Şəfəqə Doğru » Manşet » Komitə bahalaşmanı gizlədir: Bazar və rəqəm uzlaşmır - "Dövlət rəqəm açıqlayarkən müstəqil hesablamaları nəzərə almağa məcburdur"

Komitə bahalaşmanı gizlədir: Bazar və rəqəm uzlaşmır - "Dövlət rəqəm açıqlayarkən müstəqil hesablamaları nəzərə almağa məcburdur"

Komitə bahalaşmanı gizlədir: Bazar və rəqəm uzlaşmır - "Dövlət rəqəm açıqlayarkən müstəqil hesablamaları nəzərə almağa məcburdur"
Yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6 faiz təşkil edib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, hesabat dövründə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sentyabrda-avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb. Ay ərzində un, manna yarması, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, kərə, zeytun və günəbaxan yağları, xiyar, pomidor, yerkökü, kartof, bananın qiymətləri artıb. Yumru düyü, qarabaşaq yarması, limon, naringi, alma, armud, nar, qarpız, yemiş, üzüm, göyərti, şirin bibər, badımcan, göy lobya, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parça, geyim, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, məişət cihazları, kiçik elektrik cihazları, oyuncaqlar, kitablar, dəftərxana ləvazimatları, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma qeydə alınıb. Müalicə ləvazimatları və cihazları, minik avtomobilləri, velosipedlər, mobil telefonlar və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma olub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında avqust ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazları, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarında təhsil haqqı bahalaşıb. Respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Müstəqil ekspertlər isə rəsmi açıqlamalarda Azərbaycanda real inflyasiyanın azaldıldığını düşünürlər.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında burada iki önəmli məsələnin olduğunu deyib: 

"Birinci, qiymət artımı ötən ilin 9 ayına müvafiq götürülür. Ötən il isə Azərbaycanın son 10 illik tarixində ən yüksək inflyasiya qeydə alınmışdı. Yəni, 2017-ci ildə qiymətlər kifayət qədər sürətlə qalxmışdı, ərzaq inflyasiyası 17 faizə yaxınlaşmışdı. Statistika Komitəsi ötən il artıq bahalaşan qiymətlərin fonunda hesablamalar aparır. Rəqəmlər buna görə bir qədər aşağı alınıb. Ümumiyyətlə, Statistika Komitəsinin metodologiyasında problemlər var. Komitənin metodologiyası qiymətləri ən aşağı həddindən hesablamaya köklənib. Məsələn, bazarlarda müxtəlif qiymətlərə kartof satılır. Qiymətlər kartofun istehsal olunduğu bölgələrə görə dəyişilir. Statistika Komitəsi bunu ümumiləşdirmək əvəzinə, ən aşağı qiyməti götürüb ötən ilin müvafiq dövrünə uyğun hesablamalar aparır. Əlbəttə, bu, doğru yanaşma deyil”.

Ekspertin qənaətincə, statistika iqtisadi kateqoriyalardan daha çox, öncədən səsləndirilən rəqəmlərin təsdiqinə yönəlib. İnkişaf etmiş ölkələrdə statistika çoxşaxəli model üzərində aparılır. Yəni, tək dövlət tərəfindən yox, bir çox müstəqil hesablama mərkəzləri, sivil toplum quruluşları, hətta biznes çevrələri də hesablamalar aparır. Azərbaycanın ən çox izlədiyi Türkiyəni götürsək, burada rəsmi statistikadan əlavə, həmkarlar komitəsi, sivil toplum platforması və başqa təşkilatlar da hesablamalar aparır. Bu hesablamalar ümumilikdə bir-birinə yaxın olur və dövlət də rəqəm açıqlayarkən müstəqil hesablamaları nəzərə almağa məcburdur. Çox təəssüf ki, Azərbaycanda Dövlət Statistika Komitəsindən başqa alternativ hesablama apara bilən qurumlar yoxdur. Buna görə də söylənən hesabatı başqa rəqəmlərlə müqayisə etmək, uzlaşdırmaq mümkün deyil. İnsanların real müşahidəsilə statistik rəqəmlər arasında ciddi bir uçurum yaranır”.