"Hökumətdəki bəzi qüvvələr qəsdən narazılıq yaradan addımlar atırlar ki, xalq hakimiyyətdən narazı olsun”.
Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib. O bilidirb ki, gedişhaqqını qaldırmaqla büdcəyə cəmi 20 milyon pul daxil olacaq, amma bu qərar milyonlarla insanı narahat edib:
"Ortaya sual çıxır, əgər bu artımın iqtisadi əsası və səmərəsi yoxdursa, o zaman niyə bu addımı atırlar? Təbii ki, bunun səbəbi odur ki, camaat Prezidentdən narazı qalsın. Axı, 20 milyon nə puldur ki, ona görə bu qədər camaatı narazı salırlar? Nazir var ki, onun villasının dəyəri 20 milyondur. Bu adam millətin fikrini nəzərə almırlar. Ya da millətin əksinə gedirlər ki, narazılıq yaransın. Hökumətdə laxlamış insanlar var və bilirlər ki, bu gün sabah yola salınacaqlar. Ona görə də çalışırlar ki, qarışıqlı olsun və yaddan çıxsınlar. Bir az da talançılıqla məşğul olsunlar. Bu, çox yanlış siyasətdir. Bu siyasətin sonunda iqtidarla xalq arasında qarşıdurma yarada bilər”.
Partiya sədri maraqlı təklif də irəli sürüb. "Əgər sıxıntı varsa, hər nazir xaricdəki obyektlərini satıb pulunu bura gətirsinlər, balalarına, nəvələrinə xərclədikləri milyonları xalqa sərf eləsinlər. Təbii ki, eləməzlər. Onlar xalqdan oğurlamağa öyrəşiblər. Amma buna baxmayaraq. Biz fəallarımız aktiv olmağa çağırmışıq. Ölkədə yarana biləcək hər hansı qarşıdurma cəhdlərinin qarşısı alınmalıdır. Bu ölkə bizimdir, burada baş verən hər hansı bir qarşıdurma hamımıza zərbədir. Ona görə də planlaşdırırıq ki, yaxın günlərdə bu istiqəmətdə ciddi fəaliyyətə başlayacağıq” – deyə MMP sədri fikrini tamamlayıb.