Ermənistanda müxalif lider, Firavan Ermənistan Partiyasının (FEP) sədri Qaqik Tsarukyanın Moskvaya səfər etməsi geniş müzakirələrə səbəb olub.
Shafaqadogru.com xəbər verir ki, "Jamanak” qəzetində dərc edilən məqalədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müzakirələrin getdiyi bir vaxtda Rusiyayönümlü siyasətçinin Moskvaya səfərində sirli məqamların olduğu qeyd edilir.
Qeyd edilib ki, Tsakuryan Rusiya hakimiyyətinin yüksək vəzifəli məmurları ilə görüşüb: "Böyük ehtimalla səfərdə məqsəd Rusiyanın mövqeyini dəqiqləşdirməkdir. Rusiyayönümlü qüvvələr seçkilər zamanı birləşmək istəyir. Ermənistanda baş vermiş "məxməri inqilab”dan sonra Rusiyanın ölkədəki mövqeləri zəiflədir. İndi isə Rusiyanın mövqeyinin bərpası prosesi başlayacaq. İlk addımı Qaqik Tsarukyan atıb. Onun Rusiyaya loyallığı hər kəsə məlumdur. Belarus prezidenti Aleksandr Lukaşenko ilə də yaxın dostluq münasibətləri var. Tsarukyan dolayısı ilə Rusiya hakimiyyətinin Ermənistandakı zaminlərindən biri idi”.
Məqalədə, Rusiyanın Tsarukyanın vasitəsi ilə Ermənistanda itirilmiş hakimiyyətinin bir hissəsini bərpa etməyə cəhd göstərəcəyi qeyd edilib: "Rəsmi Moskva növbədənkənar parlament seçkiləri ərəfəsində Rusiyayönümlü siyasətçilərə tam dəstək verəcək. Çalışacaq ki, Ermənistandakı hakimiyyətə təsir etsin. Xüsusi qeyd etmək lazımdır ki, Serj Sarkisyanla Qaqik Tsarukyanın yaxın münasibətləri var”.
Qaqik Tsarukyan və Serj Sarkisyan
Ermənistan mətbuatında bu mövzu ilə bağlı dərc edilən yazılar əsasən "Putin Paşinyanı devirmək üçün pul ayırıb?”, "Rusiya Ermənistanda hakimiyyətini bərpa edəcək”, "Tsarukyanın Moskvaya sirli səfəri” başlıqları ilə dərc edilir.
Xatırladaq ki, Ermənistanda son 2 ay ərzində gərgin siyasi mühit hökm sürür. Müxalif lider Nikol Paşinyanın rəhbərliyi ilə baş tutan etirazlardan sonra, yenicə seçilən baş nazir Serj Sarkisyan istefa verdi. Sarkisyanı postunda Nikol Paşinyanın əvəzləməsi və onun qərbyönümlü olması ilə bağlı səsləndirilən iddialar rəsmi Moskva tərəfindən heç də yaxşı qarşılanmır. Məlumata görə, Nikol Paşinyanın yenidən təşkil etdiyi kabinetdə əksər nazirlər qərbdə təhsil alıb və ABŞ, Avropa və bir çox xarici ölkələrdə işləyib.
Rusiya hələ ki, Ermənistanın yeni hakimiyyətinin siyasi gedişlərini izləyir. "Jamanak” qəzetinin yazdığı məqalədə də qeyd edilir ki, Rusiya Ermənistandakı hakimiyyətini bərpa etmək üçün yaxın zamanda hərəkətə keçəcək. Bu arada, iğalçı Qarabağ rejimi də təhlükədədir. Çünki Nikol Paşinyan Qarabağ "rəhbərliyi” ilə razılığa gəlmək istəmir və işğalçı rejimi öz nəzarətinə keçirmək istəyir. Yəqin ki, qorxuya düşən işğalçılar Rusiyayönümlü dairələrin hakimiyyətini bərpa etmək üçün Tsarukyana açıq dəstək nümayiş etdirəcəklər.
Elvin Məmmədov