Küçədən gələn baş nazirin çatışmayan cəhətləri üzünə vurulur
Nikol Paşinyanın Ermənistandakı hakimiyyəti ələ aldıqdan sonra düşdüyü acınacaqlı vəziyyəti xüsusilə erməni mediası tərəfindən bu və ya digər şəkildə araşdırılır, beləliklə də, küçədən gələn baş nazir ağır tənqidlərə məruz qalmaqda davam edir. SİA-nın məlumatına görə, "Past” qəzeti yazır ki, son günlər cüzi də olsa iqtidardakı rıçaqlarını əldə saxlayan Respublika partiyası müxtəlif tədbirlərdə iddia edirlər ki, Paşinyan şantaj və təhdid yolu ilə baş nazir seçilib.
"Past” qəzeti: "Paşinyan bir neçə aydan sonra sosial problemlər yükü altında küçə dəstəyini itirəcək”
Daha dəqiq desək, Respublika partiyasının üzvlərini Paşinyanın namizədliyinə səs vermək üçün məhz bu yolla məcbur ediblər. "Məlum olmağa başlayır ki, bu kimi iddialar elə-belə səsləndirilmir”, yazan "Past” qəzetinə görə, adıçəkilən partiyada belə bir inkişaf ssenarisi müzakirə edilir: "Paşinyan bir neçə aydan sonra sosial problemlər yükü altında küçə dəstəyini itirəcək. Respublika partiyasının parlament fraksiyası bundan istifadə edərək, imza toplama kampaniyasına başlayacaq və konstitusiya məhkəməsinə müraciət edəcək ki, Paşinyanın hakimiyyətə gəlişi ana yasa qanunlarının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Respublika partiyasının üzvləri xalq kütləsinin qisası və şantaj təhlükəsi altında səs verməyə məcbur olublar”.
Erməni nəşri həmçinin qeyd edir ki, Nikol Paşinyanın hələ də müxalifətçilik ritorikası ilə çıxış etməsinə səbəb də məhz bu amildir. "O, bu vasitə ilə ictimai dəstəyi uzun müddət saxlayacağına ümid edir”, "Past” yazır.
"Erməni polisi kütləvi şəkildə işlərini tərk edirlər”
Bu arada, adıçəkilən qəzet növbəti nömrəsində digər problemə toxunur. Belə ki, son vaxtlar Ermənistanın polis sıralarını tərk edənlərin sayı artmaqda davam edir və get-gedə kütləvi hal alır. Qəzet yazır: "Bizdə olan məlumatlara görə, polis rəisi Valeri Osipyan polisin müxtəlif strukturlarını şəxsən gəzərək, getmək istəyənlərə bu sistemi demontaj etməməyə, polis sıralarını tərk etməməyə çağırır”.
Qəzetə görə, məsələ ondadır ki, polisə "əlavə gəlir” əldə etmək qadağası qoyulub, az məvacib alan polislər isə bu qədər cüzi maaşla işləməyi rədd edirlər. Çünki ailələrini saxlaya bilmirlər.
Ermənistan polisləri işğal olunmuş ərazilərimizdəki səngərlərə, ön xəttə göndərilirlər ki, bu amil də onların ciddi etirazlarına səbəb olub
"Xüsusilə, yol polisləri belə bir situasiyada işləməkdən imtina edirlər”, yazan "Past” onu da qeyd edir ki, Ermənistanda maaş artımı gözlənilmir: "Hətta gələn ildə də polislərin maaşlarının artırılması gözlənilmir. Sistemdə seyt-not vəziyyəti yaranıb. Osipyan isə gələcəkdə nəyin-necə olacağına aydınlıq gəlməyəncəyə qədər hər kəsi işləməyə çağırıb”.
Yeri gəlmişkən, erməni polisinin cüzi məvacibə görə iş yerlərini tərk etmələrini onların separatçı "DQR”ə postlara göndərilməsi ilə də əlaqələndirmək olar. Belə ki, son vaxtlar Paşinyan hökuməti bununla bağlı qərar qəbul edib və Ermənistan polisləri işğal olunmuş ərazilərimizdəki səngərlərə, ön xəttə göndərilirlər ki, bu amil də onların ciddi etirazlarına səbəb olub. Hər halda, fakt budur ki, ölkədəki digər sistemlərlə yanaşı, hüquq-mühafizə orqanları sistemi də çökməkdə davam edir.
"Hraparak” : "ABŞ-da yaşayan erməni icması Paşinyanın Amerika senatoru Con Makkeynin ölümü ilə bağlı başsağlığı vermədiyinə görə ittiham edib”
Bu arada, Nikol Paşinyan hökuməti daxili böhranla bacarmadığını günü-gündən sübut etməklə yanaşı, xarici siyasətində də çatışmayan faktorlar üzə çıxmaqdadır. Məsələ ondadır ki, artıq ABŞ-da yaşayan erməni diasporu baş nazirin səhvlərini üzünə vururlar. Məsələn, "Hraparak”ın yazdığına görə, ABŞ-da yaşayan erməni icması Paşinyanın Amerika senatoru Con Makkeynin ölümü ilə bağlı başsağlığı vermədiyinə görə ittiham edib. Halbuki, Makkeyn uzun illər ABŞ senatında erməni lobbisinin maraqlarından çıxış edib. Bunu erməni icması da etiraf edib: "İcma Ermənistan da daxil olmaqla, hər zaman Makkeynə müraciətlər edib və onun dəstəyini görüb. O, iki dəfə Ermənistanı ziyarət edib və hər zaman erməni məsələsini senatda qaldırıb, dəstəkləyib”.
ABŞ-ın erməni icması: "İcma hesab edir ki, Ermənistan hakimiyyətinin başsağlığı teleqramı göndərməməsi faktı ciddi siyasi səhvdir”
"Hətta Makkeyn ailəsinin dəfn mərasiminə dəvət etmədiyi Tramp Ağ ev üzərindəki dövlət bayrağının iki gün müddətinə aşağı salınması ilə bağlı sərəncam verib”, yazan "Hraparak” erməni icmasının bəyanatından bir parça ictimailəşdirib: "İcma hesab edir ki, Ermənistan hakimiyyətinin başsağlığı teleqramı göndərməməsi faktı ciddi siyasi səhvdir və bu, erməni icmasının respublikaçılarla gələcəkdə iş qurmasına xələl gətirəcək. Yeri gəlmişkən, Con Makkeyn Azərbaycanda aşırı ermənipərəst siyasət adamı kimi tanınıb”.
Beləliklə, Nikol Paşinyanın istər daxili, istərsə də xarici siyasət baxışları onun naşılığını növbəti dəfə ortaya qoymaqdadır. Xüsusilə, aparıcı erməni nəşrlərinin onun tənqidini sərt şəkildə aparması artıq erməni ictimaiyyətində ona qarşı itən etimadın yüksəlməsinə işarə edir.
Rövşən RƏSULOV