"Azərsu”ASC gördüyü işin müqabilində "Metlab” türk şirkətinə 3 milyon manatı vermir”. Cumhuriyyet.az Zəki Mirağayev feysbukda paylaşıb. Onun sözlərinə görə, bunun nəticəsində, həmin şirkət pulunu ala bilmədiyindən Azərbaycanı tərk edib. Məhkəməyə də müraciət etməyiblər. İddialara görə Türkiyə-Azərbaycan əlaqələrinə zərər gəlməsin deyə geri çəkiliblər. Yuxarı səviyyələrdə – səfirlik və s. işi həll etməyə çalışıblar, amma alınmayıb. Yəni, səfirlik problemi düzəldə bilməyib. "Azərsu” isə səbəb göstərib ki, Maliyyə Nazirliyi vəsait ayırmalıdır. Bu şirkət Bakıda smart sayğacları quraşdıran şirkət idi. Bir ilə yaxın olar ki, Bakını tərk edib. Ümumiyyətlə, "AZƏRSU” ASC-nin sədri Qorxmaz Hüseynov haqqında mətbu orqanlarda dəfələrlə tənqidi yazılar getməsinə baxmayaraq və eyni zamanda rəhbərlik etdiyi böyük bir təşkilatda saysız-hesabsız qanun pozuntuları davam edir.Cumhuriyyet.az olaraq bu yazımızda isə «AZƏRSU» ASC ilə bağlı daha qaranlıq mövzulara toxunacağıq.
Nizaməddin Rzayevin yenidən «AZƏRSU» ASC-ya gətirməkdə məqsəd
Ölkə başçısı İlham Əliyevin məlum sərəncamı ilə 14 fevral 2011-ci ildə işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilən Nizaməddin Rzayevin yerinə, Prezidentin 16 fevral 2011-ci il tarixli sərəncamı ilə Qorxmaz Hüseynov təyin olunur. Məlum məsələdir ki, Dövlət başçısı kimisə nöqsanlarına görə işdən azad edirsə, deməli, həmin şəxs o işə layiq deyil. Lakin buna baxmayaraq, Q.Hüseynov bir müddət sonra Prezidentin sərəncamına qarşı çıxaraq, Nizaməddin Rzayevi «AZƏRSU» ASC-də sədrin I müavini Teyyub Cabbarova müşavir təyin edib. Maraqlıdır ki, Teyyub Cabbarov nə qədər ağır və mühüm bir dövlət əhəmiyyətli vəzifə icra edir ki, hələ ona müşavir də verilir. Nəisə…
Fətullah Gülənlə isti əlaqələr və MTN-lə bir milyonluq anlaşma
Araşdırmalar zamanı cumhuriyyet.az olaraq daha bir ciddi faktla rastlaşdıq. Bizə məlum oldu ki, 2012-2013-cü illərdə Qorxmaz Hüseynov dəfələrlə Türkiyə Cümhuriyyətində fövqəladə dəvətlərdə olmuşdur. Hətta ilk dəfə dəvət alanda, o, «Lotos» şirkətinə məxsus xüsusi təyyarə ilə Nurçu şəbəkəsinin rəhbəri ilə getmişdir. Türkiyədə Nurçuların toplantısından xüsusi tapşırıq alan Q.Hüseynov, Azərbaycana qayıdan kimi Nurçulardan ibarət mühəndis, texniki işçilər şəbəkəsi yaratmışdır. «AZƏRSU»-da yaranan bu qurumun gələcəkdə Azərbaycana hansı dəhşətli faciələrə səbəb olacağı, seçkidən sonra Türkiyənin preidenti R.T.Ərdoğanın Azərbaycana ilk səfəri zamanı məlum oldu. Ərdoğanın səfəri zamanı Nurçular haqqında siyahısında Q.Hüseynovun və şəbəkəsinin də adı varmış. O zaman sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudov Qorxmaz Hüseynovu nazirliyə çağırmış və aralarında bir milyon dollar civarında sövdələşəndən sonra dostlaşıblarmış.
Qohumluğun korrupsiya triosu: Yusifəli,Məhəmməd və Namiq…
«Azərsu»ya ayrılan vəsaitlərin qohumlar arasında bölüşdürülməsindən bəhs olunurdu. Bu istiqamətdə cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı da ilginc faktlar üzə çıxıb və göstərilib ki "Azərsu” ASC-də Qorxmaz Hüseynovun rəhbərliyi altında aparılan maxinasiya sistemində əsasən üç şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı Namiqdir. Həmin araşdırma yazısını diqqətinizə çatdırırıq:
Yusifəlinin boru və qum biznesi
Qeyd edək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni «qayda»lar tətbiq edib. Həmin «qaydalara» əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumdan örtülməlidir. Və məsələ belə əsaslandırılır ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir.
Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacıoğluya verilməsidir. Belə ki, 2011-ci ildən etibarən Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn, Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır.
Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir. Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar. Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.
«Sənaye Tikinti-M»in «parlayan ulduzu»
Araşdırmalar zamanı o da məlum olub ki, Qorxmaz Hüseynovun rəhbəri olduğu qurumun böyük və pullu işlərini tapşırdığı digər bir şəxs isə elə qardaşıdır. Məhəmməd Hüseynov öz adına «Sənaye Tikinti-M» adlı MMC yaradıb və onun sayəsində nəinki «Azərsu»nun tenderlərində, həmçinin rayonlarda təşkil olunan tikinti işlərində də iştirak edir. Qardaşının şirkəti təkcə 2011-ci ildə «Azərsu» üçün Korgöz qəsəbəsinə su xəttinin çəkilişi üçün 1,5 milyon manat pul alıb. Amma bu şirkət rayonlardakı əksər su xətlərinin çəkilişində də pay sahibidir. Məhəmməd Hüseynovun adı həmçinin dəyəri 15-20 milyon dollar olan başqa bir layihədə də hallanır. Hətta həmin layihə ilə bağlı qalmaqallı vəziyyətin yarandığı da bildirilir. Məsələni dəqiqləşdirməyə çalışırıq.
Qayın qardaşdan irəlidir
«Azərsu» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı «Azərsu»da kimsəyə sirr olmayan məsələdir. Namiq Cəbrayılovun «udduğu» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri «Azərsu» prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir. Namiq Cəbrayılova məxsus "Hidro İnşaat Servis” MMC ilə bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlara əsasən bildirək ki, adıçəkilən şirkətə ASC sədrinin tapşırığı ilə onun ən yaxın adamı Yavər Miriyev rəhbərlik edir. Bu həmin Yavər Miriyevdir ki, şirkətin Bakı şəhərində həyata keçirdiyi böyük bir layihədə işçilərin əmək haqqısının yarı hissəsini kəsərək gündəmə gəlib. Həmin vaxt Yavər Miriyev əmək haqlarının 2 ayının kəsilməsini başının dərdə olması ilə izah edərək buna görə hüquq-mühafizə orqanlarındakı yüksək rütbəli şəxslərə 300 min manat rüşvət verdiyini iddia edib. Mənbə bildirir ki, «Hidro-İnşaat Servis» MMC-nin iştirka etdiyi bütün layihələrdə həyata keçirilən işlərin qiymətləri ən azı 5 dəfə şişirdilib. Şişirdilən rəqəmlərdən isə Yavər Miriyevlə ASC sədri Qorxmaz Hüseynov və onun qaynı Namiq Cəbrayılov külli miqdarda qazanc əldə ediblər. Buna misal olaraq, bir neçə rayonda yaradılan böyük təsərrüfat sahələrdini və on hektarlarla istixanaları göstərmək olar. Məhz Yavər Miriyevlə Namiq Cəbrayılov adı çəkilən rayonda özlərinin şəxsi kənd təsərrüfatı sahələrinə milyonlarla manat vəsait xərcləyiblər.
Məlumatda vurğulanır ki, Yavər Miriyev hər zaman "Azərsu” ASC sədri Qorxmaz Hüseynov və qaynı Namiq Cəbrayılovla isti yaxın münasibətlərindən gen bol danışır. Şirkət rəhbəri bir neçə məclisdə Qorxma Hüseynova Quba rayonun Qəçrəş kəndində möhtəşəm villa tikdirdiyini, həmçinin Türkiyədə ASC sədrinə ev tikdirməsini dəfələrlə dilinə gətirib. Məlumatlı mənbə cumhuriyyet.az-a adıçəkilən şirkətin layihələrində istifadə olunan texnikaların əslində bir çoxunun Yavər Miriyevin qardaşı Şakir Miriyevə məxsus olduğunu və müqavilənin onunla bağlanaraq ay ərzində külli miqdarda vəsaiti mənimsədiklərini bildirib. Şirkətdə işçilərə və görülən işlərə nəzarəti isə digər qardaş Rəşid Miriyev həyata keçirib. İddia olunur ki, Miriyev qardaşlarının "Hidro İnşaat Servis” MMC -dəki maxinasiyalar vasitəsi qazandıqları çirkli pulun miqdarı ən azı 20 milyon manatdan çoxdur. Çünki hər üç qardaş həm Bakıda, həm də Hacıkənddə eyni stildə dəbdəbəli vilalar inşa ediblər. Görəsən, qiyməti milyon manatlarla dəyərində olan bu villaları Miriyev qardaşları necə əldə ediblər? Bundan başqa, paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qardaşlara məxsus bir neçə bina evi və bir sıra obyektlər var.
Qorxmaz Hüseynovun digər qardaşının gizli dünyası: icra başçısı ilə "Məxməri” restoranında…
Son günlər "Su Şefi”nin digər qardaşı Faiq Hüseynov barədə iddialar yayılmaqdadır. Belə ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı, ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini vəzifəsində çalışan Faiq Hüseynovla bağlı cumhuriyyet.az-a yeni faktlar daxil olub. Həmin məlumatlarla tanış olmazdan öncə isə bəzi xatırlatmaları etmək istərdik. Xatırladaq ki, Faiq Hüseynov indiki vəzifəsinə qədər ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəis müavini vəzifəsində işləyib.
Məlumatlı mənbənin bildirdiyinə görə, Faiq Hüseynov Bakıda və respublikanın bir çox yerlərində biznes obyektlərinə və villalara sahibdir(onlardan bəzilərinin fotolarını aşağıda sizə təqdim edirik). Bu sırada Şabran rayonunun Zeyvə və Gilavar kəndlərində tikilən, qiyməti milyonlarla ölçülən imarətlər xüsusilə seçilir. Deyilənə görə, ARDN vitse prezidenti Mikayıl İsmayılovla yaxın münasibətləri olan F.Hüseynov bu villaların da ona dostu tərəfindən hədiyyə edildiyi bildirir. Yeri gəlmişkən Faiq Hüseynovun öz həmyerlisi "Qaçqınkom” rəhbəri Əli Həsənovun da adından "o mənim dayımdır” deyə bəhrələndiyi gələn məlumatlar arasındadır. Eyni zamanda mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə F.Hüseynov qardaşının yaxın qohumu olan Bakı rayonlarından birinin icra başçısı ilə "Məxməri” restoranında tez-tez kef məclisləri qurmağı sevir.