Şəfəqə Doğru » Manşet » Kremldən iki gündə iki xəbərdarlıq – Bakı və Tiflisdən çox, İrəvan hədəfdə...

Kremldən iki gündə iki xəbərdarlıq – Bakı və Tiflisdən çox, İrəvan hədəfdə...

Kremldən iki gündə iki xəbərdarlıq – Bakı və Tiflisdən çox, İrəvan hədəfdə...
Rusiyanın Gürcüstana hərbi təcavüzündən 10 il ötür. Gürcüstan ərazilərinin bir hissəsinin ilhaqı, Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin Moskva tərəfindən tanınması ilə bitən "5 günlük müharibə”nin ağır nəticələri hələ də aradan qalxmamış qalır.

Rusiya SSRİ-nin süqutundan sonra ilk dəfə məhz Gürcüstanda özünün əsl imperiya xislətini nümayiş etdirdi, Sovetlər Birliyinin çöküşü ilə barışmadığını ortaya qoydu, beynəlxalq hüquqa meydan oxudu. Əfsus ki, o zaman Kremlin təcavüzkar siyasətinin Qərb tərəfindən yetərli şəkildə ciddiyə alınmaması 6 il sonra digər bir "sözəbaxmaz” postsovet ölkəsinə - Ukraynaya qarşı Rusiyanın müdaxiləsi və Krımın ilhaqlı ilə nəticələndi. Qərb sanki yalnız bundan sonra yuxudan ayıldı və Rusiyaya qarşı sanksiyalar tətbiqinə başladı...

***** 

Dünən Avropa Birliyi (AB) "5 günlük müharibə”nin 10-cu ildönümü ilə bağlı bəyanat yayıb. "Yeni Müsavat”ın xarici qaynağa istinadən verdiyi məlumata görə, qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerininin adından yayılan bəyanatda xüsusi vurğulanır ki, "Bu gün Avropa Birliyi heç vaxt olmadığı qədər Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və ərazidəki konfliktlərin dinc həll yolunu dəstəkləyir”. Bu da qeyd edilir ki, "Bu gün Gürcüstan bölgədə demokratiya örnəyi, region üçün təqlid ediləsi nümunədir”.

Yeri gəlmişkən, AB Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşır. Bunu ötən ay Brüsseldə Bakı ilə imzalanmış ikitərəfli niyyət sənədi bir daha təsdiqlədi. Həmçinin, NATO sammitinin yekun sənədində ölkəmizin ərazi bütövlüyü növbəti dəfə təsbit olundu. Ancaq təəssüf ki, bütün bunlara rəğmən, Avropa, Qərb işğalçı Ermənistana, işğalçı Rusiya kimi sərt münasibət bəsləmir. Bu üzdən Azərbaycan öz ərazi bütövlüyünü təmin eləmək məsələsində həm "ikili standart” siyasətini, həm də Rusiya amilini nəzərə almaq zorundadır.

Müqayisə üçün: 10 il öncə Gürcüstan "5 günlük maharibə”də işğalçı Rusiyaya uduzdu. Azərbaycan isə 2016-cı ilin aprelində "4 günlük müharibə”də işğalçı Ermənistana qarşı hərbi uğur əldə elədi. Bunun əsas səbəbi, əlbəttə ki, Rusiya amilini düzgün hesablamaqla bağlı idi.

Keçən 10 illik zaman kəsiyi də bir daha göstərdi ki, bölgədə işğal problemindən qurtulmaq üçün öncəliklə Rusiya faktorunu neytrallaşdırmaq lazımdır. Bu isə Qərbin - ABŞ və AB-nin region ölkələrinə ciddi və real dəstəyi olmadan qeyri-mümkün görünür.

Doğrudur, ötən müddətdə Qərb "5 günlük müharibə”dən nəticə çıxarıb, dərs götürüb. Konkret olaraq, Qərbə, NATO-ya kurs götürmüş Gürcüstanın təhlükəsizliyi ilə bağlı bir sıra mühüm addımlar atılıb, köməkliklər edilib və edilir. Qərb qonşumuz, faktiki, NATO-nun üzvlüyünün bir addımlığına gəlib çıxıb - hərçənd Moskva bunu heç cür həzm edə bilmir və hədə siyasətini davam etdirir. Özü də təkcə Gürcüstana qarşı yox, bütövlükdə bölgə ölkələrinə qarşı. 

*****

"Gürcüstan və bölgənin digər ölkələri 2008-ci ildə Gürcüstanda baş vermiş hadisələri nümunə götürərək, bu cəza tədbirindən özləri üçün dərs çıxarmalıdırlar”. Bu təhdid xarakterli bəyanatı dünən Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "5 günlük müharibə”nin ildönümü ilə bağlı səsləndirib (teleqraf.com).

Karasin hədə tonunu davam etdirərək, qeyd edib ki, Gürcüstan hakimiyyəti vaxtilə atdığı addımlara görə təəssüflənməlidir: "Bu hadisələr baş verəndən sonra Mixail Saakaşvili getdi və indi də həmişəki kimi qumar oynanılır. Hazırda gürcülərin məsuliyyətli lideri yoxdur. 2008-ci ildə qanlı hadisələr baş verdi və iki gənc ölkə ayrıldı, biz onları tanıdıq. İndi də Abxaziya və Cənubi Osetiya ilə müttəfiqlik əlaqələrimizi inkişaf etdiririk. Ümid edirik ki, bundan təkcə Tiflis yox, Qafqazın və dünyanın digər dövlətləri də nəticə çıxaracaqlar”.

Diqqət edildisə, Rusiya rəsmisi suveren Gürcüstana hərbi müdaxiləni işğal yox, "cəza addımı” adlandırır. Bu isə o anlama gəlir ki, Moskva "5 günlük müharibə”dən əsla düzgün nəticə çıxarmayıb və lazım bildiyi təqdirdə Gürcüstana və ya regionun digər suveren ölkəsinə qarşı eyni təcavüz aktını təkrarlaya bilər.

Ancaq təkrarlaya biləcəkmi? Hər necə olmasa, ötən 10 ildə böyük siyasətdə xeyli "su” axıb. Qərb, ABŞ özü üçün dərslər götürüb. İndi Amerikanın başında liberal və mülayim demokratlar yox, Rusiyaya qarşı sanksiyalar tətbiq edən radikal respublikaçılar, qırğılardır. Nəhayət, 2008-ci ildən fərqli olaraq, ABŞ, NATO Gürcüstanda özünə əhəmiyyətli şəkildə yer edib. Orada (Vazianidə) alyansın, faktiki, bazası mövcuddur. ABŞ Senatı isə Gürcüstanı NATO-dan kənar müttəfiq elan edib. Məsələ, fərq həm də bundadır.

*****

Bununla belə, Rusiyaya "havaya atəş açmaqda”, öz kiçik qonşularına hədə biçməkdə davam edir. Başqa yolu da yoxdur. Karasindən bir gün qabaq Rusiya baş naziri Dmitri Medvedyev bəyan eləmişdi ki, Gürcüstanın NATO-ya üzvlüyü fəlakətli nəticələrə səbəb olacaq. Hansı fəlakətli nəticələrə - bu dəfə Tiflismi işğal ediləcək? Düşünmürük. Çünki qeyd edildi artıq, indi nə dünya, Rusiya 10 il öncəki dünya, Rusiyadır, nə də Qərb - ABŞ, AB, NATO. Bunu Kremldə də bilməmiş deyillər.

Söz yox ki, Moskvanın "bölgənin jandarması” olmağa iddialı bu qəbildən bəyanatları Azərbaycanın da milli maraqları əleyhinə yönəlib. Ancaq şübhə yox ki, belə xəbərdarlıqlar ilk növbədə Rusiyanın "ovucu”nda olan Ermənistana ünvanlanıb. Hər halda, Bakı NATO üzvlüyünə can atmır. Rusiyanın hərbi-siyasi müttəfiqi, forpostu ola-ola "iki stul”da oturmaq siyasəti aparan da Baki deyil, İrəvandır, "qərbyönlü” Paşinyan hökumətidir. Moskvanı ən çox qəzəbləndirən də vassal Ermənistanın riyakar siyasətidir. Kreml bu üzdən Gürcüstandakı NATO təlimlərinə Azərbaycandan çox Ermənistanın iştirakını sinirə bilmir.

*****

Təlimlərdən əvvəl isə Paşinyan NATO-nun iki tədbirində iştirak edib. Bu isə Rusiya tərəfindən narazılıqla qarşılanıb. Xəbər verildiyi kimi, artıq XİN rəsmisi Mariya Zaxarova bəyanat yayaraq, buna etiraz bildirib. Rusiyada hesab edirlər ki, NATO-nun Rusiya yaxınlığında təlim keçməsi və bölgə dövlətlərinin bu təlimlərdə iştirakı qorxulu tendensiyadır.

"Görünən budur ki, Paşinyan və Moskva arasında ciddi problemlər yaranıb. Bu problemlər münasibətlərdə bütün istiqamətləri əhatə edir”.

Politoloq Qabil Hüseynli bu qənaətdədir. Onun sözlərinə görə, Paşinyanın anti-Rusiya addımlarına cavab olaraq, Moskva Ermənistana satdığı qazın qiymətini qaldıra bilər. "Digər yandan, Rusiya Ermənistana kreditlə ayırdığı silahların verilməsini dayandırıb. Bu fonda Moskva bəyan etdi ki, Azərbaycan Rusiyadan istədiyi silahı ala bilər. Bu onu göstərir ki, Rusiya Cənubi Qafqazda səsinin tonunu dəyişib və bu ton Ermənistana münasibətdə amiranədir. Rusiyanın Azərbaycan münasibətindəki dəyişikliyini də hiss etməmək mümkün deyil”, - deyə Hüseynli qeyd edib.

Politoloqa görə, Azərbaycan prezidenti İlham Əliyev qarşıdakı həftələrdə Rusiyaya səfər edəcək və bu səfərdən böyük gözləntilər var: "Bu da Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Rusiyanın da Azərbaycandan gözləntisi budur ki, Avrasiya İttifaqı və Gömrük İttifaqına üzv olsun. Əlbəttə, Azərbaycan Qarabağ məsələsində haqlı tələbləri yerinə yetiriləcəyi halda, Rusiya ilə əməkdaşlığı daha yüksək səviyyə qaldırmaq haqqında fikirləşə bilər. Bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən keçir...”
"Yeni Müsavat”