Bu fonda isə Ermənistanda və Dağlıq Qarabağda köhnə konfliktin həllinə dəqiq baxış yoxdur. Ən əsası, qarşı tərəflə, eləcə də Rusiya ilə konsensus əldə eləmək üçün İrəvanda siyasi iradə gözə dəymir".


"Yeni Müsavat” xəbər verir ki, bu barədə Rusiyanın rosbalt.ru nəşrində getmiş və Naxçıvandakı son olaya dair şərhi də özündə ehtiva edən təhlili məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Öz hökumətini müstəsna olaraq, açıq-aşkar rusofoblardan (onlardan bəziləri hətta Rusiyanın və onun prezidentinin ünvanına təhqiramiz ifadələr işlədib) və ”Sorosun uşaqları"ndan formalaşdıran Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağa dair formatı dəyişdirməyi tələb edir - ki, danışıqlarda tanınmamış respublikanın nümayəndələri də iştirak eləsinlər. Bakı qəti şəkildə buna qarşıdır. Bütün bunlar danışıqlar prosesinə ciddi şəkildə əngəl yaradır. Bu fonda isə Qarabağda inqilabi situasiya yetişir".

Paşinyanın Qarabağdakı etirazlarda əlinin olmasına şübhə eləməyən müəllif yeni baş nazirin özünü qoruma instinktinin artıq işə düşdüyünü qeyd edir: "Bunun nəticəsində Paşinyan rusofobdan rusofilə çevrilməsə də, hər halda, erməni-Rusiya əlaqələrinin sarsılmazlığının məcburi tərəfdaşına çevrilib. Söhbət Ermənistanın hələ ki ”Moskva layihələri" olan Avrasiya Birliyi və KTMT-də üzvlüyünün davam eləməsindən və Gümrüdəki Rusiya bazasının çıxarmaq tələbinin səslənməməsindən gedir. Ancaq "Azərbaycana bir qarış belə, torpaq verilməməlidir” deyən Paşinyan Qarabağ nizamlanmasında mövqeyini dəyişibmi? Yəqin ki, yox. Nədən ki, danışıqlara təkidli şəkildə Stepanakerti (Xankəndi - red.) qoşmaq tələbi Azərbaycan və Ermənistanın birinci şəxslərinin Qarabağla bağlı görüş perspektivini kənara itələyir".


Bəs yaranmış durumda kimə və nəyə güvənməli? Məqalədə suala cavab axtarılıb: "Moskvanın ehtimal ki, artıq Ermənistanın yeni hökuməti haqda dəqiq təsəvvürü yaranıb və çətin ki, Paşinyan Kremli inandıra bilsin ki, bu, ”qərbyönlü" hökumət deyil: onun hökumətində az qala, hər kabinetdə "Sorosun qulaqları” görünür. Belə vəziyyətdə Moskva kimə daha çox etimad bəsləyəcək - Paşinyana, yoxsa Əliyevə? Konkret halda "top” Azərbaycanın "meydanında” olacaq. Ancaq bu, hətta Moskvada da heç də hamını qane eləmir. Bu isə o anlama gəlir ki, Rusiya ilə Azərbaycanı təcili şəkildə savaşdırmaq, aralarını pozmaq lazımdır. O üzdən bəzi rusiyalı və digər analitiklərin Rusiya XİN-də ciddi erməni lobbisinin olması haqda qalmaqallı bəyanatları və ya buna işarə vurmaları heç də təsadüfə bənzəmir... Əslində Azərbaycan əgər işğal altındakı ərazilərini "sürünən” taktika ilə azad eləməyə davam etsə, hər şey anındaca dəyişə bilər".

*****


Rusiya nəşrindəki məqalədən bir daha qənaət hasil olur ki, özünü Moskvaya sevdirmək, ondan xeyir-dua" almaq Paşinyana və dəstəsinə asan olmayacaq. Bəlkə də qeyri-mümkün olacaq - o cümlədən Qarabağ məsələsində. Onun Sorosla əlaqələri barədə yuxarıdakı qeydlər isə az qala, Paşinyan və komandası haqda şimalda yazılan siyasi ittiham aktına bənzəyir.

Onsuz da gec-tez Paşinyan seçimlə üzləşəcək. ABŞ, Avropa ona maliyyə dəstəyini elə-belə verməyəcək, Rusiyaya xəyanət qarşılığında vəd edəcək. Demək, daha bir seçimi Moskva eləməli olacaq - Azərbaycanla Ermənistan arasında.

Bütün hallarda "top” gerçəkdən də Azərbaycanın "meydanında” qalır. Söhbət təkcə futbol topundan getmir. Ayrı sözlə, Bakı növbəti lokal hərbi və ya antiterror əməliyyatı ilə cəbhədə vəziyyəti hər an xeyrinə dəyişə bilər. Qarabağdakı, Xankəndindəki son hadisələr buna əlavə, yeni hüquqi əsas yaradır. Çünki orada yerli xunta rejiminə qarşı etiraza qalxan ermənilər bizim vətəndaşlardır və Azərbaycan dövləti onlara sahib çıxıb qorumağa borcludur...