Ermənistanda inqilab sonrası anti-Rusiya isteriyası, daha doğrusu, şousu davam edir. Əlbəttə, bunun Kremli şantaj edib ondan daha böyük güzəşt, maliyyə və hərbi resurs qoparmağa yönəlik oyun, təzyiq vasitəsi olması da istisna deyil. Lap dəqiqi, birinci hədəf elə budur. Yoxsa hansı ağıllı, müdrik üstündə oturduğu budağı kəsmək fikrinə düşər? Bunu Moskva da yaxşı bilir. Di gəl ki, erməni erməni olmazdı, əgər ənənəvi məkri və riyakarlığına sadiq qalmasaydı, nankorluq etməsəydi, ona yaxşılıq və kömək edəni əqrəb xisləti ilə sancmasaydı.
Hücumlar isə ən əvvəl Gümrüdəki 102 saylı Rusiya hərbi bazasına yönəlib. Artıq Ermənistanda facebook sosial şəbəkəsi vasitəsilə bazanın ölkədən çıxarılması haqda çağırışların tirajlanmasına başlanıb (axar.az). Bu barədə məlumatı "EurAsia Deyli” saytı yayıb. Sayt məlumatı tirajlayanların 102-ci bazanın çıxarılmasına əsas səbəb kimi onun "Ermənistanın maraqlarına xidmət etməməsini göstərdiklərini” bildirib.
Maraqlı məqam isə məlumatların facebook-da əsas mənbə olaraq eyni səhifədən yayılmasıdır. Belə ki, həmin səhifənin "Soros” Fondunun keçmiş əməkdaşı Daniyel İonisyan və ölkədə LGBT haqlarının aktiv təbliğatçısı Karpis Paşoyana məxsus olduğu müəyyən edilib. İonisyan "Soros” Fondunda çalışdıqdan sonra hökumətdə özünə yer edib və hazırda Ermənistan baş nazirinin müavini Ararat Mirzoyanın rəhbərliyi altında Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı yaradılan komissiyanın fəaliyyətini koordinasiya edir.
Paşoyana gəlincə isə o, həm də uzun müddət Ararat Mirzoyanın mətbuat katibi kimi çalışıb. Bildirilir ki, A.Mirzoyan amerikalılarla geniş iş təcrübəsinə malikdir. 2012-2013-cü illərdə o, ABŞ Dövlət Departamentinin dəstəyi ilə təşkil edilən Seçki Sistemləri Beynəlxalq Fondu proqramına rəhbərlik edib.
*****
Moskva sözsüz ki, öz satellitinin davranışlarını, xüsusən də 1 mart 2018-ci il hadisələri ilə bağlı aparılan istintaqı, həbsləri diqqətlə izləyir. Artıq forpostun davranışları, deyəsən, Kremlin səbir kasasını daşırmaq üzrədir. Belə ki, Rusiya XİN başçısı Sergey Lavrov "Rus NATO-su” kimi tanınan KTMT-nin baş katibi, general Yuri Xaçaturova qarşı cinayət işinin açılmasına verdiyi reaksiyanın ardınca sabiq prezident, Rusiya ilə bağlı böyük sirlər daşıyan Robert Köçəryanın həbsinə də münasibət bildirib. Ancaq bu dəfə reaksiya kifayət qədər sərt olub. Moskva faktiki, Köçəryana azadlıq istəyib.
"Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir”, - deyə Lavrov Putinin adından bəyan edib. "İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Bu, həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərdən çox vacibdir”, - deyə rusiyalı nazir vurğulayıb.
"Son günlər ərzində biz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinə bildirmişik. Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik”, - baş diplomat əlavə edib.
*****
"Yeni Müsavat” xatırladır ki, iyulun 26-da İrəvan Şəhər Məhkəməsi Robert Koçəryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Həmin gün Köçəryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona "qabaqcadan bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Eks-prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən dinc etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.
Ondan əvvəl isə Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan eyni cinayət işi üzrə konstitusion quruluşun devrilməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib. Ermənistan Xüsusi İstintaq Xidməti həmçinin Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, Rusiyaya sadiq adamlardan sayılan Yuri Xaçaturovu 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Lakin məhkəmə onu girov qarşılığında zaminə buraxıb.
*****
Moskvanın İrəvana "diş göstərməsi” şübhəsiz ki, ilk növbədə baş nazir Nikol Paşinyana ünvanlanıb. Paşinyan isə bu arada xalqı yenidən İrəvanın mərkəzi meydanına toplaşmağa çağırıb. Bu barədə o, öz facebook səhifəsində çağırış edib. "Baş nazir olmağımın 100 günü tamam olur. Təklif edirəm ki, 17 avqust 18:30-da Respublika Meydanında böyük mitinq keçirək. Bu, çox vacib tədbirdir. Hər birinizin iştirakı vacibdir” - o bildirib.
Şübhə yox ki, mitinq Paşinyana həm də Moskvaya "yumşaq güc” nümayişi üçün gərəkdir. Yəni erməni baş nazir bununla göstərmək istəyir ki, xalq inqilabçı baş naziri və onun addımlarını, həyata keçirilən həbsləri dəstəkləyir, reytinqi də yüksək olaraq qalır, bir sözlə, xalq onun arxasındadır.
Ancaq bəs erməni xalqının arxasında kimdir və həmin güc - Rusiya kənara çəkilsə, nə(lər) olar? Ermənistanın taleyi ilə bağlı əsas sual da budur...
"Yeni Müsavat”