Deputat Qüdrət Həsənquliyevin ölkədə kazinoların bərpasına dair çağırışı barədə məlumat vermişdik. Deputat bildirirdi ki, bununla ölkəyə külli miqdarda gəlir gələcək. Maraqlıdır ki, təxminən bir il əvvəl Qüdrət Həsənquliyev "Topaz” qumarının ailələri dağıtdığını və onun ləğvini tələb etmişdi. Digər tərəfdən, Azərbaycana bu gün sadəcə iqtisadi gəlirmi lazımdır? Belə bir qanun qəbul ediləcəyi halda ölkənin krimonogen durumuna və sosial-ictimai vəziyyətinə hansı təsirlər qoya bilər? Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda kazinolar və qumarxanalar eks-prezident Heydər Əliyevin göstərişi ilə ləğv edilib.
Bu barədə FaktXeber.com-a tanınmış ictimaiyyət nümayəndələri öz fikirlərini açıqlayıblar.
Şərqşünas-politoloq Vüsal Hətəmov milli-mənəvi dəyərlərimizə zidd olan qumarın, ancaq cinayət hadisələrinin sayını artıracağını bildirdi: «Burda intiharlardan, borclu insanların sayının çox olmasından, müflis olanların artmasından, uduzanların cinayətə əl atacağından söhbət gedə bilər. Qumarın «effekti» bu olacaq. Hesab edirəm ki, hakimiyyət siyasi iradəsini ortaya qoymalıdır. Bütün, qumarla bağlı, təkcə kazinolar deyil, buna oxşar həvəsləndirici oyunlar, o cümlədən lotoreyalar qadağan edilməlidir».
Vüsal bəy bunun intiharların sayını da artıracağını vurğuladı: «Borclu olan, hər şeyini itirən insan nə fikirləşə bilər? Fikirləşər ki, bundan nə ailə başçısı ola bilər?»
Şərqşünas politoloq gənclərin bu sahəyə meylliyinin artmasını da acınacaqlı hallardan biri olduğunu vurğuladı: «Yyaxınlarda bu barədə araşdırmalar aparmışdıq. Buna görə, yaranan borca görə, nə qədər evlər, hələ qurulmamış ailələr dağılıb».
Bəzi mütəxəssislər hesab edir ki, hüquqi cəhətdən tənzimlənərsə, belə hallar baş verməyə bilər. Görəsən doğrudanmı belədir?
Vüsal bəy istənilən hüquqi qanunların Konstitusiyaya əsaslanmalı olduğunu dedi: «Orada da milli-mənəvi dəyərlərin qorunması barədə kifayət qədər maddələr var. Mənəvi irsimizin, dəyərlərimizin qorunması konstitusiya ilə təsbit olunur. İnanmıram ki, qumarxanaların fəaliyyətinə qanuni cəhətdən müsbət qiymət verə bilinsin».
Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev fikiri isə bu məsələyə fərqli oldu. O bildirdi ki, hüquq mühafizə orqanları öz işlərini, peşəkar, intellektual səviyyədə qurandan sonra, bunun kriminogen duruma heç bir təsiri olmaz. Mahmud bəy buna əsas kimi bütün Asiya, Avropa, Amerikada kazinoların olmasını misal gətirdi
Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Əsas Qanunda qumarın qadağan olunması ilə bağlı qanuna yenidən baxılması üçün hər hansı sosial sifariş olmadığını dedi: «Rəsmi dairələrdə bununla bağlı nə təşəbbüs var, nə də həmin vaxt qəbul edilmiş qərarın dəyişilmək istəyi. Bu, sadəcə Azərbaycan Parlamentində müxalifətdən olan Qüdrət Həsənquliyevin səsləndirdiyi bir təşəbbüsdür. Bu, onun şəxsi fikirdir. Azərbaycan Parlamentində həmin fikri dəstəkləyən ikinci bir deputat tapılmadı. Şəxsən mən hesab edirəm ki, Azərbaycanda azart oyunlarının leqallaşdırılmasına heç bir ehtiyac yoxdur».
Aydın bəy birinci qəbul edilmiş qərarın prinsipial olduğunu və onun ləğv edilməsinə hər hansı ehtiyacın olmadığını vurğuladı. Onun sözlərinə görə, əksinə, bu qərarın ləğv edilməsi Azərbaycanda bir çox problemlərə səbəb ola bilər.
«Bu təklif Azərbaycana investisiyaların cəlb edilməsi ilə əlaqədar verilib. Halubki sərmayə cəlb etməyin sivil, özünü təsdiqləmiş, cəmiyyətlər arasında problem yaratmayan minlərlə yolları var və həmin yollardan maksimum istifadə etməliyik. Kazinoların leqallaşdırılması isə əksinə, mənəviyyatın pozulmasına, kriminal hadisələrin artmasına şərait və çirkli pulların leqallaşdırılması üçün sistem yarada bilər. Çünki kimlərsə əldə etdiyi pulu guya ki, kazinoda udduğu barədə iddia irəli sürə bilər» - deyə deputat bildirdi.
Politoloqun sözlərinə görə, həmçinin bu, Azərbaycanlı gənclərinin həyat prinsipinin pozulmasına, onların asan yolla pul qazanmaq istəyinin artmasına səbəb olur: «Bu düzgün təklif deyil və ona heç bir ehtiyac yoxdur. Məhz buna görə də həmin təklif digər deputatlar tərəfindən dəstəklənmədi, belə görünür ki, cəmiyyət də bu məsələyə qarşı çıxır».
Mahmud Hacıyevin, "kazinoların leqallaşdırılması qanun çərçivəsində doğru tənzimlənərsə, ciddi problem olmayacaq” fikrinə də münasibət bildirən Aydın Mirzəzadənin sözlərinə görə, kazinoların leqallaşdırılması nə qədər tənzimlənsə də, bunun ab-havası cəmiyyətə yayılır və cəmiyyətdə artıq qanunla tənzimlənə bilməyən çoxsaylı problemlərin ortaya çıxmasına səbəb olur: «Bəzi ölkələrdə kazino sistemi ona görə möhkəmdir ki, həmin kazinoların yaşamasını dəstəkləyən xüsusi maraqlı dairələr var. Onlar üçün pulun hansı yolla əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycanda isə belə kazinoların leqallaşdırılmasında nə siyasi, nə iqtisadi cəhətdən maraqlı dairələr yoxdur. Ona görə onu nə leqallaşdırmağa, nə də hüquqi çərçivəyə salmağa ehtiyac yaranmır».
"İmpuls” qəzetinin baş redaktoru Mətanət Əliyeva isə məsələyə fərqli cəhətdən yanaşdı. O, ilk əvvəl kazinoların leqallaşdırılmasının cəmiyyətdə heç kim tərəfindən xoş qarşılanmayacağını vurğuladı: «Bunları kim xoşlayar ki? Hamının ailəsi, qardaşı, yoldaşı var… Gedib son qəpiyini də uduzsa, nə olacaq bunun axırı? Bu təklifi edənlər yəqin xalqın düşmənidirlər».
Mətanət xanım belə təkliflər səsləndirməkdənsə, xalqın problemi ilə maraqlanmağı deputata tövsiyə etdi: «Özüm əslən Hacıqabul rayonundanam. Orada nə qədər narkoman var, bilirsiniz? Çünki satanları çoxdur. Qoy onları tutsunlar. Şou yaradırlar ki, guya əkin-biçin olacaq. Hanı? Əkin vaxtı keçir, amma Hacıqabulda su yoxdur. Bu məsələni yoluna qoysunlar. Hansı idarəyə gedirsən, rüşvət istəyirlər. Daha neftin pulu da yoxdur, camaat pis vəziyyətdədir. Heyvanların aclıqdan sümüyü çıxıb. Gəlsinlər rayona, maraqlansınlar kəndilərin vəziyyəti ilə. İcra gəlib bir adamdan soruşdumu ki, niyə torpaqları əkməyibsən? Deputat qumardan danışınca, bunlardan danışsın”.