Azərbaycan XİN Paşinyanın BMT sərsəmləməsinə reaksiya verdi: "Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olaraq qalacaq”; politoloq: "Görüşləri davam etdirmək üçün konkret suallar qoyulmalı və cavab alınmalıdır...”
Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi çıxışdan sonra Qarabağ danışıqlarının perspektivinə inam qalmayıb. Düzdür, Azərbaycan vətəndaşları danışıqlara olan inamını hələ illər öncə dəfn etmişdilər. Amma ara-sıra Rusiya hakimiyyətinə yaxın dairələr Dağlıq Qarabağ ətrafındakı 5, yaxud 7 rayonun işğaldan azad ediləcəyini anons edirdi ki, bu da bir qisim insanlarda müəyyən ümidlər yaradırdı.
Ancaq Paşinyan BMT toplantısı ərəfəsində davakar obrazda çıxış etdi və hətta ətraf 7 rayonun Dağlıq Qarabağa "birləşdirildiyi” barədə sərsəm fikirlər söyləməklə həm BMT qətnamələrini, həm danışıqlarda vasitəçilik edən paytaxtların təşəbbüslərini heçə saydı, həm də danışıqların perspektivini sual altında qoydu. Ardınca o, BMT-də analoji sərsəmləmələrlə çıxış elədi. Ermənistanın hökumət başçısının bu avantürist çıxışından sonra keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən təbii ki, fövqəladə nəsə gözləməyə dəyməzdi. İşğalçı ölkənin baş nazirinin sərgilədiyi davranışın ardınca əldə olunan razılıq "danışıqların davam etdirilməsi”ndən uzağa gedə bilməzdi.
Bu arada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda baş tutan danışıqlar 3 saatdan çox davam edib. "Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı”.
Bu sözləri Azərbaycanın XİN başçısı E.Məmmədyarov deyib. "Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, - deyə nazir əlavə edib.
Təbii ki, Ermənistan hərbi əməliyyatlardan sığortalanmaqdan ötrü danışıqların davam etdirilməsini çox istəyir. Paşinyan BMT tribunasından həm də ölkədaxili auditoriyaya ünvanlandığı bəyanatının ardınca gərginliyin artmasında, Azərbaycanın işğalçı ölkəyə növbəti "aprel dərsi” verməsində maraqlı deyil. Əgər belə bir hadisə baş versə, onun hakimiyyətinin ömrü qısa olacaq. Odur ki, indiki durumda danışıqlarla vaxt uzatmaq İrəvan üçün ən məqbul variant olardı, ən azı gələn ilin yazında keçiriləcək parlament seçkilərində səslərin mütləq əksəriyyətini alana qədər.
Ancaq sülh danışıqlarının perspektivinə hətta əcnəbi ekspertlər də inanmır. "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşündən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyiş gözləməyə dəyməz”.
Bunu Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov BMT Baş Assambleyası çərçivəsində Məmmədyarovla Mnatsakanyanın görüşünü şərh edərkən "Report”a bildirib. "Payızın əvvəlində Dağlıq Qarabağ üzrə beynəlxalq vasitəçilərin fəallığı, bir qayda olaraq, artır. Onların fəaliyyətində növbəti fəallıq, adətən, ilin sonunda müşahidə olunur. Belə vəziyyətdə münaqişə tərəflərinə beynəlxalq imicin qorunması baxımından heç olmasa, ”danışıqlar haqqında danışıqlara" hazır olduğunu göstərmək sərfəlidir". Onun sözlərinə görə, Paşinyan yenə də seçki kampaniyası rejimində hərəkət etməyə məcburdur.
****
Nyu-Yorkda Rusiya və Ermənistan xarici işlər nazirlərinin də görüşü olub. "Yeni Müsavat” erməni mediasına əsasən bildirir ki, nazirlər ikitərəfli və regional gündəmin məsələlərini müzakirə ediblər. Rusiya xarici siyasət idarəsindən isə bildirilib ki, beynəlxalq forumlar çərçivəsində Rusiya və Ermənistanın qarşılıqlı əlaqələri xüsusi müzakirə obyekti olub. Rusiya-Ermənistan münasibətlərində soyuqluğun yaşanması, həmçinin S.Lavrovun Paşinyan hökumətinə aqressiv münasibətinin fonunda bu görüşün keçirilməsi diqqət çəkir. Görüşün təşəbbüskarının kim olduğu bəlli deyil. Digər mühüm məqam bundan ibarətdir ki, Rusiya prezidentinin Azərbaycana səfərinin ardınca Ermənistana gedəcəyi xəbəri yayılsa da, bu, təsdiqini tapmadı. Rusiya prezidentinin köməkçisi səfərin bu il baş tutmayacağını bildirdi. Bu vəziyyət isə İrəvanda şok effekti yaradıb. Ola bilsin Lavrov erməni həmkarına bəzi xəbərdarlıqlarını çatdırıb. Xatırladaq ki, N.Paşinyan bir müddət öncə S.Lavrovu ələ salan açıqlama vermişdi.
Bəzi ekspertlər hesab edirlər ki, belə vəziyyət Bakının əlinə torpaqlarını azad etmək fürsəti yaradır. Azərbaycanın Rusiya ilə münasibətlərini ideal vəziyyətə gətirməsi ilə yanaşı, ordumuz üçün əlavə silahların alınması da üstünlüyümüzü artırır. Son məlumata görə, Belarus "Polonez” raket sistemlərinin daha bir batareyasını Azərbaycana yola salıb (Virtualaz.org). "Polonez” raket kompleksləri 8 yüksək dəqiqlikli raket daşıyır. Bu raketlər 200 və 300 kilometr məsafədə hədəfləri vurur. Kompleks MZKT-7930 şassisi üzərində yerləşdirilib, bu maşın saatda 70 kilometr sürətlə 1000 kilometr dayanmadan yol qət edə bilər. Bu, Ermənistan üçün şok effekti yaradan digər bir xəbərdir. Qeyd edək ki, ötən həftə Ermənistan rəsmiləri Azərbaycana silah satan KTMT üzvünə-Belarusa iradlarını çatdırmışdılar. Verilən "cavab” ortadadır...
****
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Yeni Müsavat”a açıqlamasında erməni baş nazirin sərsəm bəyanatlarına münasibət bildirdi: "Paşinyan dövlət idarəçiliyində heç vaxt iştirak etməyən birisidir, heç doğru-düzgün ali təhsili də yoxdur. Bu adamın heç məsləhətçiləri də yoxdur, çünki bu adamların heç biri onunla bir komandada iştirak etmək istəmirlər. Bunlar hamısı gözləmə mövqeyi tutublar, çünki gedişatın onları hara apardıqlarını bilirlər. 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən proseslər bu gün Ermənistanda yaşanır”.
S.Novruzov əlavə etdi ki, bəzi ekspertlər Paşinyanın radikal bəyanatlarla Ermənistandakı parlament seçkilərini hədəflədiyini qeyd edirlər: "Amma mən heç inanmıram ki, Paşinyan parlament seçkilərinə gedib çatsın. Çünki onun nə iqtisadi, nə siyasi platforması var, hansı ölkələrlə münasibətlərin qurulması ilə bağlı aydın mövqeyə malik deyil. Konkret mövqeyi, istiqaməti yoxdur, Amerikaya, Rusiyaya yaxın olduğu bəlli deyil”.
S.Novruzov BMT tribunasından işğalçı siyasətinə haqq qazandıran Paşinyana ABŞ prezidenti və BMT baş katibinin normal münasibət bəsləməsinə də reaksiya verdi: "Dünyada təsdiqini tapmayan bir forma var ki, müxalifət iqtidara gəlirsə, guya burada hər şey demokratikdir. Onlar məhz bu prinsipi əldə rəhbər tutaraq o cür mövqe sərgiləyiblər. Söhbət ondan gedir ki, Ermənistanda insanlar Paşinyanı seçmək istəmirdilər. Onlar, sadəcə, köhnə idarəçiliklə yola davam etmək, korrupsioner, hərbi rejimin hakimiyyəti altında qalmaq istəmirdilər. Buna etiraz edirdilər, yoxsa Paşinyana dəstək vermək fikirləri yox idi. Ortaya kim çıxsaydı, ona səs verəcəkdilər, yaxud onu hakimiyyətə gətirəcəkdilər”.
Politoloq Arzu Nağıyev isə "Yeni Müsavat”a bildirdi ki, mövcud gərginliklərə baxmayaraq, danışıqların davam etdirilməsi yaxşı haldır: "Ən azından o halda müharibə olmayacaq və əlbəttə, buna heç regional və qlobal aktyorlar da imkan verməyəcəklər. Təəssüf ki, BMT və ATƏT səviyyəsində yenə də deklorativ bəyanatlar səslənir, qəbul olunan qətnamələr yerinə yetirilmir və ümumiyyətlə, icra mexanizmi yoxdur. Paşinyan Nyu-Yorkdakı sessiyaya getməzdən əvvəl Azərbaycana müharibə elan edib, BMT-dəki çıxışında isə münaqişənin sülh yolu ilə həllindən danışıb. Bir tərəfdən Azərbaycanı sülhə çağırır, bildirir ki, Qarabağ Azərbaycanın tərkibində olmamalıdır. Eyni zamanda ermənilərin Dağlıq Qarabağda Azərbaycanın tərkibində yaşamaq istəmədikləri və guya Bakının münaqişə tərəfi kimi Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlara başlamalı olduğu ilə bağlı fikirlər səsləndirməklə bütün dünyanın fikrini yayındırmaq istəyir. Belə bir paradoks yaranır: Ermənistan müharibə istəmir və eyni zamanda sülh danışıqlarına getmir. Deməli, Paşinyanın daxili və xarici siyasəti absurddur, həm müharibədən, həm də sülhdən qorxur”.
A.Nağıyevin fikrincə, Ermənistan rəhbərliyinin əsas məqsədi vaxtı uzatmaq və seçkilərə qədər Qarabağ "kartı”ndan öz məqsədləri üçün istifadə etməkdir. Ancaq politoloq danışıqlarda daha açıq və aydın mövqenin ifadə olunmasını zəruri sayır: "Görüşləri davam etdirmək üçün konkret suallar qoyulmalı və cavab alınmalıdır. Əks halda, görüşlər naminə görüşlərin keçirilməsi də məqsədəuyğun deyil”.
Qeyd edək ki, Azərbaycan XİN Paşinyanın sərsəm bəyanatını cavabsız qoymayıb. "İlkin təəssürat ondan ibarətdir ki, Ermənistanın baş naziri özünün adlandırdığı ”məxməri inqilab"ın hələ də təsiri altındadır, populist və olduqca ziddiyyətli ritorikadan çıxış edərək BMT Baş Assambleyasını Gümrü və İrəvan küçələri ilə səhv salıb". Bu barədə BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyətinin bəyanatında deyilir. Ermənistanın baş naziri sessiyadakı çıxışında deyib ki, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində ola bilməz. Onun fikrincə, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması yeni "erməni soyqırımı” deməkdir. Azərbaycan XİN-in yaydığı sənəddə deyilir ki, Ermənistan baş nazirinin bəyanatı Azərbaycana qarşı müharibənin başlanılması, onun ağır nəticələrinə görə məsuliyyəti və faktları rədd etmək üçün növbəti uğursuz cəhddir. Bakı Azərbaycanın konstitusional və hüquqi çərçivəsi daxilində Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının bərabər və tam iştirakı ilə digər məsələlərin cavablandırılması üçün lazımi şərtləri yaradacaq. "Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və belə olaraq qalacaqdır. Azərbaycan torpaqlarının hərbi işğalı müvəqqətidir və heç vaxt Ermənistan tərəfindən arzu edilən nəticələri verməyəcək. İrəvan öz xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaq kimi faydasız cəhdlərindən əl çəkməli, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə əməl etməlidir”, bəyanatda qeyd edilir.
Deməli, danışıqlar ancaq bu şərtlər daxilində davam etdirilə bilər. Əks halda, söz Azərbaycan əsgərinin olacaq.
Elşad PAŞASOY